Advertisment

Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB

2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) 28.11.2026-cı il tarixində saat 16:40 radələrində Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, suda boğulma diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən azyaşlı ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında tibb müəssisəsindən buraxılıb.

***

28 noyabr, saat 21.45

Siyəzən rayonunda Taxtakörpü–Ceyranbatan su kanalında batan azyaşlının meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Allahverdiyevin meyiti batdığı yerdən 10 kilometr aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



***
28 noyabr, saat 21:09

Siyəzən rayonunda iki azyaşlı Taxtakörpü–Ceyranbatan su kanalına düşüb.

Hadisə noyabrın 28-də Siyəzən şəhəri yaxınlığında baş verib.

İlkin məlumata əsasən, uşaqlar kanalın kənarında oynayarkən suya düşüblər.

Azyaşlılardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib, digərinin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

APA