8 Noyabr – Zəfər Günü münasibətilə Laçın rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində “Böyük qayıdışın Zəfər bayramı” adlı konsert proqramı təşkil olunub.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin və “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Konsert proqramından əvvəl tədbir iştirakçıları Laçın şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Laçın rayon axundu Əsgər Məmmədov tərəfindən onların ruhuna dualar oxunub. Daha sonra Şəhidlər xiyabanına əklil və gül dəstələri qoyulub.
Bayram tədbiri “Lacinema” kino mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin xalqımızın yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.
Çıxışda 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs olunub.
Vətən uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığının heç vaxt unudulmayacağı, qazilərin fədakarlığının daim ehtiramla yad ediləcəyi qeyd olunub. Zəfərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və milli qürur hissinin möhkəmləndirilməsində əhəmiyyəti vurğulanıb.
Daha sonra Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın qazandığı tarixi Zəfərin xalqımızın milli birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümü olduğunu vurğulayıb. Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulmasının, onların əziz xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd edib.
Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Murad
