Azərbaycanda ictimai nəqliyyatın problemləri bitmir. Hələ də bəzi xəttlərdə istismar müddətini başa vurmuş nəqliyyat vasitələri fəaliyyət göstərir, bütün marşrutlar üzrə kartla ödəniş sisteminə keçid təmin edilməyib, məsafədən asılı olaraq diferensial ödəniş mexanizmi tətbiq olunmur. Halbuki bir sıra inkişaf etmiş ölkələrdə sərnişinlər üçün daha sərfəli və çevik ödəniş paketləri təklif edilir. Herbiand.az-ın araşdırmasına görə, dünyanın müxtəlif ölkələrində ictimai nəqliyyatda sərnişin ödənişlərinin hesablanması və tariflərin tətbiqi ilə bağlı fərqli, daha çevik modellər mövcuddur. Dünyanın bir iri şəhərlərində tətbiq edilən "nə qədər gedirsənsə, o qədər ödə" prinsipi, ənənəvi sabit tarifləri tədricən sıxışdırıb çıxarır.
Dünya təcrübəsində ictimai nəqliyyat ödənişləri dörd əsas model üzrə formalaşır:
1. Sabit tarif, yəni məsafədən asılı olmayaraq tək qiymət tətbiq edilir. Nyu-York kimi şəhərlərdə keçidlərin sürətli və sadə olmasını təmin etsə də, qısa məsafə qət edən sərnişinlər üçün iqtisadi baxımdan əlverişsizdir.
2. Məsafə və zonaya əsaslanan model: sərnişin həm girişdə, həm də çıxışda kartını oxutmaqla yalnız qət etdiyi kilometr və ya keçdiyi zona qədər ödəniş edir. Londonda və Sinqapurda bu model uğurla tətbiq olunur.
3. Açıq zəncirli sistemlər. Xüsusi nəqliyyat kartına ehtiyac qalmadan birbaşa təmassız bank kartları. "Apple Pay" və "Google Pay" vasitəsilə ödəniş imkanı yaradır.
4. Pulsuz nəqliyyat modeli: şəhər daxilində avtomobil sıxlığını və emissiyanı azaltmaq üçün Lüksemburqda və Estoniyanın Tallin şəhərində tətbiq edilir, bələdiyyə büdcəsi hesabına maliyyələşir.
Azərbaycanın ictimai nəqliyyat sistemində son illər infrastruktura ciddi sərmayə qoyulub. Bakı metrosunda və şəhərdaxili avtobuslarda NFC, QR ödənişlər və bank kartlarının tətbiqi rəqəmsallaşma istiqamətində mühüm mərhələ idi. Eyni zamanda Abşeron Dairəvi Dəmir Yolu (ADY) xəttində artıq məsafədən asılı differensial tarif uğurla işləyir — sərnişinlər stansiya sayına görə minimum tarifdən başlayaraq ödəniş edirlər.
Paytaxtın avtobus və metro şəbəkəsində məsafədən asılı sistemə tam keçid aşağıdakı texniki və təşkilati mərhələlərdən asılıdır:
-İkitərəfli validator infrastrukturu yaradılmalıdır. Şəhərdaxili avtobusların yalnız ön qapısında deyil, orta və arxa qapılarında da çıxış validatorları quraşdırılmalıdır.
-Nəqliyyat parkının 100% nağdsızlaşması həyata keçirilməlidir. Bütün özəl və dövlət marşrutlarının vahid mərkəzləşdirilmiş idarəetmə sisteminə tam inteqrasiyası yekunlaşmalıdır.
-Vahid transfer və abunə tarifləri, yəni məsafəli sistemə keçidlə yanaşı, metrodan avtobusa pulsuz/güzəştli keçid və günlük/aylıq abunə kartları mexanizmi tətbiq edilməlidir.
Bu sistemin ilk olaraq Bakıətrafı və qəsəbələrarası uzunmənzilli marşrutlarda pilot layihə şəklində tətbiqi, daha sonra isə mərhələli şəkildə mərkəzi avtobus şəbəkəsinə və metropolitenə inteqrasiya olunacağı gözlənilir. Model tam işə düşdükdə həm kənar qəsəbələrdən mərkəzə gələnlərlə cəmi 2-3 dayanacaq gedən sərnişinlər arasında qiymət ədaləti bərpa olunacaq, həm də sərnişin axınının analitikası daha dəqiq aparılacaq.
Yunis İsrafilov