2025-ci il oktyabrın əvvəlində Rusiya Silahlı Qüvvələrinin Xarkov və Poltava vilayətlərində qaz infrastrukturuna zərbələri Ukraynaya xeyli ziyan vurub. Bu, Ukraynanın qaz hasilat imkanlarının təxminən 60 faizinin itirilməsi ilə nəticələnib.
Herbiand.az bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Kiyev gözləyir ki, 2026-cı ilin martına qədər ölkə qış ehtiyaclarını ödəmək üçün təxminən 1,9 milyard avro dəyərində 4,5 milyard kubmetr qaz almağa məcbur olacaq. Bu, Ukraynanın ümumi illik qaz istehlakının təxminən 20 faizini təşkil edəcək.
Bu yaxınlarda Kiyev hakimiyyəti G7 tərəfdaşlarına enerji sisteminin bərpası üçün avadanlıq, enerji infrastrukturu obyektlərinin mühafizəsi üçün əlavə hava hücumundan müdafiə sistemləri və lazımi qazın alınması üçün maliyyə yardımı ilə bağlı müraciət edib.
Ukrayna artıq 2025-ci ildə xarici təchizatçılardan 4,5 milyard kubmetrdən çox qaz alıb ki, bunun da 3,5 milyarddan çoxu ötən istilik mövsümü başa çatdıqdan sonra alınıb. Bu ilin sonuna qədər qaz idxalı tələbləri 5,8 milyard kubmetrə çatacaq. Lakin Ukrayna hakimiyyəti Rusiya ordusunun hücumlarının davam edəcəyi təqdirdə bu rəqəmin artacağını proqnozlaşdırır.
Bəxtiyar CƏFƏRLİ