Böyük sənətin yolçuları da hər zaman böyük olur. Öz alınyazılarını da özləri yazırlar, öz cığırlarını da özləri salırlar… Tarixin yaddaşında sözdən heykəl yonanların mövqeyi hər zaman sözün özü kimi əlçatmaz olur.
Böyük sənətkar olmaq heykəlləşmək, bürüncə bükülüb parkların bir küncündə əbədiyyətə qovuşmaq deyil. Əsl dahilik o zaman başlayır ki, sənətkar öz dövrünün məngənəsində, qılıncın ağzında yaşayır, həm işıq saçır, həm də kölgə salır. Azərbaycan ədəbiyyatının göylərində parlayan ilk Xalq şairimiz Səməd Vurğun obrazı da məhz bu ziddiyyətlər kosmosudur. Bir tərəfdən bulaq suyu kimi saf, ana dilinin ən incə simlərinə toxunan misralar, digər tərəfdən isə o dövrün qəddar siyasi küləklərinin sənətkarın iradəsinə vurduğu zərbələr...
Etiraf edək ki, Səməd Vurğunun dilə münasibəti sadəcə yaradıcılıq deyil, əsl filoloji möcüzədir. O, Hüseyn Cavidin belə tam çözə bilmədiyi dil düyününü öz xalqına xas təbii intuisiya ilə açdı. Xalqın içindən gələn, aşıqların məclislərində bişən o axıcı dil Səmədin qələmində Azərbaycanın ruh pasportuna çevrildi. Eynilə Kamsamal poemasındakı kimi: “Ayazlı-şaxtalı bir qış axşamı...” O qədər rəvandır ki, oxuduqca özünü qarlı düzlərdə, ocaq başında hiss edirsən.
Amma məsələ burasındadır ki, bu qədər böyük istedad sahibi olan bir insan eyni zamanda sovet ideologiyasının maşınında əzilən, bəzən o maşının çarxına öz əli ilə daş daşıyan fərdə çevriləndə faciə dərinləşir. Cümhuriyyət şairlərinə, Məmməd Əminə ünvanlanan o sərt, qılınc çəkən misralar bu gün də cəmiyyətdə müzakirə olunur, qəbul edilmir. İnsan haqlı olaraq düşünür: Görəsən, o qədər parlaq zəka sistemin təzyiqi qarşısında nə qədər sərbəst idi? Mircəfər Bağırovun rəhbərlik etdiyi o qorxunc salonda əlifba dəyişikliyinə təkbaşına etiraz edəcək qədər cəsur olan bir adam, necə olurdu ki, siyasi küləklərin qarşısında əyilməli olurdu?
Sənətkarın cənnəti ilə cəhənnəmi arasındakı sərhəd var idi
Bəlkə də Səməd Vurğunun ən böyük bəxtsizliyi və ya faciəsi məhz sovet dövrünə tuş gəlməsi idi. Əgər o, başqa bir tarixi erada yaşasaydı, bəlkə də Nizaminin, Füzulinin davamçısı kimi bəşəri miqyasda tanınan təkadamlıq imperiya olardı. Amma o, zamanın gətirdiyi yükü daşıdı. Müşfiqin həbsdən qurtulması üçün Bağırovun qapısına gedib “artıq gecdir” cavabını alanda keçirdiyi o daxili sarsıntını heç bir şeir ölçə bilməz. Bu, sadəcə bir şairin deyil, bütün bir millətin intellektual vicdanının sarsıntısı idi.
Maraqlıdır ki, bu qədər ziddiyyətlərin içində Səməd Vurğun yenə də böyüklük nümayiş etdirə bilirdi. Özündən sonrakı gənclərin Bəxtiyar Vahabzadənin, Əliağa Kürçaylının, Aşıq Şəmşirin cəmiyyətə qazandırılmasında, tanınmasında məhz onun səxavəti dayanırdı. Özündən güclü bir şairə Bəxtiyara “məndən yaxşı şairdir” deyəcək qədər alicənablıq hər adamın hünəri deyil. Bu, onun daxilindəki paxıl olmayan, əksinə, istedadı sevən həqiqi sənətkar ruhunun təzahürü idi.
Bu gün biz Səməd Vurğuna necə baxmalıyıq? Tarixi şəxsiyyətləri qara və ya ağ rəngdə görmək ən asan yoldur. Amma həyat həmişə bozun min çaları ilə nəfəs alır. Səməd Vurğun Azərbaycanın ilk Xalq şairidir. Bu, status deyil, xalqın ona verdiyi sevginin təsdiqidir. O, həm səhvləri, həm böyük zirvələri, həm ideoloji yanıqları, həm də ana dilinə bağışladığı ölməz abidələri ilə bütöv bir epoxadır.
Ziddiyyətli olmaq həm də canlı olmaq deməkdir. Daşlaşmış heykəllər səhv etmir, çünki onlar hiss etmir. Səməd Vurğun isə hiss edirdi, yanılırdı, peşman olurdu, yaradırdı və xalqının yaddaşına əbədi həkk olunurdu. Bəlkə də əsl qiymət məhz budur: tarixin toz-torpağı çökəndən sonra geriyə qalan təmiz misralar və xalqın yaddaşındakı səmimi sima…
Tural İbrahim
Yazıçı-publisist
Azərbaycan yazıçılar birliyinin və Dünya gənc türk yazarlar birliyinin üzvü.
