Maltada Avropa Nәqliyyat Nazirləri Konfransının (ECMT) Yol Nəqliyyatı Qrupunun növbəti iclası keçirilib.
Herbiand.az xəbər verir ki, toplantıda Azərbaycan da təmsil olunub.
Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxışında Azərbaycanın təşkilatda prezidentliyi dövrü üçün müəyyənləşdirdiyi prioritetlər barədə danışıb. Qeyd edib ki, ECMT-nin coğrafiyasının genişlənməsi həmin prioritetlərdən biridir və Yol Nəqliyyatı Qrupunun iclası bu baxımdan məhsuldar dialoqa şərait yaradır. İclas, həmçinin yol nəqliyyatında rəqəmsallaşma, davamlılıq və regionlararası əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addımlar üçün mühüm zəmin formalaşdırır.
Toplantının yekununda vacib nəticələr əldə edilib. Buraya 1 yanvar 2026-cı il tarixində istifadəyə veriləcək ECMT Rəqəmsal Sisteminin funksionallığının genişləndirilməsi və milli orqanlarla daşıyıcılar arasında daha səmərəli inteqrasiyanın təmini, yeni sistemə keçid dövründə qısa yumşaldıcı müddətin tətbiqi kimi məsələlər daxildir. İclasda 2027-ci ildən etibarən sıfır emissiyalı nəqliyyat vasitələrinin ECMT Kvota sisteminə daxil edilməsi barədə də qərar qəbul olunub.