Son dövrlər gənclərin ailə həyatı qurmağa daha gec qərar verməsi və evliliyi təxirə salması cəmiyyətdə diqqət çəkən sosial tendensiyalardan birinə çevrilib.
Yaşı 28-30-u, hətta 40-ı ötən bir çox gəncin hələ də ailə həyatı qurmaması müxtəlif səbəblərlə əlaqələndirilir. Bəs bu tendensiyanın arxasında əsasən hansı amillər dayanır: işsizlik, maddi çətinliklər, mənzil problemi və sosial təminatsızlıq, yoxsa mənəvi dəyərlərin və ailə institutuna münasibətin dəyişməsi?
Digər tərəfdən, müasir həyat tərzi, şəxsi azadlıq və karyera prioritetləri də gənclərin evlilik qərarına təsir göstərən amillər sırasındadır.
Bütün bunlar gənclərin ailə qurmaqdan yayınmasının səbəblərinin sosial, iqtisadi və psixoloji aspektlərdən araşdırılmasını zəruri edir.
Psixoloq Aytən Ələkbərova Herbiand.az-a açıqlamasında bildirib ki, gənclərin ailə qurmaqdan çəkinməsinin arxasında həm sosial-iqtisadi çətinliklər, həm də psixoloji və mənəvi amillər dayanır:

“Məsələ ondan ibarətdir ki, hal-hazırda dinlədiyimiz gənclərin, hansı ki, valideynləri daha çox israrla "doktor, bəlkə siz danışasınız, mən bacarmıram, artıq 28 yaşı var, nə qızım, nə oğlum ailə qurmaq istəmir”. Təbiidir ki, bəzən biz baxırıq ki, burada daha çox işlədilən ifadələr bundan ibarət olur: hansı ki, valideyn olmağa psixoloji cəhətdən hazır deyiləm. Mən özüm görürəm də, mən valideynimdən çox şey tələb edirəm. Sabah övladım da məndən bunu tələb etdiyi halda, mən bunun öhdəsindən gələ bilməyəcəm.
Gün-gündən yaşayış daha da çətinləşir, fərdi öz həyatımı yaşamaq istəyirəm. Karyeramı qurub özüm üçün yaşamaq istəyirəm və yaxud digər gəncin birisi deyir ki, hal-hazırdakı durumumla, yaşadığım ya həyat tərzi ilə hətta toy etməyə lazım olacaq öhdəliklər məndə yoxdur və mən bunun öhdəsindən gələ bilmirəm.
Çünki hər şey həddindən artıq çox abartılı dərəcədə. İstər müğənnilərin qiymətləri olsun, gəncdirlər, heç kimdən dostdan, rəfiqədən geri qalmamaq düşüncəsi ilə mən də istəyirəm ki, tutalım ki, toyumda filan müğənni oxusun, amma mənim ona gücüm çatmır. Məsələn, qız oturub ağlayır ki, mənim rəfiqəmdə bu idi və bu cür düşüncə ilə cib axtarışına çıxılır. Çıxan cib axtarışı da təbiidir ki, sonda hər bir oğlanda bir məyusluq yaradır və ona görə də düşünür ki, mən ondan isə ailə qurmayım. Digər tərəfdən, bu tendensiyanın uzunmüddətli perspektivdə demoqrafik və sosial nəticələri də ciddi narahatlıq doğurur. Ailə qurmaq və doğum səviyyəsinin azalması gələcəkdə əhalinin sayının artım tempinə mənfi təsir göstərə, nəsillər arasında tarazlığı poza bilər. Eyni zamanda, əmək qabiliyyətli əhalinin payının azalması yaşlanan əhalinin sosial təminatı ilə bağlı dövlətin üzərinə düşən yükü artıracaq.
Gələcəkdə yaşlı insanların tək yaşaması, sosial qayğıya ehtiyac duyması və pensiya təminatı məsələləri daha da aktuallaşacaq. Bu isə qocalar evlərinə, sosial xidmətlərə və dövlət dəstəyinə tələbatın artmasına səbəb ola bilər. Bu prosesin davam etməsi gələcəkdə ölkənin demoqrafik vəziyyətinə də ciddi təsir göstərəcək. Evliliklərin və doğum sayının azalması nəticə etibarilə əhalinin artım tempinin zəifləməsinə, gənc nəslin payının azalmasına gətirib çıxara bilər. Digər mühüm məsələ isə əhalinin yaş strukturunun dəyişməsi və əmək qabiliyyətli insanların ümumi sayının azalmasıdır. Belə olan halda yaşlı nəslin pensiya, sosial təminat və gündəlik qayğı ehtiyaclarının qarşılanması dövlət üçün daha böyük sosial-iqtisadi yükə çevrilə bilər. Eyni zamanda, tək yaşayan yaşlıların sayının artması sosial xidmətlərə və xüsusi qayğı müəssisələrinə tələbatı da yüksəldə bilər”.
Psixoloqun fikrincə, gənclərin ailə qurmaq qərarını təxirə salmasının əsas səbəblərindən biri maddi çətinliklər və maliyyə idarəetməsi ilə bağlı problemlərdir. O bildirib ki, ailə qurmaq məsələsi cəmiyyətin diqqət mərkəzində saxlanılmasa, bu, gələcəkdə həm əhalinin artımına, həm də sosial inkişafa təsir göstərə bilər: “Hətta müəyyən gəliri olan gənclər belə gündəlik xərclərini düzgün planlaşdıra bilmədikləri üçün ailə məsuliyyətini üzərlərinə götürməkdə çətinlik çəkirlər. Valideynlər övladlarına pul xərcləməyi deyil, maliyyə vəsaitini düzgün idarə etməyi, qənaət etməyi və gələcək üçün plan qurmağı öyrətməlidirlər”.
Aytən Ələkbərova, həmçinin sosial şəbəkələrdə özünü mütəxəssis kimi təqdim edən, lakin peşəkar hazırlığı və təhsili bəlli olmayan şəxslərin gənclərin düşüncələrinə təsir göstərdiyini vurğulayıb. Onun fikrincə, müxtəlif motivasiya çıxışları, astroloji proqnozlar və əsassız vədlər bəzi gənclərdə yanlış gözləntilər formalaşdırır. Nəticədə insanlar fərdi həyatlarını idarə etməkdə çətinlik çəkdikləri halda, ailə məsuliyyətini bölüşməyin daha mürəkkəb olacağını düşünürlər. Psixoloq əlavə edib ki, qadınların karyera qurması və şəxsi maliyyə müstəqilliyinə üstünlük verməsi də ailə büdcəsi və birgə həyatla bağlı yanaşmalara təsir edən amillərdəndir.
Sosioloq Nailə İsmayılova isə hesab edir ki, müasir dövrdə gənclərin ailə və evlilik institutuna münasibətində ciddi dəyişikliklər müşahidə olunur.

“Belə ki, nikaha daxilolma yaşının artması, ailə qurmaq qərarının sonraya saxlanılması və fərdi həyata üstünlük verən gənclərin sayının çoxalması cəmiyyətdə yeni sosial tendensiya kimi diqqət çəkir.
Onun fikrincə, əvvəllər həyatın vacib mərhələlərindən biri sayılan ailə qurmaq artıq bir çox gənc üçün zərurət deyil, şəxsi istək və seçim əsasında verilən qərara çevrilib. Hesab edirəm ki, bu məsələyə yalnız gənclərin ailə dəyərlərindən uzaqlaşması kimi yanaşmaq doğru olmaz. Çünki bugünkü gənclərin dünyagörüşü, həyat prioritetləri, iqtisadi imkanları və gələcəklə bağlı gözləntiləri əvvəlki nəsillərdən xeyli fərqlənir. Onlar ailə qurmaq qərarını daha çox şəxsi azadlıq, iqtisadi təminat, emosional rahatlıq və gələcək perspektivləri baxımından qiymətləndirirlər.
İlk növbədə, gənclərin ailə qurmaqdan çəkinməsinin başlıca səbəblərindən biri iqtisadi qeyri-sabitlikdir. Bu gün ailə qurmaq yalnız iki insanın bir-birini sevməsi və birlikdə yaşamaq qərarı deyil. Mənzil problemi, işsizlik, aşağı əməkhaqqı, gündəlik yaşayış xərcləri, övladın dünyaya gətirilməsi və böyüdülməsi ilə bağlı məsuliyyətlər gənclərin qarşısında ciddi maneələr yaradır. Bir çox gənc özünün iqtisadi müstəqilliyini təmin etmədən ailə qurmağı risk hesab edir. Onlar gələcəkdə maddi çətinliklər səbəbindən ailədaxili münaqişələrlə üzləşməkdən qorxurlar.
Digər mühüm səbəb müasir gənclərin fərdi həyata və şəxsi azadlığa daha çox üstünlük verməsidir. Karyera qurmaq, özünü inkişaf etdirmək, səyahət etmək, şəxsi maraqlarını reallaşdırmaq onların həyatında mühüm yer tutur. Bəzi gənclər ailə məsuliyyətlərinin bu məqsədlərə çatmağa mane olacağını düşünürlər.
Onlar üçün tək yaşamaq öz həyatına nəzarət etmək, qərarlarını müstəqil vermək və heç kimdən asılı olmamaq deməkdir. Lakin məsələnin daha dərin psixoloji tərəfi də var. Bu gün gənclər ətraflarında çoxsaylı uğursuz ailə nümunələri görürlər. Boşanmalar, xəyanətlər, məişət zorakılığı, ailədaxili münaqişələr, valideynlərin bir-birinə qarşı hörmətsiz münasibəti onların ailə haqqında təsəvvürlərinə ciddi təsir göstərir.
Bəzən uşaqlıqdan münaqişəli ailə mühitində böyüyən gənclər gələcəkdə eyni taleyi yaşamaqdan ehtiyat edirlər. Nəticədə ailə onlar üçün sevgi, güvən və xoşbəxtlik məkanı olmaq əvəzinə, emosional risk kimi görünməyə başlayır. Münasibətlərdə etimadın zəifləməsi də diqqətdən kənarda qalmamalıdır.
Sosial şəbəkələr, virtual ünsiyyət, sürətli tanışlıqlar və münasibətlərin asanlıqla başlayıb bitməsi insanların bir-birinə bağlanmasını çətinləşdirə bilir. Bəzən insanlar real münasibət qurmaq, qarşılıqlı güzəştə getmək və problemləri birlikdə həll etmək əvəzinə, ən kiçik anlaşılmazlıq zamanı münasibəti bitirməyə üstünlük verirlər. Halbuki sağlam ailə yalnız sevgi üzərində deyil, səbir, etibar, məsuliyyət və qarşılıqlı anlayış üzərində formalaşır.
Burada cəmiyyətin və valideynlərin gənclərə münasibətini də xüsusi qeyd etmək lazımdır. Qızlara müəyyən yaşa qədər ailə qurmaq, oğlanlara isə ev, avtomobil və yüksək gəlir sahibi olmaq kimi gözləntilərin qoyulması bəzən gənclərdə əlavə psixoloji təzyiq yaradır. Bir tərəfdən cəmiyyət onlardan ailə qurmağı tələb edir, digər tərəfdən isə ailə qurmaq üçün çoxsaylı sosial və maddi şərtlər irəli sürür. Bu ziddiyyət gənclərin qərar verməsini daha da çətinləşdirir”.
Sosioloq hesab edir ki, bu tendensiya demoqrafik vəziyyətə təsirsiz ötüşməyəcək.
Onun fikirincə, nikahların və doğumların azalması əhalinin yaş strukturunun dəyişməsinə, yaşlı nəslin ümumi əhali arasında payının artmasına və gələcəkdə əmək qabiliyyətli əhalinin azalmasına gətirib çıxara bilər: “Bu isə əmək bazarı, iqtisadi inkişaf və sosial təminat sistemi qarşısında yeni çağırışlar yarada bilər. Digər tərəfdən, ailə institutunun zəifləməsi nəsillərarası münasibətlərə və sosial həmrəyliyə də təsir edə bilər. Ailə yalnız valideyn və övlad münasibətlərindən ibarət deyil.
O, insanda qayğıkeşlik, məsuliyyət, paylaşmaq, böyüklərə hörmət və kiçiklərə sevgi kimi dəyərləri formalaşdıran mühüm sosial mühitdir. Ailə münasibətlərinin zəifləməsi bu dəyərlərin ötürülməsi prosesini də çətinləşdirə bilər. Tənhalığın artması isə ayrıca sosial problemə çevrilə bilər. Tək yaşamaq insanın mütləq tənhalıq yaşaması demək deyil. İnsan ailəli olduğu halda da özünü tənha hiss edə bilər. Lakin davamlı sosial əlaqələrin, emosional dəstəyin və yaxın münasibətlərin olmaması zamanla insanın sosial həyatdan uzaqlaşmasına səbəb ola bilər.
Bu problem yalnız yaşlı nəslə deyil, gənclərə də aiddir. Mənim qənaətimcə, burada əsas məsələ gəncləri ailə qurmağa məcbur etmək deyil, onların ailə qurmaq istəyini və bu qərara olan inamını gücləndirməkdir. Bunun üçün gənc ailələrin mənzil təminatına, məşğulluq imkanlarına, sosial müdafiəsinə diqqət artırılmalı, ailədaxili münasibətlərin sağlam qurulması istiqamətində maarifləndirmə işi genişləndirilməlidir.
Eyni zamanda, gənclərə ailə həyatının yalnız məsuliyyət və öhdəliklərdən ibarət olmadığını, sağlam münasibətlərin insana mənəvi dayaq, güvən və həyatın çətinliklərini bölüşmək imkanı verdiyini göstərmək lazımdır. Bir məqamı da unutmamalıyıq: ailə qurmaq hər bir insanın şəxsi seçimidir. Tək yaşamağı seçən hər bir gənci cəmiyyət üçün təhlükə hesab etmək olmaz. Əsl narahatlıq gənclərin ailə istəmədikləri üçün deyil, ailə qurmaq istədikləri halda iqtisadi çətinliklər, gələcək qorxusu və münasibətlərə inamsızlıq səbəbindən bu addımı ata bilməmələridir.
Müasir gənclərin tənhalığa meyli yalnız bir nəslin həyat tərzindəki dəyişiklik deyil, cəmiyyətin sosial və mənəvi inkişafı ilə bağlı ciddi bir siqnaldır. Biz gəncləri ailə qurmağa çağırırıqsa, ilk növbədə onların qarşısında duran maneələri görməliyik.
Güclü cəmiyyətin təməlində yalnız çoxsaylı ailələr deyil, sağlam münasibətlər, qarşılıqlı hörmət, sevgi və məsuliyyət üzərində qurulmuş ailələr dayanır. Məqsəd gəncləri sadəcə evləndirmək deyil, ailə qurmağı onlar üçün qorxulu məsuliyyətə deyil, arzu olunan həyat seçiminə çevirmək olmalıdır”.
Məhəmməd Əliyev
Herbiand.az