Advertisment

Nizami Kino Mərkəzində “Türkün Gücü” filmi təqdim edildi

Nizami Kino Mərkəzində “Türkün Gücü” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Herbiand.az xəbər verir ki, filmin təqdimat mərasimi şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Filmin layihə rəhbəri Kəmalə Paşayeva açıqlamasında bildirib ki, ekran əsəri mərhum millət vəkili, bacısı Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən həyata keçirilən layihə çərçivəsində ərsəyə gətirilib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Türk dünyası arasında körpü yaratmaqdır: “Qənirə Paşayevanın qurduğu təşkilat fəaliyyətini Türk dünyasına həsr edib. Film qeyri-hökumət təşkilatının maliyyə dəstəyi ilə ərsəyə gətirilib. Ekran əsəri 44 günlük Vətən müharibəsindən sonra Qarabağın yenidən bərpası və qurulması prosesində Türk dövlətlərinin Azərbaycana göstərdiyi dəstək və həmrəylikdən bəhs edir.

Düşünürəm ki, biz Qarabağ müharibəsindən əvvəlki və sonrakı dövrdə bütün dünyaya göstərdik ki, biz birlikdəyik, güclüyük və bundan sonra daha da güclü olacağıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Bizim bir ailəmiz var, o da Türk dünyasıdır. Türk dünyasından başqa ailəmiz yoxdur".

Filmin quruluşçu rejissoru Elnurə Kazımova isə “Türkün Gücü” sənədli filminin üç ay ərzində çəkildiyini bildirib.

“Film Ağdam, Şuşa, Xankəndi və Füzulidə çəkilib. Ekran əsərində Türk dövlətlərinin Azərbaycandakı səfirləri, Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu, həmçinin millət vəkili Polad Bülbüloğlu iştirak edib. Filmin əsas qayəsi Qarabağda qardaşlıq və dostluğu göstərməkdir”,- deyə rejissor qeyd edib.
Millət vəkili Polad Bülbüloğlu isə filmin Türk dünyasının daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıb.

“Film Türk dünyasını birləşdirməyə, Türk dünyasının bir-birinə daha da yaxınlaşmasına xidmət edir. 1992-ci ildə ilk dəfə olaraq türkdilli ölkələrin mədəniyyət nazirlərini bir araya toplamışam. Bakıda görüşdükdən sonra qərara gəldik ki, Türkiyədə görüşək. Türkiyədəki görüşdən sonra isə təşkilat yaratmağı qərara gəldik. Beləliklə, 1993-cü ildə TÜRKSOY təşkilatı yarandı. Mən qürur hissi ilə deyirəm ki, mədəniyyətlərin daha da yaxınlaşmasında Azərbaycanın rolu olub".

Qeyd edək ki, sənədli filmin təqdimat mərasimində Türkdilli ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, diplomatlar, həmçinin Azərbaycan və Türkiyədən olan siyasi və ictimai xadimlər iştirak ediblər.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel qeyd edib ki, Qarabağ Türk dünyasının dirçəlişinin rəmzidir: "Ona görə də Qarabağın bərpasına böyük önəm veririk. Bu gün hər kəsə göstəririk ki, Türk dünyası güclüdür. Türk dünyasının birliyi Qənirə Paşayevanın da ideyası idi.
Biz Qənirə xanımı çox sevirik və onu hər zaman xatırlayırıq. Allah ona rəhmət eləsin. Bütün şəhidlərimizi də rəhmətlə anırıq”.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer isə bu cür sənədli filmlərin çox əhəmiyyətli olduğunu vurğulayıb: "İnanıram ki, qarşıdakı dövrdə Türk dünyasının gücünün daha da artmasının şahidi olacağıq. Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyə və Azərbaycanın dəstəyi ilə daha gözəl günlərə doğru irəliləyəcəyinə əminəm. Qarabağ hər zaman qəlbimizdədir. Bu baxımdan Qarabağın inkişafını və yenidən qurulmasını görmək bizim üçün ayrıca qürurvericidir”.

Teleqraf