Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi baxımından əməkhaqqı və pensiyaların artırılması mühüm iqtisadi və sosial məsələlərdən biridir. Bununla belə, nominal gəlirlərin yüksəldilməsi real alıcılıq qabiliyyətinin də artacağı anlamına gəlmir. Çünki inflyasiya nəticəsində ərzaq, kommunal xidmətlər və digər gündəlik tələbat məhsullarının bahalaşması əldə olunan əlavə gəlirin təsirini azalda bilər. Bu baxımdan, sosial ödənişlərin artırılması iqtisadi imkanlar, qiymət dinamikası və əmək məhsuldarlığı ilə uzlaşdırılmalıdır. Bəs əməkhaqqı və pensiyaların artımı hansı iqtisadi prinsiplər əsasında həyata keçirilməlidir ki, həm inflyasiya təzyiqi yaratmasın, həm də əhalinin real gəlirlərinin yüksəlməsinə şərait yaratsın?

İqtisadçı Emin Qəribli Herbiand.az-a açıqlamasında bildirib ki, əməkhaqqı və pensiyaların artırılması iqtisadi artım, məhsuldarlıq və inflyasiya göstəriciləri nəzərə alınmaqla həyata keçirilməlidir:
“Əməkhaqqı artımları hər il baş verir və bu proses pul kütləsinin genişlənməsi ilə də müşayiət olunur. Lakin iqtisadi inkişafın təmin edildiyi ölkələrdə belə artımlar heç də həmişə yüksək inflyasiyaya səbəb olmur. Çünki iqtisadiyyatın böyüməsi və istehsalın artması əlavə pul kütləsinin bazara təsirini müəyyən qədər tarazlaşdırır. Eyni zamanda, inflyasiyanın qarşısının alınması üçün Mərkəzi Bank müvafiq monetar tədbirlər həyata keçirir. Məsələn, uçot dərəcəsi pul kütləsinin artımı və inflyasiya gözləntiləri nəzərə alınmaqla tənzimlənir. Bu mexanizmlər düzgün tətbiq edildikdə gəlirlərin artımının qiymətlərə mənfi təsiri məhdudlaşdırıla bilər”.
Ekspert hesab edir ki, inflyasiya Azərbaycanda daha çox idxaldan və dünya bazarlarında baş verən proseslərdən qaynaqlanır: “Beynəlxalq logistika xərclərinin artması, xarici bazarlarda neftin qiymətinin yüksəlməsi, eləcə də bəzi ərzaq məhsullarının qiymətindəki dəyişikliklər inflyasiyaya təsir göstərir. Rusiya-Ukrayna müharibəsi və İran ətrafında baş verən proseslər də qiymətlərə təsirsiz ötüşmür.
Düzdür, daxili amillərin də müəyyən təsiri var. Azərbaycanda inflyasiyanın təxminən 3 faizlik hissəsi yerli amillərlə əlaqəli ola bilər. Bunun da müxtəlif subyektiv səbəbləri mövcuddur. Pul kütləsinin artmasının qiymətlərə mümkün təsirlərini məhdudlaşdırmaq və inflyasiyanın qarşısını almaq məqsədilə hökumət müvafiq tədbirlər görür, xüsusilə də monetar siyasət alətlərindən istifadə edir”.
Yunis
Hebriand.az