Advertisment

“Qənaət adı altında canlıları susuz qoymaq olmaz"- Kommunal qurumlara çağırış

Şəhər həyətlərində əvvəllər sakinlərin istifadəsində olan ümumi su bulaqları təkcə məişət ehtiyaclarını deyil, həm də ekoloji tarazlığın qorunmasını təmin edən mühüm mənbələrdən biri idi. Həmin bulaqlardan sahibsiz heyvanlar su içir, sakinlər isə ağacları, kolları və digər yaşıllıqları sulayırdılar.

Son illər bu su mənbələrinin bir çoxunun ləğv edilməsi xüsusilə isti yay aylarında ciddi problemlər yaradır. Suya çıxışın məhdudlaşması sahibsiz heyvanları susuz qoymaqla yanaşı, şəhər yaşıllıqlarının quruması riskini də artırır. Bəs həyətlərdə su kranlarının ləğvinin yaratdığı bu problemin həlli necə tapılmalıdır?

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, əvvəllər yaşayış binalarının həyətlərində quraşdırılan ümumi su kranları yalnız məişət ehtiyacları üçün deyil, həm də ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı:

“Həmin kranlardan sahibsiz heyvanlar su içir, sakinlər isə həyətlərdəki ağacları, kolları və gül kollarını sulayırdılar. Təəssüf ki, belə su mənbələrinin bir çoxunun ləğv edilməsi şəhər mühitində əlavə ekoloji və sosial problemlər yaradıb. Ekoloji baxımdan suya çıxışın məhdudlaşması xüsusilə yay aylarında daha ciddi fəsadlara səbəb olur.

Yüksək temperatur və uzunmüddətli quraqlıq şəraitində sahibsiz heyvanlar içməli su tapmaqda çətinlik çəkirlər. Susuzluq heyvanların sağlamlığına təhlükə yaratmaqla yanaşı, onların şəhər mühitində yaşamasını da çətinləşdirir.

Digər tərəfdən, həyətlərdəki ağac və kolların müntəzəm suvarılmaması yaşıllıqların qurumasına, bəzi hallarda isə yanğın riskinin artmasına gətirib çıxarır. Ağacların quruması təkcə estetik problem deyil, həm də şəhərin mikroiqliminə, havanın keyfiyyətinə və biomüxtəlifliyə mənfi təsir göstərir”.

Ekoloq bildirib ki, bu problemin həlli üçün həyətlərdə və ictimai məkanlarda ekoloji məqsədli su məntəqələrinin yaradılması vacibdir. “Kommunal xidmətlər və yerli icra strukturları əvvəlki su kranlarının bərpası imkanlarını araşdırmalı, lakin bu sistemlərə sərf olunan suya ciddi nəzarət mexanizmi də tətbiq etməlidirlər.

Hər bir yaşayış massivində sahibsiz heyvanların təhlükəsiz şəkildə su içə bilməsi üçün xüsusi su qabları və mütəmadi doldurulan məntəqələr quraşdırıla bilər. Yaşıllıqların suvarılması üçün isə texniki və ya təkrar istifadə üçün uyğunlaşdırılmış sudan yararlanmaq, damcı suvarma sistemlərini genişləndirmək mümkündür.

Bununla yanaşı, sakinlərin, bələdiyyələrin, kommunal qurumların və ictimai birliklərin birgə fəaliyyətinə ehtiyac var. Hər bir məhəllədə ağacların və su məntəqələrinin vəziyyətinə nəzarət edən könüllü təşəbbüs qrupları yaradıla bilər.

Unutmamalıyıq ki, şəhərin ekoloji təhlükəsizliyi yalnız böyük parkların salınması ilə təmin olunmur, həyətlərdəki bir ağacın, bir damcı suyun və bir canlının həyatının qorunması da bu işin tərkib hissəsidir. Suya qənaət etmək vacibdir, lakin qənaət adı altında canlıların həyati suya çıxışını tamamilə məhdudlaşdırmaq düzgün yanaşma deyil.

Şəhərsalma və kommunal təsərrüfat siyasətində insanlarla yanaşı, heyvanların və yaşıllıqların da ehtiyacları nəzərə alınmalıdır”-deyə, o, bildirib.

Aydın

Herbiand.az