Şanlı zəfərimizdə elə əməliyyatlar var ki, birbaşa Vətən müharibəsinin taleyinə təsir edib. Şuşaya aparan yolun kilid nöqtəsi sayılan Hadrut döyüşləri də bu əməliyyatlardan biri idi. Əməliyyat uğurla icra edildi, Camal İsmayılov isə bu zəfərin qəhrəmanlarından biri oldu.
Camal Vidadi oğlu İsmayılov 7 iyul 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1986-cı ildə ailəsi ilə birlikdə Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə köçüb. İlk təhsilini burada rus dilində alıb. 1991-ci ildə Azərbaycana qayıdan Camal orta təhsilini Neftçalada davam etdirib. Ailəsinin Camalla bağlı arzularından biri onu həkim kimi görmək idi. Lakin Camalın arzusu başqa idi...
Camal İsmayılov 2002-ci ildə həqiqi hərbi xidmətə çağrılır. Elə onun arzusunun başlanğıc nöqtəsi də məhz bu xidmət olur.
Vətənoğlu xidməti müddətində xüsusi təyinatlı qüvvələrin kəşfiyyat və rabitə qrupuna seçilir. Ömrünün on səkkizinci baharında o arzusuna çatır və sonrakı 18 il ərzində Xüsusi Təyinatlı olaraq sevdalısı olduğu vətəninə xidmət edir.
Camal İsmayılov bilirdi ki, xidmət etdiyi ordu mütləq öz torpaqlarını azad edəcək, əzəli yurduna qayıdacaq. Bunun ilk addımı isə peşəkar ordu mənsublarından, savadlı bilikli kadr hazırlığından başlayır. Cəsur döyüşçü özünü peşəkar kəşfiyyatçı kimi formalaşdırıb, nəzəri biliklərini və praktiki bacarıqlarını davamlı şəkildə təkmilləşdirib. Xidmət müddətində baş gizir hərbi rütbəsinədək yüksəlib.
Camal İsmayılovun xidmətində diqqət çəkən nüanslardan biri də bir neçə dili peşəkar səviyydədə bilməsi olub. Xüsusəndə erməni dilini mükəmməl səviyyədə mənimsəyib. Rus və ingilis dillərini sərbəst bilməsi, rabitə sistemləri üzrə ixtisaslaşması kəşfiyyat fəaliyyətində ona mühüm üstünlüklər qazandırıb. Həmçinin baş gizir xüsusi təyinatlı bölmələrlə birlikdə mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirak edib. O, dağçılıq, alpinizm, xizəkçilik və paraşüt hazırlığı üzrə peşəkar biliklərə yiyələnib. Dağçılıq sahəsindəki nəzəri biliklərini yalnız şəxsi hazırlığının inkişafına yönəltməyib, həm də bölmələrin nəzəri hazırlığı üçün bu sahədəki kitabları tərcümə edib.
Camal İsmayılovun beynəlxalq hərbi təlimlərdə iştirakı onun peşəkar hazırlığının daha da təkmilləşməsində mühüm rol oynayıb. 2014-cü ildə Türkiyədə paraşütçülük kursunu başa vurub, 2015-ci ildə “TurAz Şahini” təlimlərində iştirak edib. Həmin ilin sentyabr-oktyabr aylarında Gürcüstanda keçirilən dağçılıq və xizək təlimlərində iştirakına görə sertifikat alıb. 2019-cu ildə isə ABŞ, Pakistan, Gürcüstan, Azərbaycan və Türkiyənin iştirakı ilə keçirilən xüsusi təlimlərdə fərqlənmə sertifikatına layiq görülüb. Bu hazırlıq mərhələləri onun müxtəlif coğrafi və taktiki şəraitlərdə fəaliyyət göstərmək qabiliyyətini daha da möhkəmləndirib.
Camalın hərbi xidmət yolu yalnız təlim və hazırlıq mərhələləri ilə məhdudlaşmayıb. O, 2012-2015 ci illərdə illərdə bir kəşfiyyatçı kimi Qarabağ ərazisində müxtəlif məxfi tapşırıqları icra edib.
Vətən oğlun həm də 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək düşmənlə birbaşa təmas şəraitində döyüş təcrübəsi qazanıb. baş gizir Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.
Aprel döyüşlərində Azərbaycan ordusu ilk dəfə olaraq düşmənə sarsıdıcı zərbə endirib. Uzun illər yenilməz “Ohanyan səddi” adlanan birinci müdafiə eşalonu döyüşün ilk bir saatında Cəbrayıl istiqamətində darmadağın edilib. Camal İsmayılovun bu döyüşlərdə ən yaxın döyüş yoldaşlarından biri olan Pəncəli Teymurov şəhidlik zirvəsinə ucalır. Ailəsi ilə əlaqə saxlayan zaman “mən sağ qolumu itirdim” deyə Pəncəli Teymurovun şəhadətini söyləyir. Silah yoldaşını itirmək Camalın Vətən torpaqlarının işğaldan azad olunması istəyini daha da gücləndirir.
27 sentyabr 2020-ci il... Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı başladığı şanlı gün! Bu gün həm də yüzlərlə igid kimi Camal İsmayılovun da həyatında ən mühüm döyüş mərhələsinin başlanğıcı oldu. Uzun illər ərzində qazandığı təcrübə, xüsusi hazırlıq və kəşfiyyat bacarıqları artıq Vətənin ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə xidmət edirdi. Cəsur döyüşçü Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut istiqamətlərində aparılan əməliyyatlarda iştirak edib. Həmçinin Laçın dəhlizinə nəzarəti təmin edən strateji yüksəkliklərin ələ keçirilməsi uğrunda döyüşlərdə xüsusi şücaət göstərib.
Xüsusi təyinatlı kəşfiyyatçının döyüş fəaliyyətində mühüm əhəmiyyət daşıyan bir neçə məqam var. Dəqiq məlumatın əldə olunması, düşmənin mövqelərinin müəyyənləşdirilməsi, rabitə imkanlarının qiymətləndirilməsi və əməliyyat şəraitinin düzgün təhlili bu məqamlar sırasına daxildir. Qeyd olunan nüansları dəqiqliklə yerinə yetirən heyət istənilən döyüşü uğurla yekunlaşdıra bilər. Camal İsmayılov da məhz bu sahələrdəki peşəkarlığı ilə seçilirdi.
Camal İsmayılovun döyüş apardığı heyət qısa müddətdə ən çətin tapşırıqları uğurla icra edir, xüsusi təyinatlılar düşmənin kabusuna çevrilir. Füzuli və Cəbrayılın azadlığından sonra Camal və silah yoldaşlarının növbəti tapşırığı Hadrut olur.
Hadrut əməliyyatı baş gizirin döyüş yolunda xüsusi yer tutan əməliyyatlardan biri , bəlkə də elə birincisidir. Hadrutun azad olunması 44 günlük Vətən müharibəsinin hərbi-strateji baxımdan həlledici mərhələlərindən biri idi. Xocavənd rayonunda, mürəkkəb dağlıq relyefdə yerləşən bu qəsəbə ətraf yüksəkliklərə və geniş əraziyə nəzarət imkanları baxımından mühüm mövqeyə malik idi. Hadrut yalnız coğrafi baxımdan əlverişli yaşayış məntəqəsi deyil, həm də ətraf ərazilərdəki düşmən hərbi birləşmələrinin idarə olunması və təminatı üçün əhəmiyyətli dayaq məntəqəsi sayılırdı. Buradan ətraf istiqamətlərdə yerləşən hərbi mövqelərin əlaqələndirilməsi, canlı qüvvə və hərbi təchizatın hərəkəti həyata keçirilirdi. Həmçinin Hadrut Qarabağın incisi olan Şuşanın da azad olunması üçün kilid nöqtəsi idi. Bura ordumuzun irəliləməsi üçün yeni taktiki və strateji imkanlar yaradırdı.
Buna görə də Hadrutun azad edilməsi düşmənin müdafiə sisteminin mühüm dayaqlarından birinin sıradan çıxarılması demək idi. Hadrutun azad olunması ilə ermənistan ordusunun bölgədəki hərbi idarəetmə və təminat imkanları yüksək dərəcədə zəifləyəcəkdi. ..
7 oktyabr 202-ci ildə Hadrut uğrunda şiddətli döyüşlər başladı. Ermənistan silahlı qüvvələri qəsəbənin və ətraf yüksəkliklərin müdafiəsi üçün ciddi müqavimət göstərdi. Hadrutun dağlıq relyefi, xüsusəndə əvvəlcədən qurulan müdafiə mövqeləri və ərazinin taktiki xüsusiyyətləri əməliyyatın icrasını olduq dərəcədə mürəkkəbləşdirirdi. Hadritun strateji əhəmiyyətini nəzərə alan düşmən də mütəmadi olaraq yeni qrupları bu əraziyə cəlb edir, güclü müqavimət göstəriridi. Lakin Azərbaycan Ordusunun qarşısında istənilən müdafiə, hücum aciz qalır. Müzəffər ordunun məğrur döyüşçüləri bu müqaviməti qıraraq oktyabrın 9-da Hadrut qəsəbəsini və ətrafındakı strateji əhəmiyyətli mövqeləri azad etdi. Bu qələbə ilə Ordumuz əməliyyat təşəbbüsünü gücləndirdi və Şuşaya aparan istiqamətdə strateji üstünlüyün formalaşmasına mühüm zəmin yaratdı. Məhz bu səbəbdəndir ki, Hadrutun azad olunması Müzəffər Ali Baş komandan İlham Əliyev tərəfindən Qarabağın azad edilməsi istiqamətində mühüm hərbi nailiyyət kimi qiymətləndirilib.
Hadrutun azad olunmasında Camal İsmayılovun misilsiz xidməti olub. Əməliyyat şəraitində vətən oğlunun kəşfiyyat və rabitə sahəsindəki xüsusi hazırlığı özünü qabarıq şəkildə göstərib. Camalın Erməni dilini sərbəst bilməsi və düşmənin rabitə sistemləri ilə işləmək bacarığı Hadrut əməliyyatına birbaşa təsir edən ilk məqamlardan biridir. Döyüş yoldaşları qeyd edir ki, “ Camal düşmənin rabitə qovşağına qoşularaq erməni dilində qarşı tərəfin hərbi rəhbərliyinin adından əmrlər verdi.”
Nəticədə isə Camal İsmayılov tək bir mərmi istifadə etmədən düşmənin idarəetmə sistemində çaşqınlıq yaratdı, Azərbaycan bölmələrinin mövqelərə yerləşməsi üçün əlverişli şəraitin formalaşmasına zəmin hazırladı.
Bu plan həm də orduda əsas gücün silahlar yox, savadlı, peşəkar kadr hazırlığı olduğu faktını bir daha sübut etdi. Həmçinin xüsusi təyinatlı qüvvələrin ani qərar vermə bacarığının müharibədə nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha xatırlatdı. Bu bacarıq sayəsində Camal İsmayılov ermənilərin öz rabitə imkanlarından elə özlərinin əleyhinə istifadə etdi. Vətən oğlunun Hadrut əməliyyatında göstərdiyi bu şücaət onun “Hadrut fatehi” kimi tanınmasına səbəb oldu.
Camal İsmayılov ailəli idi. Onun Əsmət və Əsnad adlı iki qız övladı vardı. Vətən müharibəsi ərəfəsində üçüncü övladının dünyaya gələcəyini öyrənən döyüşçünun arzusu oğluna Alparslan adını vermək idi. Bu gün şəhidimizin 3 övladı bu vətənə əmanətdir.
Camal İsmayılovun ən böyük arzularından biri Şuşaya Azərbaycan bayrağını sancmaq idi.Vətən müharibəsi zamanı azad edilən hər bir şəhər və kənd bu arzunun gerçəkləşməsinə bir addım yaxınlaşmaq demək idi. Növbəti tapşırıq isə döyüşçünü arzusuna daha da yaxınlaşdırırdı.
Camal İsmayılovun olduğu bölmə Vətən müharibəsindəki şücaətlərinə görə xalq arasında “Əfsanəvi tabor” adını qazanmışdı.19 oktyabr 2020- ci il...Əfsanəvi Taborun ən ağır, Camal İsmayılovun isə son döyüşü....
Növbəti tapşırıq bəlli idi: Laçın dəhlizi istiqamətə nəzarət etmək!
19-dan 20 oktyabr 2020-ci ilə keçən gecə Camal İsmayılov həmin döyüşdə qəhrəmancasına şəhid oldu.
Camal İsmayılovun şəhadət xəbəri ailəsinə anasının doğum günündə çatdı.
Vətən oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Həmçinin “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Camal İsmayılov şəhadətə ucalanda 36 yaşı vardı. O ömrünün yarısını sevdalısı olduğu vətəninə xidmət etmişdi. Və hər zaman kəşfiyyatçı kimi dəqiqliyi, xüsusi təyinatlı kimi dözümlülüyü, komandir kimi məsuliyyəti və döyüşçü kimi qətiyyəti ilə seçilib.Sonda isə zəfəri bu xalqa yaşadan Vətən Müharibəsi Qəhrəmanı kimi tarixdə yer alıb və alacaq. Camal İsmayılovun ömür yolu bir daha təsdiq edir ki, Vətənin müdafiəsi yalnız silah gücü deyil, həm də bilik, peşəkarlıq, iradə və ən əsası sarsılmaz sədaqət və sonsuz sevgi tələb edir.
Məsumə ŞİRƏLİYEVA
Naxçıvan Televiziyasının əməkdaşı