Rusiyanın Samara vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) gecə hücumu nəticəsində 2,6 mindən çox yaşayış evi elektrik enerjisiz qalıb.
Herbiand.az xəbər verir ki, bu barədə regionun Energetika və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, elektrik enerjisinin verilişi 274 çoxmənzilli və 2361 fərdi yaşayış evində, eləcə də 14 sosial obyektdə dayandırılıb.
Bildirilib ki, hücum nəticəsində 110 kilovoltluq iki yüksək gərginlikli elektrik xətti zədələnib və bu səbəbdən vilayətin üç bələdiyyə ərazisində enerji təchizatında fasilə yaranıb.
Sosial obyektlərin fəaliyyəti ehtiyat dizel generatorları vasitəsilə təmin edilib. Regional nazirlik elektrik enerjisinin verilişinin bərpası istiqamətində qəza-bərpa işlərinin davam etdirildiyini və işlərin saat 20:00-dək başa çatdırılmasının planlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, noyabrın 25-nə keçən gecə Samara vilayəti Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı dron hücumuna məruz qalıb.
Regionun hava məkanında 145-dən çox PUA-nın məhv edildiyi, hücum nəticəsində bir nəfərin öldüyü, Sızran şəhərində sənaye müəssisələrinin, Samarada isə bir neçə binanın zədələndiyi bildirilir.
Aydın