Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə albaniyalı həmkarı Bayram Beqaya təbrik məktubu ünvanlayıb.
Herbiand.az xəbər verir ki, məktubunda Albaniya Prezidentinə və xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı qeyd edib: "Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.
Əminəm ki, birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə və daha da dərinləşməsinə nail olacağıq".
Prezident İlham Əliyev belə bir əlamətdar gündə Bayram Beqaya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.