Advertisment

“Bir boşluq bütün sistemi çökdürə bilər” -Ekspertdən Sİ ilə bağlı xəbərdarlıq

Süni intellekt müasir dünyada iqtisadiyyatın, dövlət idarəçiliyinin və təhlükəsizlik sistemlərinin inkişaf istiqamətini dəyişən əsas texnologiyalardan birinə çevrilib. Azərbaycan üçün bu texnologiyanın tətbiqi neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı və rəqəmsal iqtisadiyyatın gücləndirilməsi baxımından yeni imkanlar yaradır. Bununla yanaşı, texnoloji asılılıq, kibertəhlükəsizlik təhdidləri və ixtisaslı kadr çatışmazlığı kimi problemlər də aktuallıq qazanır. Süni intellektin yaratdığı imkanlardan səmərəli istifadə etmək üçün innovasiya ilə yanaşı, milli rəqəmsal təhlükəsizliyin təmin edilməsi də vacibdir.

Bəs Azərbaycan bu texnoloji transformasiyadan necə yararlana bilər və rəqəmsal gələcəyin çağırışlarına nə dərəcədə hazırdır?

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) əməkdaşı, kibertəhlükəsizlik üzrə mütəxəssis Yusif Süleymanlı Herbiand.az-a açıqlamasında bildirib ki, süni intellekt Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional texnoloji mərkəzə çevrilmək baxımından geniş imkanlar açır:

“Məsələyə Azərbaycanın milli maraqları prizmasından yanaşsaq, süni intellektin ölkəmiz üçün yaratdığı imkanları bir neçə istiqamətdə qiymətləndirmək olar. İlk növbədə, sürət və səmərəlilik ön plana çıxır. Dövlət xidmətləri, o cümlədən ASAN Xidmət, səhiyyə, təhsil və bank sektoru süni intellektin tətbiqi ilə daha çevik və effektiv fəaliyyət göstərə, bürokratik maneələr isə minimuma endirilə bilər. Digər mühüm istiqamət iqtisadiyyatın şaxələndirilməsidir. Süni intellekt neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı üçün böyük imkanlar yaradır. Bu sahəyə xarici investisiyaların cəlb edilməsi, yeni data mərkəzlərinin yaradılması və yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanması ölkənin texnoloji potensialını gücləndirə bilər. BƏƏ-nin bu sahədəki maliyyə imkanları və təcrübəsi Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi ilə birləşərsə, ölkəmizin regionun mühüm rəqəmsal və texnoloji habına çevrilməsi üçün yeni perspektivlər yarana bilər”.

Bəs süni intellektin mənfi tərəfləri və yarada biləcəyi risklər nələrdir?

Ekspert deyir ki, ilk növbədə, texnoloji asılılıq məsələsi diqqət çəkir:

“Əgər əsas dövlət və iqtisadi sistemlərimizi xarici şirkətlərin alqoritmləri üzərində qursaq, gələcəkdə həmin texnologiyaların şərtlərindən və idarəetmə mexanizmlərindən asılı vəziyyətə düşə bilərik. Bu baxımdan rəqəmsal suverenliyin qorunması xüsusi əhəmiyyət daşıyır.

Digər ciddi problem kadr çatışmazlığı və əmək bazarında yarana biləcək dəyişikliklərdir. Ənənəvi peşələrin bir qismi zamanla aktuallığını itirə, bəzi iş yerləri avtomatlaşdırma nəticəsində ixtisar oluna bilər. Lakin bu sahələrdə yaranacaq yeni tələbatı qarşılamaq üçün yerli mütəxəssis potensialımız hələ tam formalaşmayıb”.

Yusif Süleymanlı deyir ki, əsas məsələlərdən biri də Azərbaycanın mümkün kiberhücumlara nə dərəcədə hazır olmasıdır:

“Bu məsələdə xüsusilə ehtiyatlı davranmaq lazımdır. Energetika, nəqliyyat və maliyyə kimi strateji sahələrdə avtomatlaşdırma genişləndikcə, həmin infrastrukturun kiberhücumların hədəfinə çevrilmə riski də artır. Son illər ölkədə kibertəhlükəsizlik strukturlarının gücləndirilməsi istiqamətində müəyyən addımlar atılsa da, süni intellektdən istifadə edilməklə həyata keçirilən yeni nəsil kiberhücumlar daha sürətli və mürəkkəb xarakter daşıyır. Əgər rəqəmsal sistemləri mərkəzləşdirilmiş şəkildə inkişaf etdirərkən müdafiə mexanizmlərini, xüsusilə də yerli kibermüdafiə mütəxəssislərinin hazırlanmasını eyni sürətlə təmin edə bilməsək, sistemdəki bir təhlükəsizlik boşluğu bütövlükdə strateji infrastrukturun fəaliyyətinə ciddi zərər vura bilər”.

 

Məhəmməd Əliyev

Herbiand.az