Advertisment

Bakının Qurtuluş Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub -FOTOLAR

Bu gün Azərbaycanın tarixində mühüm əhəmiyyət daşıyan Bakının Qurtuluş Günü qeyd olunur. 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusunun və Azərbaycan milli hissələrinin qəhrəmanlıq mübarizəsi nəticəsində Bakı işğaldan azad edilib. Bu tarixi qələbə Azərbaycan-Türkiyə qardaşlığının ən parlaq səhifələrindən biri kimi tarixə düşüb.

Bakının Qurtuluş Günü ilə əlaqədar Hərbi Yönümlü Təşkilatlar İttifaqının, “Qardaşlığımız Əbədidir”  QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, qurumun təmsilçiləri, Türkiyədən Azərbaycana səfər edən gənclər təşkilatlarının nümayəndələri və Qarabağ qaziləri Şəhidlər xiyabanını, o cümlədən burada yerləşən Türk Şəhidliyini ziyarət ediblər.

Ziyarət iştirakçıları Azərbaycanın və Türkiyənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Şəhidlərin ruhuna dualar oxunub.

Türk Şəhidliyində 1918-ci ildə Bakının azadlığı uğrunda döyüşlərdə şəhid olan Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin xatirəsi yad edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 15 sentyabr təkcə Bakının azad edildiyi gün deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının tarixə yazılmış şanlı səhifələrindən biridir. Qafqaz İslam Ordusunun Azərbaycan xalqına göstərdiyi qardaşlıq və fədakarlıq nəsillər tərəfindən daim xatırlanacaq.

Birgə ziyarət zamanı Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, şəhidlərin müqəddəs xatirəsinin hər iki ölkə üçün əbədi olduğu bildirilib.

E.Cəfərli

Herbiand.az