Qaçqın və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsində sədr Rövşən Rzayevin ictimai nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, QHT sədrlərinin görüşü keçirilib. Bu barədə herbiand.az-a açıqlamasında Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Emin Həsənli bildirib ki, Komitənin sədr müavini Fuad Hüseynovla birlikdə müxtəlif şöbələrdə olublar və qurumun fəaliyyəti ilə yaxından tanış olublar.
Onun sözlərinə görə, səfər çərçivəsində monitorinq şöbəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat alıblar. Bildirilib ki, şöbənin əsas fəaliyyət istiqamətlərindən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq istəyinin öyrənilməsi və bu istiqamətdə monitorinqlərin aparılmasıdır.
E.Həsənli qeyd edib ki, Monitorinq Mərkəzinin rəhbərinin verdiyi məlumata əsasən, sorğuda iştirak edən keçmiş məcburi köçkünlərin 98 faizdən çoxu doğma yurdlarına qayıtmaq istədiyini bildirib. Bir faizdən bir qədər çoxu tərəddüd etdiyini, bir faizdən azı isə qayıtmaq istəmədiyini qeyd edib. Bununla belə, evlərin verilməsi zamanı ilkin olaraq tərəddüd edən və imtina bildirən şəxslərin də müraciət etməsi diqqətçəkən məqamdır.
İttifaq rəhbərinin sözlərinə görə, indiyədək 110 min nəfər arasında monitorinq və sorğu keçirilməsi keçmiş məcburi köçkünlərin Böyük Qayıdış prosesinə münasibətini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.
E.Həsənli qaynar xəttin fəaliyyəti barədə də məlumat verərək bildirib ki, indiyədək bu xidmət vasitəsilə təxminən 250 min müraciət qeydə alınıb. Müraciətlər əsasən vətəndaşların qəbula yazılması, mənzillərin verilməsi, növbəlilik qaydaları və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış vaxtı ilə bağlı olub.
Yunis