Advertisment

Finlandiya F-35 sifariş edən 14-cü ölkə oldu

Finlandiya hökuməti ölkənin silahlı qüvvələrinin maddi-texniki təminatının komandanlığına ABŞ hökuməti ilə beşinci nəsil çoxməqsədli F-35A qırıcılarının alınması ilə bağlı müqavilə bağlamaq üçün səlahiyyət verib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, Helsinki hazırda silahlanmada olan F/A-18 “Hornet”ləri əvəz etmək üçün 64 ədəd F-35A qırıcısı alacaq. Komplektə həmçinin, istismar şəraitinə uyğunlaşdırılmış silahlar, təlim xidmətləri, digər əlaqəli sistemlər və texnikaya 2030-cu ilin sonuna qədər texniki qulluq xidmətləri daxildir.  

Komplektə idarə olunan “yer-yer” (AIM-120 AMRAAM və AIM-9X “Saydvinder”) raketləri, kiçik diametrli SDB I və SDB II bombaları, JDAM ailəsindən olan idarəolunan aviabomba, JSM qanadlı raketlər və AGM-158B-2B (JASSM-ER) uzaq mənzilli qanadlı raketlərin daxil edilməsi planlaşdırılır. Silahlar maliyyə ayrıldıqda 2035-ci ilin sonuna qədər alınmalıdır.

Ölkənin hərbi-hava qüvvələrinin aviaparkının yenilənməsi üzrə proqram 10 milyard avro təşkil edir.

Finlandiya hərbi-hava qüvvələrini F-35 qırıcıları ilə təmin edən 14-cü ölkə olub. Təyyarələrin 2060-2070-ci ilə qədər silahlanmada qalması gözlənilir.