Advertisment

10 zəngin dünyada 3,1 milyard yoxsuldan daha varlıdır

Koronavirus pandemiyası başlanandan dünyanın 10 ən zəngin adamının sərvəti iki dəfədən çox artaraq 1.5 trilyon dollara çatıb. Məlumatı Britaniyanın Oxfam xeyriyyə təşkilatı yayıb.

Elə pandemiya dövründə 160 milyondan çox insan yoxsulluğa sürüklənib. Oxfam bu həftə gözlənən virtual Dünya İqtisadi Forumu öncəsi, yanvarın 17-də hesabatını yayıb.

Təşkilat bildirir ki, superzənginlərin pandemiya dövründə daha da varlanmasına səbəb nəhəng iqtisadi stimul paketlərinin səhmləri və digər aktivləri bahalandırmasıdır. Pandemiya başlanandan hər 26 saatda bir yeni milyarder yaranıb. Dünyanın 10 ən zəngin adamı hazırda ən yoxsul 3.1 milyard nəfərdən daha çox sərvətə malikdir.

 

“Bu, şans deyil, seçim məsələsidir. Zənginlər və ən nüfuzlu şəxslər üçün struktur siyasət seçimləri iqtisadi zorakılığa səbəb olur. Bu isə hamımıza, ən kasıblara, qadınlara və qızlara, irqi azlıq üzvlərinə daha çox birbaşa ziyan vurur”, – hesabat müəllifləri bildirirlər.

Sənədə görə, bərabərsizlik nəticəsində hər gün 21 min insan dünyasını dəyişir. Bu ölümlərin səbəbi tibbi xidmətə çıxışın olmaması, gender əsaslıq zorakılıq, aclıq və iqlim dəyişikliyidir. Təşkilat milyarderlərin gözlənilməz gəlirlərindən daha çox vergi tutmağa, zəngin ölkələri COVID-19 vaksinləri üçün intellektual mülkiyyət hüquqlarını qaldırmağa çağırır. Oxfam bildirir ki, superzənginlərdən yığılan vergi pulu ehtiyac içində olanları vaksinlə, tibbi xidmətlə təmin etməyə, sosial xərclərə sərf oluna bilər.

Bu həftə Davosda keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumu pandemiya səbəbindən təxirə salınıb. "Omikron" ştamının yoluxmaları artırmasına görə siyasətçilər, vətəndaş cəmiyyəti liderləri və biznes adamları virtual olaraq bir araya gələcəklər.