Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə müəyyən irəliləyişlərə baxmayaraq, yekun müqavilənin imzalanması hələ də açıq qalan siyasi və hüquqi məsələlər səbəbindən uzanır. Tərəflərin razılaşmadığı müddəalar, Ermənistan Konstitusiyası ilə bağlı mübahisələr və qarşılıqlı şərtlər sülh prosesinin qarşısında əsas maneələr olaraq qalır. Bəs yekun razılaşmaya hansı amillər mane olur və tərəflərin mövqelərində hansı əsas fikir ayrılıqları mövcuddur?

Politoloq Asif Nərimanlı Herbiand.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivi hələ də bir sıra prinsipial siyasi və hüquqi məsələlərin həllindən asılıdır:
“Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsinin yekunlaşdırılması, yəni rəsmi şəkildə imzalanmasının önündə əsas maneə Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Bu, Azərbaycan tərəfindən də açıq şəkildə bəyan edilib, o cümlədən Ermənistan hakimiyyətinin, ən son Paşinyanın verdiyi açıqlamalar da göstərir ki, mövcud konstitusiyada xüsusən də Müstəqillik Bəyannaməsinə istinad sülhə problemdir.
Azərbaycan və Ermənistan arasında ayrı-ayrı məsələlərlə bağlı fikir ayrılıqlarının olması təbiidir. Belə fikir ayrılıqları əvvəllər də yaşanıb və sonradan danışıqlar masası arxasında öz həllini tapıb. Məsələn, sərhədlərin delimitasiyası, eləcə də hazırda aktual məsələlərdən biri olan itkin düşmüş şəxslərin taleyi ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Lakin düşünürəm ki, bu məsələlər sülh prosesinə ciddi maneə yaratmır. Əksinə, sülh sazişinin imzalanması onların həllini daha da sürətləndirə bilər. Bu baxımdan, sülh prosesinin qarşısındakı əsas maneə Ermənistanın mövcud Konstitusiyasıdır”.
Asif Nərimanlının fikrincə, hazırda nəzəri olaraq görünən budur ki, Ermənistan hakimiyyəti konstitusiyanı dəyişmək niyyətindədir: “Yeni konstitusiya layihəsinin mətni dərc olunub, orada yekun sülh sazişinin önündə əsas əngəl olan Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb. O cümlədən yeni konstitusiyada xarici siyasətin əsas prioritetlərindən biri kimi sülhün olduğu da qeyd olunur. Yeni konstitusiyanın mətninə baxdıqda Ermənistan hakimiyyətinin bu problemi həll etmək niyyəti açıq görünür. Amma bunun həyata keçirilməsi bir qədər çətindir və Paşinyan hakimiyyətinin önündə əngəllər var, o da Ermənistan parlamentindəki vəziyyətdən qaynaqlanır. Çünki yeni konstitusiya layihəsini referenduma çıxarmaq üçün parlament qərar verməlidir ki, bunun üçün də konstitusion çoxluq — parlament deputatlarının sayının üçdə ikisi lazımdır. Paşinyan hakimiyyətinin mandat sayı bu qədər deyil, revanşist müxalifət də buna dəstək vermir. Ona görə bu, çətin məsələyə çevrilib və belə gözləniləndir ki, əgər Paşinyan hakimiyyəti bunu parlamentdən keçirə bilməsə, parlamenti buraxıb yeni seçkilərə gedə bilər ki, konstitusion çoxluğu əldə etsin. Yeni konstitusiya layihəsində referendumun keçirilməsi üçün lazım olan üçdə iki səs çoxluğu beşdə üç səs çoxluğuna dəyişdirilib. Bu da o deməkdir ki, Paşinyan hakimiyyəti yeni seçkilər olacağı təqdirdə hazırkı qədər-64 mandat yerə sahib olsa belə, referendum qərarı çıxara bilər. Yəni müxalifətin yarada biləcəyi maneələrin aradan qaldırılması ilə bağlı gözləntilər var.
Bu kontekstdə baxdıqda əsas maneə budur, Azərbaycan və Ermənistan arasındakı fundamental problem də buna çevrilib”.
Politoloqun fikrincə, bu məsələdə Ermənistan hakimiyyətinin yanaşması göstərir ki, bu fundamental problem olmaqdan çıxaraq rəsmi İrəvan və Bakının eyni mövqedən çıxış etdiyi bir məsələyə çevrilib.
“Ermənistan hakimiyyətinin nəzəri olaraq göstərdiyi sülh mövqeyini praktikada həyata keçirəcəyini zaman göstərəcək. Təcrübəyə baxdıqda Ermənistana hər zaman tam inanmaq olmur; bəzən açıq şəkildə göstərilən niyyətin arxasında hər zaman öz məqsədləri olur, tarix boyu belə olub deyə, Azərbaycan cəmiyyətində bununla bağlı haqlı olaraq müəyyən suallar var. Amma gördüyümüz budur ki, Ermənistan hakimiyyəti sülh prosesini yekunlaşdırmaq üçün lazım olan əsas maneəni-konstitusiyanın dəyişdirilməsini, An Yasada Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsini həyata keçirmək niyyətindədir. Bu prosesi həyata keçirə biləcəklərsə, o zaman yekun sülh sazişinin imzalanması da reallaşacaq”.
Yunis