Xəbər veridiyi kimi Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2026-cı il tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi”nin yaradılıb.
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, bu, ölkənin ekoloji siyasətinin inkişafı baxımından mühüm və strateji əhəmiyyət daşıyan qərardır.
“Müasir dövrdə meşələrin qorunması, bərpası və genişləndirilməsi yalnız ekoloji məsələ deyil, həm də milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və gələcək nəsillərin sağlam yaşayış mühitinin təmin olunması ilə bağlı strateji prioritetdir.
İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, torpaq deqradasiyası və biomüxtəlifliyin itirilməsi meşə ekosistemlərinin qorunmasını daha da aktuallaşdırır. Belə bir şəraitdə ixtisaslaşmış Meşə Təlim və Tingçilik Mərkəzinin yaradılması zərurətdən irəli gələn mühüm institusional addımdır.
Mərkəzin əsas məqsədlərindən biri meşəçilik sahəsində müasir elmi yanaşmaların tətbiqi, peşəkar kadr potensialının gücləndirilməsi və keyfiyyətli əkin materiallarının yetişdirilməsi üçün əlverişli şərait yaratmaqdır. Xüsusilə meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə olunması böyük əhəmiyyət kəsb edir.
Bu, yerli bitki genofondunun qorunmasına, nadir və qiymətli ağac növlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək. Eyni zamanda, müxtəlif iqlim və torpaq şəraitinə uyğun bitki növlərinin seçilməsi, yetişdirilməsi və artırılması meşəbərpa tədbirlərinin səmərəliliyini yüksəldə bilər”.
Ekoloq bildirib ki, mərkəzin fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl texnologiyaların tətbiqi də xüsusi yer tutmalıdır: “Meşəçilik sahəsində uğurlu təcrübəyə malik ölkələrlə elmi və praktiki əməkdaşlıq Azərbaycanın bu istiqamətdə imkanlarını genişləndirə bilər.
Düşünürəm ki, yeni qurumun fəaliyyəti yalnız ting yetişdirilməsi və təlimlərin təşkili ilə məhdudlaşmamalı, elmi tədqiqatların nəticələrinin praktik meşə təsərrüfatına tətbiqinə də töhfə verməlidir”.
İ. Həsənova hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası, Qarabağ və Şərqi Zəngəzurda biomüxtəlifliyin qorunması baxımından da bu Mərkəzin potensialından səmərəli istifadə etmək mümkündür: “Digər mühüm məsələ ictimai ekoloji maarifləndirmənin gücləndirilməsidir.
Əhali, xüsusilə gənclər arasında ağacəkmə, meşələrin mühafizəsi və təbii sərvətlərə məsuliyyətli münasibət mədəniyyətinin formalaşdırılması bu prosesin ayrılmaz hissəsi olmalıdır.
Əminəm ki, Mərkəzin fəaliyyəti elmi potensial, beynəlxalq əməkdaşlıq və praktiki nəticələr üzərində qurularsa, Azərbaycanın meşəçilik sisteminin inkişafına, ekoloji tarazlığın qorunmasına və ölkənin dayanıqlı inkişaf hədəflərinə mühüm töhfə verəcək”.
Aydın
Herbiand.az