“Hücum taboru idik, ən qaynar nöqtələrə bizi göndərirdilər” – Qarabağ qazisi Şahbaz Əsgərov
Quzanlı zəhmətkeş insanların yurdudur. Bu kəndin zirək, əldən bərk, biləkdən güclü oğulları az olmayıb. Bu yurdun ərdəmli cavanları hər zaman adların söz etdiriblər. Özü də tək gücləri fərlqəndirməyib onları. Həm də mərdliyi, sözübütövlüyü ilə yadda qalıb onlar. Bizim uşaqlığımız onların qəhrəmanlıq hekayələrini dinləməklə keçib. Seymur, Oqtay (German), Nizami, Bakir, Eyvazlı Cəfər, Nurəddin, Əhməd, Ənvər…
Hələ adları yadıma düşən bunlardır. Biz onlara oxşamağa çalışar, hərəkətlərimizdə onları örnək alardıq. Onlar bizim kumirimiz idi. Onların cəsurluğu, mərdliyi, ədaləti, dosta sadiqliyi bir meyar idi bizim üçün. Biz onlardan çox kiçik idik. Amma onları görəndə qəlbimizdə bir istək baş qaldırırdı: mən də böyüyəndə onun kimi mərd olacam, zəifə qahmar çıxacağam, zülmkarın cəzasını verəcəyəm. Bizim uşaqlıq qəhrəmanlarımızdan biri də Şahbaz idi. Əsgər kişinin oğlu Şahbaz.

Şərq ədəbiyyatında bir igidi vəsf edəndə “boyu şahbaza bənzər” yazardı ədiblər. Şahbaz sözü mərdliyi, cəsurluğu, vüqarı, ucalığı və əzəməti simvolizə edir. Yazımızın qəhrəmanı da adına layiq duruşu, əzəməti, qüruru, şəxsiyyəti olan bir insandır. 1966-cı ilin martin 8-də Quzanlıda doğulan Şahbaz şöhrəti özündən öndə gedən cavanlardan biri idi. Onlar Quzanlının güney hissəsində-“Kommunist” adlanan məhəlləsində yaşayırdı. Quzanlının iki məşhur ziyalısı-Axund Mehdi Sarıcalı və Mirzə Saleh Axundov da kəndin haqqında bəsh etdiyim güney hissəsində yaşamış, fəaliyyət göstərmişdilər. Şahbaz da orta məktəbi yaxşı oxumuşdu. Deyir ki, attestatımda cəmi iki “4” vardı. Qalan hamısı “5” idi.
“Riyaziyyatı çox sevirdim. Amma humanitar fənnləri də yaxşı oxuyurdum. Arzum hüquqşünas olmaq idi. Amma mən orta məktəbi bitirən illərdə hüquq fakültəsinə girmək olardı? Mümkün deyildi. Ona görə də heç ora sənəd vermədim. Halbuki məndən yaxşı hüquqşünas olardı. Çox prinsipial idim. Mingəçevirə getdim Baza Politexnik Texnikumuna daxil oldum”.
O dövrün cavanları Şahbazın gəncliyini yaxşı xatırlayır. Sinif yoldaşları danışır ki, Şahbaz hər zaman onların güvənc yeri olub.
Qonşu kənddən Vilayət (ad şərtidir-müəll) adlı gənc var imiş, məktəbdə çox nadinc imiş. Yetənə-yetir, yetməyənə bir daş atırmış. Sonralar Vilayət hərbi xidmətdə iki nəfəri öldürmüş, 6 il iş almışdı. Çıxandan sonra da cinayət törətmiş, 13 il iş almışdı. Bax, o cür adama Şahbaz türkün sözü ayar vermis, “həyatı başa salmışdı”. Ondan sonra həmin Vilayətdən əsər-əlamət qalmamışdı, özünü yığışdırmış, hərəkətlərinə diqqət etməyə başlamışdı”.
“Silahla davranmaq genlə bağlı bir məsələdir”

Sovet ordusunda xidmət edəndən sonra Quzanlıya qayıdır Şahbaz. Doğma kənddə yaşamaq, işləmək, ailə qurmaq niyyətində idi. Lakin namərd qonşularımızın Qarabağda başladığı sonradan qanlı müharibəyə çevrilmiş separatçı hərəkat Şahbazın da planlarını pozur. Vətənpərvər bir insan kimi Qarabağda gedən proseslərə laqeyd qala bilmir. 1993-cü ilin avqustunda milli ordu sıralarına çağılır.
“Bizi Bərdəyə gətirdilər, oradan bölündük. Heç təlim də keçmədilər. İki dəfə Xaçına gedib hədəflərə avtomatdan atəş atmışıq. Amma mənim silahla davranış səriştəm var idi. Sovet ordusunda tikinti taborunda (“stroybat”olmuşdum, bir neçə dəfə atəş təlimində olmuşduq. Bir dəfə 200 metr məsafəyə atışda
300 nəfərin içərisində birinci olmuşdum. 30 mümkün xaldan 28 xal toplamışdım. Orda başqa millətlərdən var idi. Düşünürdüm ki, mən ikinci dəfədir avtomat görürdüm, amma o cür uğur qazandım. Yəqin ki, bu genlə gələn bir şeydir. Türklər döyüşkən xalq olub axı. Evdə hər zaman ov silahı olub bizdə. Amma avtomatı orta məktəbdə öyrənmişdim. Orta məktəbdə oxuyanda Şahbulağa təlimə gedib avtomatdan atəş də açmışdıq. O vaxt hədəfi ən dəqiq vuranlardan biri idim. Ümumiyyətlə, mənim uşaqlıqdan silaha həvəsim var idi. Cavanlıqda uşaqlara qoşulub Quzanlı meşəsinə, kanalaltı taxıl sahələri alabaxta, dovşan ovuna çox getmişik. Hər zaman da dəqiq atəş açardım. Amma müharibə fərqlidir. Burada tək sən nişan almırsan, səni də nişan alırlar. Gərək həm özünü qoruya, həm də düşməni dəqiq nişan alıb ata biləsən”.
“Ən qaynar nötələrə bizi göndərirdilər”

708 nömrəli hərbi hissənin 7-ci taborunda xidmətə başlayır Şahbaz, milli qəhrəman Yelmar Edilovun taborunda.
Əfsanəvi komandir haqqında danışmaqdan doymur: “Mirzə, çox cəsur kişi idi e Yelmar. Yeganə tabor komandiri idi ki, döyüşə əsgərlərlə birgə girirdi. Mən o cəsarətdə insan görməmişəm. Qəhrəmancasına da şəhid oldu. Bütün döyüşlərdə onun yanında olmuşam. O vaxt harda çətin döyüşlər olurdusa bizi 7-ci tabor öndə gedirdi. Çünki hücum taboru idi. Ən qaynar nöqtələrə bizi göndərirdilər. Biz də olan yerə ermənilər hücum etmirdi. Bizim haqqımızda yaxşı məlumat almışdılar. Bizim taborda Quzanlıdan da uşaqlar var idi. Eyvazlı Cəfər, Əbülfət Səfərov, İlqar Cəfərov, Namiq Səlimov, Əhməd Quliyev, Əşrəf Qurbanov mənimlə birgə döyüşürdü”. Onunla bir bölükdə xidmət etmiş Cəfər deyir ki, Şahbaz bütün döyüşlərdə öndə gedir, hərbçi yoldaşlarını savaşa ruhlandırırdı. “Olcuqca qorxmaz, cəsarətli, ürəkli oğlan idi Şahbaz”.
Şahbazgilin taboru daha çox Ağdamın ətrafında olan kəndlərdə Papravənd, Suma, Qızılı Kəngərli, Salahlı, Sarıcalı, Kökəltmə istiqamətində döyüşürdü.
“Bu mərmi 100 kiloluq adamı saman çöpü kimi havaya fırladır…”
Şahbaz deyir ki, Qarağaclar kəndi uğrunda gedən ağır döyüşlərdə də iştirak edib: “Göytəpənin altında Qarağaclar kəndi vardı. Ora bir neçə dəfə hücum edib ala bilməmişdik. Növbəti hücumda aldıq oranı. 1994-cü ilin yanvarın 28-i idi. Ermənilər orda ciddi itkilər verdi. O zaman müharibə strategiyası fərqli idi. Görünür peşəkarlıq zəif idi. Məsələn, bir tabor hücuma keçirsə, sağ-sol da hücuma dəstək verməli idi. Amma o zaman belə olmurdu, dəstək gəlmirdi. Bu hücumda ermənilərə 50 hərbi texnika köməyə gəldi. Güclü əks-hücuma başladılar. Güllə yağış kimi yağırdı. Axşam tərəfi idi, 5.45 kalibrli işıqsaçan güllərlə atırdılar, hətta vızıltısı qulağımda eşidilirdi.
Qeyri-bərabər döyüşdə birgə 12 itki verdik, yaralılar da var idi. O, döyüşdə ağır yaralandım. Yaxınlığımda 120 lik “minomyot”un mərmisi düşmüşdü. Deməli, mirzə, bu mərmi 100 kiloluq adamı saman çöpü kimi havaya fırladır…
Birinci partlayışda qalın qara tüstü gördüm. Elə bil ki ildırım sənin düz yanında, gözünün qarşısında çaxır. Bir dəqiqədən sonra yadımda heç nə qalmadı. Sonra hiss elədim ki, üstümdə ağırlıq var, nəfəsim daralır. Məni torpağın altından çıxarıb uşaqlar gətirib hospitala. Sarıcalıya gətirmişdilər. Oradan da helikopterlər Bakıya-“Papanin”nə gətiriblər. Orada düz 4 gündən sonra ayılmışam. Çox çətin hisslər yaşadım, mirzə. Elə bildim ki, əsir düşmüşəm. Üstümüzdə adətən qumbara olurdu. Onu son ana saxlayırdıq ki, əsir düşsək partladaq. Əlimi yanıma aparmışam ki, qumbaranı götürəm. Həkimlər də hissi ediblər, tez deyiblər ki, narahat olma, Bakıda hospitaldasan. Qulağımdan qan gəlirdi, sir-sfitərim qan içində idi. Uzun müddətli müalicədən sonra ordudan tərxis olundum. Qapalı kəllə-beyin travması almışdım”.
Şahbaz komandiri Yelmar Edilovun şəhid olması xəbərini xəstəxanada alıb: “Açığı yuxu da görmüşdüm. Döyüşdən çıxandan sonra məndə 6-cı hiss güclənmişdi. Çox şeyi hissi edir, duyurdum. Hospitalda olanda əmimoğlu Elman yanımda qalırdı. Səhərə yaxın ayıldım, Elmana dedim ki, pis yuxu görmüşəm, deyəsən bizim uşaqlar qırılıb. Dedi ki, yuxudur da, narahat olma. Saat 12.00-də xəbər gəldi ki, ağır döyüş olub orda, Yelmar Edilov da şəhid olub. Çox pis oldum. Yelmar öləsi oğul deyildi”.
Şahbaz deyir ki, 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad olunması xəbərini eşidəndə qəribə hisslər yaşayıb: “Mən möhkəm adamam, mirzə. Hətta atam öləndə belə içimdə ağlamışam, gözümdən yaş çıxmayıb. Amma Azərbaycanın dövlət himni çalınanda gözümdən yaş gəlir. Şuşanın işğaldan azad olunması xəbərini eşidəndə də kövrəldim. Bir dəfə biri mənə dedi ki, nə var e axı Şuşada? Niyə Şuşa bu qədər əzizdir? Dedim ki, sən onu anlamazsan. Şuşa Qarabağın gözüdür, Azərbaycanın mədəniyyət, mənəviyyat beşiyidir. Şuşa Azərbaycanın tacıdır. Gör nə qədər incə ruhlu, nəcib insan: ziyalı, alim, bəstəkar, aktyor, rəssam çıxıb Şuşadan”.
Şahbaz 2016-cı ilin aprel döyüşləri zamanı orduya çağırılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
“İdarənin həyətinə yığlan cavanlardan biri mən replika atdı. Qayıtdı ki, əmi desəyən yağ-bal iyinə gəlib. Qayıtdım ki, bala məni yaxşı tanısan, mənə o sözü deməzdin. 26 yaşında pensiya alıram, dövlət qayğısı ilə əhatə olunmuşam. Mənim tək istəyim torpaqların azadlığıdır. Gördüm, gənc çox peşman oldu… O vaxt məni siyahıya almaq istəmirdilər, zorla aldırdım.
Aprel döyüşləri zamanı insanlarda hərbi vətənpərvərlik hissləri çox güclü idi. Siyahıda kənddən elə insanların adını gördüm ki, təəccüb etdim. Traktorçu mərhum Əliyev Kamal, Ələsgərov Allahverən o yaşda səfərbərliyə adlarını yazdırmışdı. Düzü, bu məni çox mütəssir etdi”.

Elman Cəfərli