Advertisment

Ruhumun Şəhərindən Ruhumuzun Körpüsünə qədər və sonra...

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə işğaldan azad edilən ərazilərə dördüncü səfərim də başa çatdı. Hər dəfə nəsə yazmaq istəmişəm, amma alınmayıb. Bəlkə də ona görə ki, bu səfərlərin heç birində emosional gərginlik hiss etmədim. 1988-ci ildən 2020-ci ilə qədər yaşadıqlarım və peşə vərdişlərim məni bir az köntöyləşdirib sanki. Yaxın dostumun cəsədinin tanınmasından keçirdiyim sarsıntı, yaxın qohumumun cəsədinin atəş altından çıxarılması üçün kartof çuvalı kimi avtomobilin yük yerinə atmağım, atəşkəs dövründə şəhid olan əsgərlərimizin ailələrinə etdiyim səfərlər və daha nələr, nələr... bir az yox, çox köntöyləşdirib məni. Amma Şuşanın havası deyəsən yumşaltdı məni.

RUHUMUN ŞƏHƏRİNDƏKİ RUHLAR
Ağdam mənim üçün ruhumun şəhəri olub həmişə. Mənim üçün ən müqəddəs ziyarətgah da məhz Ağdamdı. Həmişə fikirləşmişəm ki, kaş gecə-gündüz gileyləndiyimiz sosial, iqtisadi, siyasi problemlər bundan da çox olaydı, amma mən Ağdamda olaydım.

Qismət oldu. Artıq Ağdam azaddır. Artıq Ağdamda yaşayacağım günü gözləyirəm. Ağdama işğaldan sonra ilk səfərimdə Ağdamın ruhunu tapmağa, onunla danışmağa çalışdım... Alınmadı. Bu ruh barədə ayrıca yazacam. İnanın, o şəhərin ruhu var. Amma azad olunandan sonra ilk səfərimdə sanki bu şəhəri biz tərk edəndən sonra orada yaşamış ruhlar – Allahverdinin, Asifin, Ərşadın, Yaqubun, Eldarın, Şamilin, Xosrovun, Şirinin... ruhları bizi qarşıladı və məzəmmətlə bizi süzüb “Xoş gəlmisiniz” dedilər.

 

ÖZÜ AYRILIB BİZİ QOVUŞDURANLAR
Suqovuşana səfərimiz zamanı məni tərk etməyən bir hiss vardı. Bizim Qarabağa qovuşmağımız üçün ruhunu cismindən ayıranlar barədə düşünürdüm ancaq. Bir az mistik, bir az da utopik idi. Amma heç cürə ağlımdam çıxara bilmirdim onları. Avtobus hərəkət elədikcə aynadan baxanda hər tərəfdə ruhların cisimdən ayrılmasını görürdüm sanki. Və o ruhlar bizə baxıb məmnun-məmnun gülümsəyirdilər, biri-birilərinə bizi göstərib “gəldilər” deyirdilər.

 

RUHUMUZUN KÖRPÜSÜ
Azad olunan ərazilərimiz içərisində Xüdafərin tam başqa bir məna kəsb edir. Azərbaycan adlı bir müqəddəsliyin tam, bütöv, vahid bir reallığa çevrilməsi üçün enerji mənbəyi, kompası, yolumuza işıq salan mayakdır sanki. Müasir gənclərin dili ilə desək, Xüdafərin transformasiyamızın matritsasıdır.

Xüdafərin dünyadakı azərbaycanlıları bir-birinə bağlayan körpüdür. O, təkcə Arazın o tayı ilə bu tayını birləşdirmir. Xüdafərin Avropanı Asiya, Afrikanı Amerika ilə birləşdirir. Azərbaycan əsgəri dünya azərbaycanlılarının vahidliyinin simvolu, matritsası olan bir varlığı azad edib.

 

VƏ ŞUŞA
Şuşada sonuncu dəfə 30 il əvvəl, 1991-ci ilin dekabrında olmuşam. Ağdamdan vertolyotla uçmuşdum. Qarlı, dumanlı bir gün idi. Vertolyot Şuşaya gedəndə də, geri qayıdanda da pilotun peşəkarlığı sayəsində bu uçuş baş tutdu. Çünki həm hava uçuş üçün münasib deyildi, həm də sərnişinlər çox idi. Yəni, nəzərdə tutulandan artıq yüklənmişdi.

Bu dəfə isə Zəfər Yolu ilə gedirdim. Yol boyu viran qalmış yurd yerləri və bir də... İndi Qarabağ böyük bir tikinti meydançasıdır. Hər tərəfdə iş gedir. Yol çəkilir, infrastruktur qurulur. Hər iki gözümüz ağlayır, biri kədərdən, biri sevincdən.

Daşaltı... Ətrafa göz gəzdirirəm. Daşaltı əməliyyatı barədə apardığım araşdırmalarda eşitdiklərimi yenidən canlandırmağa çalışıram. Sığnaqdan gələn yol, Şüşükəndə gedən yol. Nəbilərdən gələn cığır. 30 il sonra döyüş səhnələri canlanır gözümün qabağında. Necə pusquya düşüb Azərbaycanın birinci batalyonu?

Sağ tərəfdə sıldırım qayalar. Bu qayalardan dişi ilə, dırnağı ilə Şuşaya doğru gedən Azərbaycan əsgəri canlanır gözümün önündə.

Bu da Teleqüllənin altından keçən yol. Şuşaya giriş və solda qalan Laçın dəhlizi. Şuşaya daxil oluruq. Sanki insan klinik ölümdən qayıdır. Ruhun bədənə qayıtması kimi yaşayırıq bu anı. Biz Şuşaya qayıtdıq!

Bir vaxtlar “26-lar bağı” adlanan istirahət parkından sola buruluruq. Burada yolun solunda Azərbaycan kinoteatrı vardı. İndi yoxdu. Düz qalxırıq. Bir vaxtlar ümumittifaq əhəmiyyətli istirahət mərkəzi olan sanatoriyaya daxil oluruq. Sanatoriya da yoxdu. İndi burda “Xarıbülbül” oteli var. Sağdakı binanı bilmirəm nəyə görəsə qalalılar “56” adlandırırdılar. İşğal vaxtı xarabalığa dönmüşdü. Artıq təmir olunub.

Avtobuslardan düşüb Şuşanın havasını sinəmizə çəkirik. Tam fərqlidir Şuşanın havası. Şuşanın möcüzəsi havasıdır. Bunun niyəsi ilə bağlı çoxları öz versiyasını irəli sürüb. Amma həqiqət hardasa başqa yerdədi. İnsan şüurundan kənarda.

Yolumuza davam edirik. Cıdır düzünə. Səfər yoldaşlarımızdan biri “mən buranı daha böyük təsəvvür edirdim” deyir. Mən isə “bura böyük deyil, sadəcə möhtəşəmdir” deyirəm. Razılaşır.

Səfər yoldaşlarımızdan biri – tarixçi alim Fariz Xəlilli məndən bura ilə bağlı xatirələrimi soruşur, həvəslə danışıram:

“Buradan, qarşıdan Daşaltı çayına yol düşürdü. Uşaqlarla gedib orda çimirdik. İki yol vardı. Birinə “Eşşək yolu” deyirdik. Geniş idi, at, eşşəklə də getmək olardı. Digərinə isə “Pişik yolu” deyirdik. Qayanın altı ilə çox dar bir cığır idi. Qayaya sarılaraq keçirdik ordan. Ona görə də belə adlandırırdıq. Bəzən gündə iki dəfə düşüb qalxırdıq “Pişik yolu”nu”.

Oradan Vaqifin Məqbərəsinə enirik.

Məqbərənin arxasındakı qəbiristanlıqdan isə əsər-əlamət yoxdu. Şəhidlər xiyabanı da orda idi. Rəhmətlik Milli Qəhrəman Ramiz Qəmbərovun məzarı da. Bu barədə də Fariz Xəlilliyə məlumat verirəm.

Artıq nahar vaxtıdır. Yollanırıq bir vaxtlar Şuşa Avtovağzalı olan binadakı restorana. Avtovağzalın qarşısındakı meydanın sol tərəfində məşhur bir xəngəlxana vardı. Artıq yoxdu. Yəqin ki, o da bərpa olar. Qoy qazaxlılar, tovuzlular məndən inciməsin, amma Şuşa xəngəli bambaşqa idi.

Avtovağzalın sağındakı poçt binası xarabalığı xatırladır. Uzaqdan isə Xan Qızı Natəvanın imarətinin qalıqları görsənir.

Buradan avtobuslarla Yuxarı Gövhər Ağa məscidinə gəlirik. Bu yerdə bir xatırlatma edim ki, Gövhər Ağa Qarabağ hakimi İbrahim xanın qızı olub. Sonuncu dəfə bu məscidi o bərpa etdirdiyindən onun şərəfində belə adlandırılıb. Amma məscidin əsası ondan çox əvvəl qoyulub. Şuşa Qalası Pənahabad adlandırılan vaxt.

Məscidin qarşısındakı meydandakı Meydan bulağı artıq yoxdur. Əvvəl karvansaray, sonra isə Şuşa bazarı kimi fəaliyyət göstərən tikili isə durur. Yəqin ki, bərpa ediləcək.

Gəzə-gəzə bazar başına tərəf gedirik. Daha bir məsələni xatırladım ki, Məscidin və bazarın qarşısındakı meydana qalalılar sadəcə Meydan deyirdi. İndi şəhər inzibatı binası və güllələnmiş büstlər qoyulan meydanı isə Bazar başı adlandırırdılar.

Meydandan Bazar başına gedən yolun sağındakı musiqi məktəbi artıq yoxdur. Aşağıda Saatlı məscidinin minarələri görünür. Bir vaxtlar anbar etmişdilər.

Bazar başında qrupumuzdan ayrılıb Şirin su hamamına tərəf enirəm. Merdinli məhəlləsinə. Uşaqlıq illərimdə hər yay bura olardım. Merdinli məhəlləsini gəzirəm. Dayım evi dağılıb. Məhəllə bulağı yoxdur artıq. Məhəllə məscidi, sovet dövründə Vaqif kinoteatrı olan tikili də yoxdur. Sadıqcanın evi də bu məhəllədədi. Xarabalığı qalıb. Bərpa etmək olar.

Bazar başına qayıdıram. Şuşanın unikal yerlərindən biri Güllü bağ da bu meydandadı. Güllü bağ cənnətin yer üzündə bir filialı idi. Oradakı güllərin ətri hələ də burnumdadır. Bərpa etmək mütləq lazımdır.

Qala qapısına doğru enirik. Sağ tərəfdə Xan qızı bulağı. Qala Qapısının həyətində hansısa erməni üçün ev tikiblər. Görünür, müəyyən səlahiyyətlərə malik biri imiş. Buralar əvvəllər istirahət parkı idi. Müxtəlif karusellər, atraksionlar, yay kinoteatrı vardı. İndi heç biri yoxdur. Qala qapısından tar sexi, Əjdaha bulağını seyr edirəm.

Tanımayanlara da məlumat verirəm ki, Şuşaya girəndə gördüyümüz Laçın dəhlizi aşağıdakı yol qovşağına çıxır və oradan da Xankəndinə gedir.

Biz isə hələlik səfərimizi burada başa vururuq.

Davamı mütləq olacaq.
Asəf Quliyev