Bu gün Azərbaycan futbolunu Avropanın diqqət mərkəzinə çıxaracaq maraqlı qarşılaşma baş tutacaq. Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasında İspaniya nəhəng klubu “Barselona” ilə üz-üzə gələcək. Qarşılaşma “Sabah” üçün həm ciddi sınaq, həm də Avropa futbolunda özünü göstərmək baxımından mühüm fürsət olacaq.
İdman eksperti Aslan Kərimov Herbiand.az-a açıqlamasında “Sabah” klubunun şanslarını dəyərləndirib:
"Futbolda bəzən zəif komandalar güclü rəqiblərə qarşı nəticə əldə edə bilirlər. “Sabah”ın “Barselona” ilə qarşılaşmasını da bu baxımdan qiymətləndirmək olar. “Barselona”nın potensialı, tarixi və heyətinin dəyəri ilə “Sabah”ı müqayisə etmək futbol mütəxəssisi olmağı tələb etmir. Buna baxmayaraq, “Sabah”ın Çempionlar Liqasında güclü rəqiblərə qarşı nümayiş etdirdiyi performans komandaya ümid verir.
İngiltərədə “Mançester Yunayted”, Bakıda isə Dortmund “Borussiya”sına qarşı keçirilən oyunlarda “Sabah” kifayət qədər yaxşı çıxış edib, qol imkanları yaradıb. “Barselona” ilə qarşılaşmada da komandanın özünü yaxşı tərəfdən göstərəcəyinə inanıram. Bu oyun “Sabah”ın futbolçuları üçün karyeralarında yadda qalan ən vacib qarşılaşmalardan biri olacaq. Onlar bu fürsətdən maksimum yararlanmağa və özlərini göstərməyə çalışacaqlar.
“Barselona” bu oyunun favoriti olsa da, “Sabah”ın əks-hücumlarda imkanları ola bilər. “Barselona”nın gənc mərkəz müdafiəçisi Pau Kubarsi zaman-zaman səhvlərə yol verə bilər və “Sabah” belə məqamlardan yararlanmağa çalışmalıdır. Əlbəttə, bu imkanların nə qədər tez-tez yaranacağı müzakirəyə açıqdır, amma qol şanslarımızın olacağını düşünürəm”.
Millinin sabiq üzvü deyib ki, “Barselona”nın əsas oyun fəlsəfəsi topa sahib olmaq, onu nəzarətdə saxlamaq və top itkisi zamanı dərhal geri qazanmağa çalışmaqdır: “Onlar topu itirdikləri anda kollektiv şəkildə təzyiq göstərərək onu rəqibin yarı meydançasında geri qaytarmağa çalışırlar. “Sabah”ın diqqət yetirməli olduğu məqam topu qazandıqdan sonra mövqelərini düzgün qorumaq və topu tez itirməməkdir. Top itkisi zamanı isə “Barselona” bizi çox çətin vəziyyətə sala bilər.
Bu baxımdan diqqətli olmaq lazımdır. Şanslarımız var, niyə də “Barselona” ilə heç-heçə etməyək? Amma bunu sözlə ifadə etmək asan, meydanda həyata keçirmək isə həddindən artıq çətindir. Şansımız var, lakin çox deyil”.
Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
Yunis