Rusiyada 300-dən çox Amerika şirkəti Vaşinqtonun qadağalarına və tövsiyələrinə məhəl qoymadan fəaliyyətini davam etdirir. Onların bazardan çıxmaq planları yoxdur.
Herbiand.az xəbər verir ki, bu məlumatı Rusiya Federasiyası Prezidentinin müşaviri və Şərq İqtisadi Forumu Təşkilat Komitəsinin icraçı katibi Anton Kobyakov Şərq İqtisadi Forumu çərçivəsində TASS agentliyi ilə söhbətində açıqlayıb.
Prezident müşaviri qeyd edib ki, Qərb investorları Rusiya ilə əlaqələrini heç vaxt dayandırmayıblar və onların xeyli hissəsi bu gün də aktivdir: "Heç kim getmək istəmir. Hər kəs bu cür ünsiyyətin dəyərini başa düşür, biznes maraqlarını başa düşür, hələ hökumətləri tərəfindən bizimlə işləməmələri üçün zorakılığa məruz qalan Avropa şirkətlərini demirəm. Amma sevgini məcbur edə bilməzsən, ona görə də bizneslər pulları ilə səs verir. O Rusiyada qalır".
Kobyakov həmçinin vurğulayıb ki, Rusiya hakimiyyəti qalmaq qərarına gələn xarici oyunçular üçün maneələr yaratmır: “Hazırkı şəraitdə bu cür şirkətlər yerli şirkətlərlə eyni səviyyədə fəaliyyət göstərir və Rusiyanın iqtisadi operatorları hesab olunurlar”.
Bəxtiyar CƏFƏRLİ