Advertisment

Göyçə və Zəngəzura status verilsin – Bakıdan İrəvana qarşı BÖYÜK GEDİŞ

Ermənistan tərəfi bu gün yenə də təxribata əl atdı. Azərbaycanla sərhəddə atəşkəsi pozdu. Bundan başqa, Ermənistan indi də UNESCO-nun onun ərazilərində araşdırmalar aparmasına qarşı çıxır. Üstəlik, ərazi bütövlüyündən dəm vurmaqla yanaşı, Qarabağın qondarma statusu məsələsini də qabardırlar.

Bəs, bütün bunlara rəsmi Bakının cavabı nə olacaq? İrəvanın sərhəd təxribatlarının arxasında nə dayanır?

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-ın “Cümə söhbəti”nə müsahibəsində bildirib ki, Ermənistan tərəfinin sərhəddə təxribatlar törətməsi onların köhnə gedişlərindədir, amma bu dəfə onu yeni tendensiyalara tətbiq etmək istəyirlər.

– Tofiq müəllim, budəfəki atəşkəs pozuntusunu sizcə, İrəvan hansı siyasi gedişə hesablayıb?

– Bu, ermənilərin köhnə taktikası, gedişidir. Onlar Ermənistanın Azərbaycanla sərhədboyu ərazilərində gərginliyi artırmaq üçün atəşkəs pozuntusundan səbəb kimi istifadə etməyə çalışacaqlar. Bunun da bir neçə səbəbi var. Onlar atəşkəsi mütəmadi olaraq pozmaqla həmin əraziyə kimlərisə müşahidəçi qismində cəlb etməyə can atırlar. Bu, birinci səbəbdir. İkincisi, sərhədlərin demarkasiya və delimitasiya prosesinə diqqəti cəlb etmək istəyirlər. Deməli, atəşkəsi pozmaqda ermənilərin həm də başqa məqsədləri var. Məqsəd ondan ibarətdir ki, Ermənistan sovet dövründə olan sərhədlərini təsbit etməyə çalışır. Eyni zamanda, Azərbaycanın həmin sərhədi əsas kimi götürməsinə nail olmaq istəyirlər. Beləliklə, bu və ya digər şəkildə demarkasiya və delimitasiya prosesi başlasa, bu, bir növ sərhədlərin qarşılıqlı olaraq tanınması kimi qəbul oluna bilər. Təbii ki, ermənilər belə düşünürlər.

– Bəs, Azərbaycanın sərhəd xətti ilə bağlı Ermənistanın mövqeyi nədir?

– Azərbaycanın sərhəd xətti məsələsinə gəldikdə, ümumiyyətlə, onlar bizim ərazi bütövlüyümüzü tanıdıqlarını söyləyirlər. Amma Qarabağın dağlıq hissəsini istisna edirlər. İrəvandakı siyasi rəhbərlik düşünür ki, guya gələcəkdə Qarabağın dağlıq hissəsinin “status”u “öz həllini tapanda” onun da taleyi müəyyənləşəcək. Bu proses baş vermədən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Eyni zamanda, onların bu mövqeyi Qazaxın işğal altındakı 7 kəndinə və Naxçıvanın Kərki qəsəbəsinə aiddir. Ermənilər sərhəddəki son təxribatlarla bu məsələni yenidən qabarıq formada gündəmə daşımağa çalışırlar. Beləliklə bəyan etsinlər ki, delimitasiya və demarkasiya prosesi olsun, amma Azərbaycan buna getmir. Ermənilərin niyyəti budur. Biz isə onlara deyirik ki, delimitasiya və demarkasiya texniki prosedir. Bu prosesin başlaması üçün siyasi sənəd lazımdır. Tərəflər həmin siyasi sənəddə qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü və suverenliklərini tanımalıdırlar. Eyni zamanda, bu sənədə və sənəddə yer alan nüanslara riayət olunmalıdır. Amma Ermənistan buna getmək istəmir. İrəvan çalışır ki, demarkasiya və delimitasiyanı “qulağa xoş gələn gözəl sözlər”lə ortaya atsın. Digər tərəfdən, öz öhdəliklərindən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü tanımaq öhdəliyindən qaçmağa çalışırlar. Məhz bu təxribatlar ona görə baş verir.

– Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıyıblar…

– Bu da yuxarıda sadaladığım məsələnin tərkib hissəsidir. Yəni, ümumi prosesdən qaçmaq istəyirlər. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın gözləntisi odur ki, Ermənistan 30 illik işğal siyasətindən əl çəksin. Üstəlik, İrəvan bunu rəsmən bəyan etməlidir. Amma Ermənistan bunu istəmir. Hətta İrəvan Ankara ilə müzakirələr aparıb sərhədlərin açılması ilə bağlı bəyanatlar verir, digər tərəfdən, deyirlər ki, hansısa ilkin şərtlər olmasın. Yəni, Ankara onlara deməsin ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından rəsmən əl çəksin. Ermənistan konstitusiyasında Türkiyə ərazisinə qarşı iddialar var. Hətta Ermənistanın dövlət atributlarında da bu öz əksini tapıb. Yaxşı, Türkiyə yolları, sərhədləri necə açsın, axı Ermənistan Türkiyəyə qarşı olan ərazi iddialarından da əl çəkmək istəmir?!!İndi İrəvan həmin gedişi Bakıya tətbiq etməyə çalışır.

– Ermənistan indi də UNESCO-nun bölgəyə gəlməsinə qarşıdır. Bu təşkilatın bizim maddi-mədəni irsimizlə bağlı Ermənistandakı araşdırmaları İrəvana hansı zərbələri vurmaq iqtidarındadır ki, onlar buna etiraz edirlər?

– Burada yanaşma məsələsi var. Əvvəllər UNESCO-nun Mədəni İrs və ona dəyən ziyanı Qiymətləndirmə Missiyası yalnız münaqişə bölgəsini əhatə edirdi. Amma indi Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu missiya hər iki ölkənin ərazilərinə şamil olunsun. Azərbaycanın mədəni irs abidləri İrəvanda, Zəngəzurda, Göyçə mahalında və digər yerlərdə həddindən artıq çox idi. Amma onlar ermənilər tərəfindən məhv olunub. Biz istəyirik ki, bu proses ikitərəfli olsun. Yəni, hər iki tərəfi əhatə etsin. Ermənilər isə absurd iddialar səsələndirərək bildirirlər ki, guya Qarabağdakı erməni “irsi” təhlükə altındadır. Ona görə də UNESCO-nun missiyasını təktərəfli qaydada, yalnız işğaldan azad etdiyimiz ərazilərə istiqamətləndirmək istəyirlər. Bu isə mümkün olan iş deyil. Avropa İttifaqında Azərbaycana aid 2 milyard avroluq proqram qəbul olunub. Bu proqramın icrası təbii ki, yerində qiymətləndirmə prosesindən sonra ola bilər.

– Bəs, bu, özlüyündə nəyi nəzərdə tutur?

– İstər-istəməz bu layihələrin bir çoxu işğaldan azad edilmiş ərazilərə aid olmalıdır. Ona görə də bu layihələri həyata keçirmək üçün ilk olaraq həmin ərazilərdəki real vəziyyətlə bağlı məruzələr edilməlidir. Məhz buna görə də Avropa İttifaqı, ATƏT-in Minsk qrupunun üzvləri, o cümlədən Rusiya bu prosesdən qaçırdı. Ona görə də həmin ölkələrin səfirləri bu ölkələrə səfər etmirdilər. Səfər etsəydilər, orada gördükləri mənzərə ilə bağlı məruzələr etməli idilər. Həmin ölkələrin paytaxtları isə buna icazə vermirdi. Bəli, 2 milyard avro kifayət qədər böyük məbləğdir. Amma həmin vəsaitin bizim üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, istər-istəməz beynəlxalq qurumlar tərəfindən təsbit olunmuş məsələlər rəsmiləşəcək. Baxın, Rusiyanın Fövqəladə Hallar Nazirliyi ermənilər yaşayan bölgələrdə bərpa işləri aparır. Bu cür misalları çox gətirmək olar. Amma ermənilərin işğalından azad olunan bölgələrə getmək istəmirlər. Halbuki azad olunan ərazilərdə bu cür yardımlara ehtiyac daha çoxdur. Bundan sonra Azərbaycan onların bu siyasətini dəyişdirə biləcək. Hər halda biz görürük ki, bu istiqamətdə ilkin nəticələr var. Hətta bundan  əvvəl Azərbaycana 140 milyon avro civarında yardım ayırıblar. İndi isə bu rəqəmi 2 milyard avroya qaldırıblar. Hesab edirəm ki, bu qiymətləndirmədən sonra Azərbaycana aid rəqəmlər daha da artacaq.

– Ermənistanın baş naziri deyir ki, sərhədlərin delimitasiyası 1991-ci il xəritəsinə əsasən aparılsın. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan 1975-ci ilin xəritəsini əsas götürür. Rusiya tərəfi isə 1920-ci illərin xəritələrindən danışırdı… Sizcə, bizim üçün hansı dövrün xəritəsi əsas götürülməlidir?

– Hesab edirəm ki, Azərbaycan 1920-ci ilin xəritəsini əsas götürməlidir və Zəngəzuru da bu prosesdə mövzu kimi qaldırmalıdır. Söhbət tarixi ədalətin bərpasından gedir.

– Axı BMT 2 ölkənin sərhədlərini 1991-ci il xəritəsinə əsasən tanıyıb?..

– Birləşmiş Millətlər Təşkilatı çox şeyləri tanıyıb. Amma münaqişə göstərir ki, ermənilərin bizim ərazilərimizə iddiaları var. Onlar bu iddialarından əl çəkmirlər. Birləşmiş Millətlər Təşkilatı hər iki ölkənin ərazisini tanıyıb. Amma 2 il bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Şuşada, Cıdır düzündə rəqs edirdi. O zaman Paşinyan Şuşada BMT-nin qərarlarına hörmətsizlik nümayiş etdirərək bildirmişdi ki, Qarabağ Ermənistanın “tərkib hissəsidir”. Ortaya sual çıxır, bəs sən 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanımışdın axı?! Niyə belə deyirdin?! Bu baxımdan ermənilər bu mövzunu qaldırırlarsa, o zaman bizim də tam ixtiyarımız var ki, tarixi ədaləti bir mövzu kimi qaldıraq. Ümumiyyətlə, sülh sazişi delimitasiya və demarkasiya prosesindən öncə olmalıdır. Bu məsələlər olmalıdır.

– Bəs, 1920-ci ilin xəritəsi əsasında sülh sazişi imzalanarsa, BMT bizi həmin sərhədlərlə tanıyacaqmı?

– BMT-nin həmin sərhədləri tanımaq və ya tanımamaq hüququ tərəflərin mövqeyindən asılı olacaq. Yəni, tərəflər arasında sərhədlər bu cür qəbul olunacaqsa, o zaman Birləşmiş Millətlər Təşkilatı da yeni sərhədləri tanıyacaq. Burada heç bir problem yoxdur. Sadəcə olaraq bu, Ermənistanın siyasi iradəsinin əsasında baş verməlidir. Sülh sazişi də bunu təsdiq etməlidir. O zaman BMT mütləq sərhədləri 1920-ci il xəritəsi əsasında tanıyacaq. Burada prinsip məsələsi var. Onlar bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlər. Üstəlik, bunu açıq şəkildə bəyan edirlər. Bu baxımdan, ATƏT-in Misnk qrpu status əldə etmək istəyir. Çox gözəl, bəlkə də biz bu mövzuya – “Qarabağın statusu”na qayıdacağıq. Eyni zamanda, bu o zaman baş verə bilər ki, biz paralel olaraq Zəngəzurun və Göyçə mahalının statusundan da danışmalıyıq. Bu məntiqdə əks-arqument mümkün deyil.