Türkiyənin İğdır şəhərində Azərbaycanın 8 Noyabr – Zəfər Günü və Qarabağın işğaldan azad edilməsinin 6-cı ildönümü münasibətilə tədbir keçirilib.
İğdır Valiliyi, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və İğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İğdır valisi Mustafa Fırat Taşolar, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Qoşqar Zeynalov, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.
Tədbirdə 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan baş leytenant Elçin İbrahimlinin anası Aynurə İbrahimli də iştirak edib və çıxış edib. Şəhid anası çıxışında Azərbaycanın qazandığı tarixi Zəfərdən, Qarabağın azad edilməsindən və şəhidlik məqamının müqəddəsliyindən bəhs edib.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan proqramda Azərbaycandan gələn sənətçilər konsert proqramı ilə çıxış edib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı tərəfindən xalq rəqsləri təqdim olunub. Tədbir çərçivəsində, həmçinin Har-ı Bülbül əl sənətləri sərgisi nümayiş etdirilib.
Qardaş Türkiyədə Azərbaycanın Zəfər tarixinin qeyd olunması, şəhidlərimizin xatirəsinə ehtiram göstərilməsi və milli dəyərlərimizin təbliği Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmliyini bir daha nümayiş etdirib.
Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq!