Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinin inkişafı son illərdə regional iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib. Xüsusilə Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar və Çindən Avropaya uzanan Orta Dəhliz Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Marşrut həm Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını genişləndirir, həm də Azərbaycanı Şərq-Qərb nəqliyyat bağlantısında mühüm həlqəyə çevirir.
Lakin beynəlxalq yükdaşımaların həcminin artması ilə yanaşı, marşrutun sürəti, logistika xərcləri, liman və dəmir yolu infrastrukturu, gömrük prosedurları və Xəzər üzərindən keçid imkanlarının təkmilləşdirilməsi məsələləri də aktuallaşır. Bəs Azərbaycanla Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafında Xəzər dənizi və Orta Dəhlizin rolu nə qədər əhəmiyyətlidir? Marşrutların daha səmərəli və rəqabətədavamlı olması üçün hansı addımlar atılmalıdır?
“Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”. Bu sözləri Herbiand.az-a açıqlamasında Crossmedia.az saytının baş redaktoru, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çox mühüm platformada inkişaf etməkdədir.

“Əlaqələrin belə yüksək səviyyəyə çatması Azərbaycanın artıq regionda Mərkəzi Asiya ölkəsi kimi qəbul olunmasına şərait yaradıb. Azərbaycan bərabərhüquqlu tərəfdaş kimi mühüm proseslərdə və qərarların qəbulunda yaxından iştirak edir ki, bu da çox vacib amillərdən biridir"-deyə, o, bildirib.
Siyasi şərhçi bu münasibətlərin inkişafında Xəzər dənizi və Orta dəhlizin rolunu xüsusi vurğulayıb.
“Xəzər dənizinin enerji resursları, nəqliyyat-logistika imkanları və Orta dəhlizin potensialının genişləndirilməsi tərəflər arasındakı əməkdaşlığı daha da möhkəmləndirir.
Həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionları nəqliyyat marşrutları baxımından son dərəcə strateji coğrafi mövqeyə malikdirlər. Bu cür genişmiqyaslı əməkdaşlıq hər iki regionun ümumi inkişafında müstəsna rol oynayır və tərəqqiyə xidmət edir”.
Yunis İsrəfilov