Advertisment

Şərurda Vətən müharibəsi şəhidi yad edilib

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 6 oktyabr 2025-ci il tarixdə şəhid kapitan Seymur İlham oğlu Cabbarovun ildönümü münasibətilə Şərur rayon Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ceyhun Davıdov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis şöbəsinin əməkdaşları, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri, Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri, şəhid ailələri, qazilər, Çərçiboğan kənd tam orta məktəbinin kollektivi və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin ruhuna dualar oxunub, məzarlarına gül dəstələri düzülüb.

Çıxış edən natiqlər rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına torpaqlarımızın 20 faizi işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu müharibə yalnız torpaq uğrunda deyil, həm də haqq uğrunda aparılıb. Azərbaycan öz doğma torpaqlarını geri alıb, beynəlxalq hüququn bərpası uğrunda mübarizə aparıb.

Qəhrəmanlarımızdan biri də kapitan Seymur Cabbarov olub. O, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində böyük igidlik göstərib, Füzuli uğrunda gedən döyüşlərdə 3 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub. Seymur Cabbarov Şərur rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən o, ölümündən sonra "Vətən uğrunda" medalı ilə, həmçinin Füzuli şəhərinin işğaldan azad olunması uğrunda göstərdiyi şücaətə görə 25 dekabr 2020-ci il tarixli Sərəncama əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhid ailəli idi, iki övladı yadigar qalıb.

Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi