Advertisment

Səfərbərlik Xidmətində antikorrupsiya tədbirləri və rəqəmsallaşma müzakirə olunub-FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiyaya qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatları və media subyektləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə növbəti görüş keçirilib.

Herbiand.az xəbər verir ki, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Dövlət Xidmətinin fəaliyyətində şəffaflığın və dürüstlüyün təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, tətbiq olunan innovasiyalar və antikorrupsiya tədbirlərinin icra vəziyyəti müzakirə olunub.

Çıxışlar zamanı idarəetmədə sağlam və dürüst mühitin formalaşdırılması, korrupsiya risklərinin minimuma endirilməsi, eləcə də qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Bildirilib ki, xidmət sahələrinin rəqəmsallaşdırılması bürokratik maneələrin aradan qaldırılmasına, şəffaflığın artırılmasına və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Görüşdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində tətbiq olunan yeniliklərə də xüsusi diqqət yetirilib. Qeyd olunub ki, vətəndaş məmnunluğunun artırılması məqsədilə fərdi hərbi uçot məlumatlarına çıxış imkanları xeyli sadələşdirilib. Artıq vətəndaşlar inzibati binalara müraciət etmədən, “mygov” platforması vasitəsilə şəxsi hərbi uçot məlumatlarını əldə edə bilirlər.

Bununla yanaşı, təhlükəsizlik standartlarına uyğun hazırlanan rəqəmsal sənədlərin PDF formatında yaddaşda saxlanılması və digər şəxslərlə paylaşılması imkanları barədə iştirakçılara ətraflı məlumat verilib.

Görüşün sonunda müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Aydın

Herbiand.az