Son günlər Azərbaycanda məktəblərdə hicab məsələsi cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Mövzu ətrafında müxtəlif fikirlər səsləndirilir, dünyəvi təhsil, milli-mənəvi dəyərlər və məktəb qaydaları ilə bağlı müzakirələr aparılır.
Bəziləri şagirdlərin dini inanclarına hörmət edilməsinin vacibliyini vurğulayır, digərləri isə təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunmasını ön plana çəkir.
Məsələ ilə bağlı “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova da fikirlərini Herbiand.az-a bölüşüb.

Onun sözlərinə görə, qızların ilk növbədə dünyəvi təhsil alması, savadlı mütəxəssis kimi yetişməsi və cəmiyyətə fayda verməsi vacibdir: “Qızlar oxumalı, həkim, mühəndis, müəllim və digər peşələrin sahibi olmalı, öz bilik və bacarıqları ilə ölkənin inkişafına töhfə verməlidirlər.
Çünki təhsil alan ana gələcək nəslin də dünyagörüşünün formalaşmasına, övladlarının elmə və biliyə maraq göstərməsinə mühüm təsir edir. Bizim zamanımızda məktəblərdə geyim və dini simvollar ətrafında bu cür müzakirələr aparılmırdı. Əxlaq insanın geyimi ilə deyil, davranışı, tərbiyəsi, biliyi və başqalarına münasibəti ilə qiymətləndirilirdi.
Məktəb şagirdlər üçün sadəcə dərs keçirilən məkan deyil, müqəddəs elm ocağı, gələcəyin qurulduğu bir ünvan idi. Məktəbin əsas vəzifəsi uşaqlara bilik vermək, onların dünyagörüşünü genişləndirmək, sağlam ünsiyyət və dostluq münasibətləri qurmasına şərait yaratmaqdır”.
İradə Həsənova bildirib ki, məktəblilər arasında sağlam münasibətlər və düzgün düşüncə tərzi formalaşmalı, şagirdlər bir-birinə güvənməli və qarşılıqlı hörmət şəraitində ünsiyyət qurmalıdırlar: “Bizim dövrümüzdə oğlan sinif yoldaşları ilə birlikdə ekskursiyalara, kinoya, kitabxanalara gedir, birlikdə dərs hazırlayır, öyrənirdik. Valideynlərimiz də bizə güvənir, oğlanlarla qızların birlikdə təhsil almasını və ünsiyyət qurmasını təbii qarşılayırdılar.
Məktəb mühitində əsas diqqət dini və ya digər simvollara deyil, elmin, təhsilin, mənəvi dəyərlərin və qarşılıqlı hörmətin təşviqinə yönəlməlidir. Uşaqlar məktəbə bilik qazanmaq, özlərini inkişaf etdirmək və gələcəyə hazırlaşmaq üçün gəlirlər.
Buna görə də təhsil mühiti elmi düşüncəni, bərabər imkanları və sağlam sosial münasibətləri ön plana çıxarmalıdır. Qızların təhsildən kənarda qalması cəmiyyət üçün ciddi itkidir. Əsas məqsəd uşaqları hansısa mübahisələrin mərkəzinə çevirmək deyil, onların təhlükəsiz, sağlam və keyfiyyətli təhsil almasına şərait yaratmaq olmalıdır”.
İradə Həsənova valideynləri yad ideoloji təsirlərə uymamağa, qızlarının təhsil almasına şərait yaratmağa çağırıb. O bildirib: “Nə özünüz, nə də övladlarınız kimlərinsə təsir alətinə çevrilməsin. Fidan balalarımıza dini simvollardan daha çox təhsil, bilik və sağlam düşüncə lazımdır”.
Aydın