Yaponiyanın Baş naziri Sanae Takaiti ölkənin uzun müddətdir mövcud olan üç qeyri-nüvə siyasət prinsipini yenidən nəzərdən keçirməyi düşünür.
Herbiand.az bildirir ki, bu barədə Yaponiyanın Kyodo News xəbər agentliyi hökumət mənbələrinə istinadən məlumat verir.
“3 qeyri-nüvə prinsipi - nüvə silahına sahib olmamaq, onu istehsal etməmək və Yaponiya ərazisinə daxil olmasına icazə verməmək - ilk dəfə 1967-ci ildə Yaponiya parlamentində elan edilib və o vaxtdan bəri milli kredo hesab edilib. Bu, yapon xalqı arasında geniş dəstək qazanıb”, - məqalədə deyilir.
Lakin Kyodo agentliyi Takaiti hökumətinin Yaponiyanın milli təhlükəsizlik strategiyasını və onunla əlaqəli iki sənədi yeniləməyi planlaşdırdığını öyrənib. Bu sənəd sonuncu dəfə 2022-ci ildə yenilənib.
Rəsmi mənbələr bunu nüvə gücləri olan qonşu Çin, Rusiya və Şimali Koreyanın hərəkətləri ilə bağlı narahatlıqlar fonunda Yaponiyanın müdafiə qabiliyyətini gücləndirmək ehtiyacı kimi izah edirlər.
Məqalədə deyilir ki, Takaiti nüvə silahlarının Yaponiya ərazisinə daxil olmasını qadağan edən üçüncü prinsipdən imtina etməyi düşünür: “Üçüncü prinsip dəyişdirilərsə, bu, Yaponiyanın təhlükəsizlik siyasətində əhəmiyyətli bir dəyişikliyə səbəb olacaq və ölkə daxilində və beynəlxalq səviyyədə mənfi reaksiya doğuracaq. Takaiti başa düşməlidir ki, üç qeyri-nüvə prinsipinə sadiqlik siyasəti baş nazirin tələsik qərarı ilə dəyişdirilə bilməz”.
Bəxtiyar CƏFƏRLİ