Advertisment

“Onlar universitetlərə imtahansız qəbul oluna bilər”-QHT sədrindən məşğulluqla bağlı vacib təkliflər

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi davam edir. Bu mərhələdə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə yanaşı, qazilərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası da mühüm məsələlərdən biri olaraq qalır. Eyni zamanda, mina təhlükəsi, məşğulluq, mənzil təminatı və tibbi-psixoloji dəstək kimi problemlər diqqət mərkəzindədir. Müharibədən sonrakı dövrdə ictimai təşkilatların üzərinə düşən vəzifələr, onların qazilərə və şəhid ailələrinə dəstək istiqamətində fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 

Azərbaycan Respublikası “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri və “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Firidun Məmmədov Hərbiand.az-a açıqlamasında bildirib ki, onların əsas fəaliyyət istiqaməti müharibə əlillərinin, veteranların və xüsusilə şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi və işlə təminat sahəsində daha yaxşı nəticələrin əldə olunmasına dəstək verməkdir: “Döyüşçülər, müharibə veteranları və qazilər arasında işsizliyin aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var. Bu problemin əsas səbəblərindən biri müharibə iştirakçılarının böyük əksəriyyətinin ali təhsilinin və konkret peşə ixtisasının olmamasıdır. Nəticədə onların əmək bazarında iş tapmaq imkanları məhdudlaşır. Belə şəxslər əsasən fəhləlik və sürücülük kimi işlərə müraciət edirlər. Halbuki bu sahələrdə də iş yerlərinin sayı məhduddur və hər kəsin məşğulluğunu təmin etmək mümkün olmur”. 

Firidun Məmmədov qeyd edib ki, bu problemin həlli istiqamətində irəli sürdükləri əsas təkliflərdən biri müharibə əlilləri, veteranları və şəhidlərin həyat yoldaşlarının ali təhsil müəssisələrinə imtahansız qəbulu ilə bağlı xüsusi qanunvericilik təşəbbüsünün həyata keçirilməsidir.

“Təklifə əsasən, ali təhsil müəssisələrinin üzərinə hər il qəbul planının müəyyən hissəsini, məsələn, 10-15 faizini qeyd olunan kateqoriyadan olan şəxslərin imtahansız qəbulu üçün ayırmaq öhdəliyi qoyulmalıdır. Bununla yanaşı, qəbul olunan şəxslərdən təhsil müddətində yüksək məsuliyyət və akademik göstəricilər tələb edilməlidir. Məqsəd müharibə iştirakçılarının peşə və ixtisas əldə etməsinə şərait yaratmaqla onların əmək bazarına çıxış imkanlarını genişləndirmək və işsizliyin azaldılmasına töhfə verməkdir”-deyə, qazi bildirib.

F. Məmmədov qeyd edib ki, bu təşəbbüslə bağlı aidiyyəti dövlət qurumları ilə, o cümlədən Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Milli Məclisin Elm və təhsil komitəsi, eləcə də Əmək və sosial siyasət komitəsi ilə görüşlər keçirilib: “Lakin indiyədək təklifin reallaşdırılması istiqamətində ciddi nəticə əldə olunmayıb. Bu təşəbbüsün həyata keçirilməsi müharibə əlillərinin və veteranların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların məşğulluq probleminin həllinə mühüm töhfə verə bilər”.

Böyük Qayıdış proqramından danışan F.Məmmədov bildirib ki, dövlət Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirib. Onun sözlərinə görə, görülən işlər həm maliyyə resursları, həm də insan əməyinin həcmi baxımından olduqca böyükdür: “İşğaldan azad edilmiş ərazilərin genişliyini nəzərə alsaq, burada faktiki olaraq sıfırdan yeni yaşayış məntəqələrinin, infrastrukturun və sosial obyektlərin tikintisi həyata keçirilir. Bu miqyasda quruculuq işlərinin aparılması kifayət qədər mürəkkəb və uzunmüddətli prosesdir.

Böyük Qayıdış prosesinə müəyyən maneələr də təsir göstərir. Bunların sırasında Ermənistanın işğal dövründə ərazilərdə basdırdığı minalar və digər partlayıcı sursatlar xüsusi yer tutur. Doğma yurdlarına qayıdış prosesinin ləngiməsinə təsir edən əsas amillərdən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin uzanmasıdır: “Qarabağa böyük həcmdə investisiya yatırmaq niyyətində olan beynəlxalq investorlar və iri şirkətlər sülh müqaviləsinin imzalanmasını gözləyirlər. Çünki onlar üçün əsas təminatlardan biri iki ölkə arasında dayanıqlı sülhün və hüquqi razılaşmanın mövcudluğudur. Təbii ki, Azərbaycan dövləti investorların təhlükəsizliyi və fəaliyyətinin təmin olunması üçün lazımi imkanlara malikdir”.

Hərbi-vətənpərvərlik istiqamətində ictimai birliklərin roluna toxunan F. Məmmədov bildirib ki, bu təşkilatlar daha geniş fəaliyyət göstərmək və cəmiyyətə daha böyük töhfə vermək imkanına malikdirlər: 

“İstər rəhbərlik etdiyim təşkilat, istərsə də digər ictimai birliklər bu sahədə daha geniş layihələr həyata keçirə bilərlər. Bunun üçün isə dövlət tərəfindən ictimai təşkilatlara daha ciddi dəstək paketlərinin təqdim edilməsinə ehtiyac var. QHT-lərə Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərir və bu qurum müxtəlif ictimai təşəbbüslərin, layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi verir. İctimai birliklər də elan olunan qrant müsabiqələrində iştirak edərək öz layihələrini reallaşdırırlar”. 

O qeyd edib ki, bir sıra Avropa ölkələrində ictimai birliklərin fəaliyyəti üçün dövlət büdcəsindən mütəmadi vəsait ayrılır: “Bu dəstək təşkilatların ofis şəraitinin təmin olunmasından tutmuş, gündəlik fəaliyyətlərinin və müxtəlif sosial təşəbbüslərinin maliyyələşdirilməsinə qədər geniş sahələri əhatə edir. Nəticədə vətəndaş cəmiyyətinin institusional inkişafı üçün daha əlverişli imkanlar yaranır.

Azərbaycanda da QHT-lərə daha geniş maliyyə paketlərinin təqdim edilməsinə, ciddi dəstək mexanizmlərinin yaradılmasına və zərurət yarandıqda bu sahədə yeni qanunvericilik təşəbbüslərinin irəli sürülməsinə ehtiyac var. Son illərdə ictimai birliklərin üzərinə düşən vəzifələr xeyli artıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra qazilərin, müharibə veteranlarının və şəhid ailələrinin sayı artıb, onların sosial, hüquqi və digər problemlərinin həlli daha böyük əhəmiyyət qazanıb. Bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi, təminat və təchizat məsələləri, eləcə də təhsil və peşə potensiallarının yüksəldilməsi ciddi diqqət tələb edir”.

Onun sözlərinə görə, bu məsələlərin həllində dövlət qurumları ilə yanaşı, QHT-lərin də mühüm rol oynamaq və real dəstək göstərmək imkanları var. 

Bunun üçün isə ictimai birliklərin fəaliyyətini genişləndirməsinə şərait yaradılmalı, dövlət tərəfindən onlara daha davamlı və əhatəli dəstək göstərilməlidir.

Murad Muradlı

Herbiand.az