Advertisment

Slovakiya ilə Azərbaycan müdafiə sənayesi sahəsində yeni layihələr üzərində çalışırlar

Slovakiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf edir və tərəflər müdafiə sənayesi sahəsində yeni layihələr üzərində çalışırlar.

Herbiand.az xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan Slovakiya üçün regionda mühüm ölkə olmaqla yanaşı, böyük dostdur:

“Biz yalnız yaxşı günlərin deyil, çətin vaxtların da dostu olmaq istəyirik. Azərbaycanın suverenlik və azadlıq uğrunda mübarizəsi zamanı ölkənizi dəstəkləməyə çalışdıq. Bu səylərin böyük uğurla başa çatmasına görə sizinlə birlikdə çox xoşbəxtik”.

Nazirin sözlərinə görə, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq genişlənir:

“Slovakiya tərəfdən əsasən reaktiv yaylım atəş sistemi üzrə əməkdaşlıq edirik. Buraya haubitsaların, minaatanların, avtomatik minaatanların və döyüş sursatlarının istehsalı daxildir. Bu sahələrdə böyük ənənəmiz var”.

R.Kalinak əməkdaşlığın ilk nəticələrindən birinin “ADEX” sərgisində təqdim olunacağını bildirib:

“Sabah əməkdaşlığımızın ilk nəticəsini – 120 millimetrlik avtomatik minaatanı görmək imkanınız olacaq. Bu, Azərbaycan istehsalı olan ilk nümunədir və sabah bizim stendimizdə təqdim olunacaq”.

O, Azərbaycanın pilotsuz uçuş aparatları texnologiyasının inkişafında əldə etdiyi nəticələrin Slovakiya üçün də maraqlı olduğunu söyləyib.

R.Kalinak bildirib ki, Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevlə görüşündə konkret məhsullar müzakirə olunacaq:

“Tərəflər texnologiyaların Azərbaycandan Slovakiyaya transferi imkanlarını da nəzərdən keçirəcəklər”.

Teleqraf