Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Sacilər dövlətinə məxsus qızıl dinar qorunur.
Muzeydən Herbiand.az-a bildirilib ki, IX əsrin sonu – X əsrin əvvəllərində mövcud olmuş Sacilər dövlətinin tarixi və numizmatik irsini əks etdirən bu pul vahidi Yusif ibn Əbu-s-Sacın adından hicri 293-cü ildə (miladi 912–913-cü illər) Ərdəbil şəhərində zərb edilib. Həmin dövr Sacilər dövlətinin siyasi və iqtisadi baxımdan ən qüdrətli mərhələlərindən biri hesab olunur.
Çəkisi 4,54 qram olan qızıl dinar dövrün pul dövriyyəsi, zərbxana fəaliyyəti və dövlətçilik ənənələri haqqında məlumat verən qiymətli tarixi numizmatik nümunədir. Bu cür sikkələr yalnız iqtisadi münasibətlərin deyil, həm də orta əsrlərdə Azərbaycanın siyasi hakimiyyətinin, dövlətçilik tarixinin və mədəni irsinin öyrənilməsi baxımından mühüm mənbə hesab olunur.