Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması yolunda ən böyük hüquqi maneə olan Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi hazırda regional gündəmin mərkəzindədir. İrəvanın 2026-cı ilin iyun seçkilərindən öncə və sonra apardığı taktiki gedişlər parlamentdə süni bir "bloklama" mühiti yaratsa da, Bakının qətiyyətli diplomatik gedişləri və iqtisadi-logistik rıçaqları Paşinyan hakimiyyətini yenidən geri addım atmağa məcbur edir. Zəngəzur dəhlizinin parametrləri və konstitusiya islahatları ilə bağlı İrəvandan gələn son açıqlamalar regional status-kvonun Azərbaycanın xeyrinə dəyişdiyini növbəti dəfə sübut edir.

Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Taleh Əliyev Herbiand.az-a açıqlamasında bildirib ki, bu prosesdə Ermənistan hakimiyyətinin verdiyi bəyanatların real siyasi addımlarla nə dərəcədə uzlaşacağı həlledici əhəmiyyət daşıyır: “2025-ci ilin 8 avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanın yekun sülh müqaviləsi ilə tamamlanması üçün Azərbaycan tərəfinin iki prinsipial tələbi vardı. Bu məsələdə Azərbaycanın irəli sürdüyü əsas tələblərdən ikisi xüsusi əhəmiyyət daşıyırdı. Bunlardan birincisi Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycan və Ermənistanın birgə şəkildə ATƏT-ə rəsmi müraciət etməsi idi. İkinci məsələ 2025-ci ilin sonlarına doğru öz həllini tapdı və ATƏT-in Minsk qrupu rəsmən ləğv edildi. Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinə gəldikdə isə, bunun hüquqi baxımdan həyata keçirilməsi üçün Ermənistanda ümumxalq referendumunun keçirilməsi və müvafiq konstitusiya dəyişikliklərinin qəbul edilməsi tələb olunur. Ermənistan hökuməti, baş nazir Nikol Paşinyan bunu 7 iyun 2026-cı ildə keçiriləcək seçkilərdən sonra gerçəkləşməsi ilə bağlı daha çox təbliğat aparırdı seçkilərdən öncə. Çünki konstitusiya mətninin müxalifətin əlini gücləndirəcəyi və seçkilərdə də onun partiyasının uduza biləcəyi arqumentləri ilə çıxış edirdi və Azərbaycan tərəfi də bu məsələyə daha çox ilıq yanaşaraq Ermənistanla konstitusiya islahatı aparılmadan iqtisadi, logistik istiqamətdə əlaqələrin genişləndirilməsinə birtərəfli qaydada start verdi. Azərbaycan üzərindən Rusiyadan və Qazaxıstandan olan tranzit yüklərin daşınmasına şərait yaradıldı, eyni zamanda Azərbaycan neft məhsullarının da Ermənistana göndərilməsinə icazə verildi. 7 iyun seçkilərində Nikol Paşinyan parlamentdə təkbaşına hökumət formalaşdırmağa imkan verən mandat sayını əldə etsə də, konstitusiya dəyişikliklərinin həyata keçirilməsi üçün tələb olunan konstitusiya çoxluğunu qazana bilmədi. Beləliklə, parlamentdə kifayət qədər səs çoxluğunun formalaşmaması yeni referendumun keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüsünün reallaşdırılmasını çətinləşdirdi və prosesi müəyyən mənada dalana dirədi. Çünki parlamentdə Ermənistan konstitusiyasının tələblərinə uyğun olaraq konstitusiya çoxluq əldə etmədi və Ermənistan tərəfindən belə bir hiyləgər taktika əl atıldığının fərqinə varan Azərbaycan hakimiyyətinin artan tələbləri və təzyiqləri fonunda biz yenidən Ermənistan hökumətinin konstitusiya dəyişiklik məsələsinin parlament müstəvisində müzakirə çıxarıldığının şahidiyik. Bu istiqamətdə müəyyən təşəbbüslər var və Ermənistan hökuməti müxalifəti konstitusiya islahatını aparacaq referenduma səs verməyəcəyi təqdirdə növbədənkənar seçkilərlə təhdid edir”.
Siyasi şərhçi deyib ki, bu prosesin nə dərəcədə uğurlu nəticələnəcəyini yaxın aylarda görmək mümkün olacaq: “Hesab edirəm ki, hazırda Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Bakının irəli sürdüyü əsas tələblərdən biri olan referendumun keçirilməsi və Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsi qarşısında aradan qaldırılması mümkün olmayan ciddi hüquqi və ya siyasi maneə mövcud deyil. Əsas məsələ Ermənistan hakimiyyətinin bu istiqamətdə siyasi iradə nümayiş etdirməsi və prosesi real addımlarla irəli aparmasıdır. Mövcud status-kvo Ermənistan hakimiyyətinin sülh müqaviləsinin imzalanmasına maneə yaradan konstitusiya dəyişikliklərinin edilməsi üçün zəruri referendumun keçirilməsi istiqamətində konkret addımlar atmasını ləngidir. Əgər bu məsələ yaxın vaxtlarda öz həllini tapmasa, Azərbaycanın diplomatik və digər istiqamətlərdə göstərəcəyi təsirlər nəticəsində Ermənistan hakimiyyətinin müvafiq addımları atmağa məcbur qalacağını düşünürəm. Çünki bir müddət öncə Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının 2031-ci ilə qədər yubana biləcəyini açıqlayırdısa, Ermənistan Xarici İşlər Nazirliyi Zəngəzur dəhlizindən yalnız dəmir yolunun keçəcəyini vurğulayırdısa, son günlər biz yenidən Ermənistanda konstitusiya islahatı ilə bağlı referendumn keçirilməsinin parlament kürsüsündən müzakirə edildiyinin şahidi oluruq. Nikol Paşinyanın son açıqlaması isə bundan ibarətdir ki, tranzit dəhlizindən həm dəmir yol, həm avtomobil yolu, həm də elektrik xəttlərini keçəcək. Neft və qaz kəmərləri isə ayrıca bir marşrut olaraq nəzərdən keçirilir.
Bütün bunlar o deməkdir ki, Azərbaycan tərəfinin diplomatik kanallarla və digər formada, yəni birbaşa təmaslar zamanı ötürdüyü mesajlar Ermənistan tərəfindən ciddi alınıb və qarşıdakı aylarda biz bu istiqamətdə bir irəliləyişin olacağının şahidi ola bilərik”.
Əliyev Məhəmməd