Advertisment

“Azərbaycanın Asiya istiqamətində mövqeləri möhkəmlənir”-Politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri Bakı ilə Hanoy arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə kimi diqqət çəkir. Noyabrın 19–21-də baş tutan səfər iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi və yeni iqtisadi imkanların yaradılması məqsədi daşıyıb. Səfər çərçivəsində siyasi dialoq, enerji, ticarət, investisiya, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. 

Prezident İlham Əliyevin Vyetnamın ali rəhbərliyi ilə görüşləri və bir sıra ikitərəfli sənədlərin mübadiləsi səfərin konkret nəticələri sırasında yer alıb. Bəs bu səfər Azərbaycanın xarici siyasət prioritetləri, Asiya regionunda iqtisadi mövqelərinin möhkəmləndirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından hansı əhəmiyyət daşıyır?

“Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” İctimai Birliyinin sədri, politoloq Taleh Əliyev Herbiand.az-a açıqlamasında bildirib ki, Prezident cənab İlham Əliyevin Vyetnama səfərini Azərbaycan–Vyetnam münasibətlərinin yeni mərhələyə yüksəldilməsi baxımından çox əhəmiyyətli bir səfər kimi qiymətləndirmək olar: “Səfərin əsas məqsədi siyasi dialoqu gücləndirmək, iqtisadi və ticarət əlaqələrini genişləndirmək, investisiya, enerji, nəqliyyat, sənaye və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir.

Səfərin digər bir mühüm məqamı Azərbaycanın Asiya regionunda diplomatik və iqtisadi mövqelərinin möhkəmləndirilməsi, yeni tərəfdaşların cəlb edilməsi və xarici siyasətdə coğrafi istiqamətlərin şaxələndirilməsi baxımından əhəmiyyətlidir.

Səfər çərçivəsində Strateji Tərəfdaşlığın inkişafına dair birgə bəyanat qəbul edilməsi, enerji, bərpaolunan enerji, iqtisadiyyat, ticarət, təhlükəsizlik, nəqliyyat və humanitar sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair razılaşmalar əldə olunmasını isə çox uğurlu nəticə hesab etmək olar. Xüsusilə, SOCAR–PetroVietnam əlaqələrinin inkişafı, Günəş və külək enerjisi layihələri, Orta Dəhliz vasitəsilə logistika imkanları və birbaşa aviareyslərin perspektivi olduqca çox önəmlidir.

Ümumilikdə, bu səfər Azərbaycanın xarici siyasətində pragmatik diplomatiyanın, iqtisadi tərəfdaşlıqların genişləndirilməsinin və Asiya istiqamətində strateji əlaqələrin gücləndirilməsinin mühüm nümunəsidir. Əldə olunan razılaşmaların real layihələrə çevrilməsi isə səfərin uzunmüddətli uğurunu müəyyən edir”.

Məhəmməd Əliyev
Herbiand.az