Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatlar istilik mövsümünün ilk ayında 10 milyard kubmetrdən çox azalıb.
Bu barədə "Gas Infrastructure Europe" (GIE) qurumunun məlumatları əsasında aparılan hesablamalarda bildirilib.
Hesablamalara görə, son 31 gündə anbarlardakı ehtiyatların azalma tempi əvvəlki beş ilin orta göstəricisindən 43 faiz yüksək olub. İstilik mövsümünün başlanğıcından (28 oktyabr) anbarlardan ümumilikdə 11,5 milyard kubmetrə yaxın qaz çıxarılıb. Bu, payız-qış dövrünün ilk ayı üçün müşahidələr tarixində rekord göstəricidir.
Noyabrın 27-nə olan məlumata əsasən, Avropanın yeraltı qaz anbarları cəmi 65,97 faiz doludur. Ötən ilin eyni dövründə 76,4 faiz olan bu göstərici 2011-ci ildən bəri qeydə alınan ən aşağı səviyyədir.
Hazırda Avropa İttifaqının anbarlarında təxminən 72,2 milyard kubmetr qaz qalıb ki, bu da ötən illə müqayisədə 12,1 milyard kubmetr azdır.
Qeyd edək ki, Avropa Komissiyasının tələbinə görə, üzv ölkələr dekabrın 1-dək anbarları 90 faiz səviyyəsində doldurmalı olsalar da, bu payız maksimum göstərici 74,96 faiz təşkil edib.
teleqraf