Advertisment

Şərurda şəhid kapitan Seymur Cabbarovun anım günü qeyd olunub

6 oktyabr 2026-cı il tarixdə Vətən müharibəsi şəhidi, kapitan Cabbarov Seymur İlham oğlunun şəhidlik ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, ilk olaraq Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və icra hakimiyyətinin əməkdaşları şəhidin Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, daha sonra ailəsi ilə görüşüblər.

Görüş zamanı Kamal Cəfərov şəhid kapitan Seymur Cabbarovun Vətən uğrunda keçdiyi şərəfli döyüş yolundan bəhs edib, onun əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıb.

Daha sonra Şəhidlər Xiyabanında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Surayə Bəşirova icra başçısı Kamal Cəfərovun salamlarını iştirakçılara çatdırıb.

Çıxışlarda şəhid kapitan Seymur Cabbarovun keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında xidmətlərindən, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda göstərdiyi şücaət və fədakarlıqdan söz açılıb. Qeyd olunub ki, şəhidimizin qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Sonda vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, şəhid kapitan Seymur Cabbarovun və bütün şəhidlərin ruhuna dualar oxunub.

Bəxtiyar ƏLİYEV