Qazaxıstanda sosial tələblərlə başlayan və sonradan iğtişaşlara səbəb olan etirazlarda həbs olunan fəallara istintaq orqanlarında işgəncələr verilir.
Herbiand.az xəbər verir ki, bu barədə hüquq müdafiəçiləri və saxlanılanların qohumları məlumat yayıb.
Həbsdə olan fəal Darxan Uəliyevin həyat yoldaşı həbs olunandan on gün sonra onunla görüşə icazə ala bilib. Həyat yoldaşı Bülbül Berdıkojanova sözlərinə görə, ərini 11 saat polis idarəsinin binasında döyüblər və ondan günahını etiraf etməsini tələb ediblər.
Darxan Uəliyev yanvarın 5-də Almatıdakı Respublika meydanına gedib. Onun etirazlarda iştirak etmədiyinə, daxili qoşunların yaralı əsgərlərinə kömək etdiyinə dair sübutlar var. Amma buna baxmayaraq, onu həbs ediblər. O terrorda ittiham olunur.
Darxan Uəliyevin həyat yoldaşı Bülbül Berdıkojanova deyir: “Mən onu ilk dəfə görəndə bütün üzü qançır və əzilmişdi, hərəkətləri çətin idi. Onu döyüblər və heç kim tibbi yardım göstərməyib. Elə durumda olub ki, ona verilən kağıza imza atıb, ancaq onu oxuya bilməyib. Prokurorluğa ərizə yazmışam, indiyə qədər mənə cavab verməyiblər”.
Vətəndaş fəallarının sözlərinə görə, Almatıda saxlanıldıqdan sonra döyülən və işgəncələrə məruz qalan tək Darxan deyil. Bir qrup fəal Almatı prokurorluğunun binasına gələrək məhbuslarla amansız rəftara son qoyulmasını tələb ediblər. Onların sözlərinə görə, məhbusların əksəriyyətinin baş verən iğtişaşlara, talanlara heç bir aidiyyatı yoxdur və əgər etiraflara imza atırlarsa, bunu işgəncə altında və qorxudan edirlər.
“Biz günahsız həbs olunanların azadlığa buraxılmasını tələb edirik. Mən özüm meydanda idim və gördüm ki, indi saxlanılanların heç biri meydana silahla gəlməyib”, - deyə vətəndaş fəalı Saqilə Camaldinqızı tələb edir. - Bunların hamısı dinc aksiyanın iştirakçılarıdır. Onlar işgəncələrə, döyülmələrə məruz qalırlar, bu barədə çoxlu ifadələr alırıq. Bütün bu hadisələr zamanı biz artıq çoxlu gənc oğlanları itirmişik”.
Qazaxıstan Baş Prokurorluğu Almatıdakı istintaq təcridxanalarında həqiqətən də bədən xəsarətləri alan məhbusların olduğunu təsdiqləyib. Nəzarət orqanının nümayəndələri nəzarətə götürüldükdən sonra döyüldüyünə şübhələr olan 73 nəfəri qeydə alıb. Həbs olunanlardan 3 nəfərin barəsində artıq həbs-qətimkan tədbiri dəyişdirilib və onlar sərbəst buraxılıblar. Güllə yarası alan 29 nəfər prokurorların müdaxiləsindən sonra şəhər xəstəxanalarına yerləşdirilib.
Ümumilikdə, Qazaxıstan prokurorluğuna yanvar hadisələrindən sonra təhlükəsizlik qüvvələri tərəfindən məhbuslarla pis rəftarla bağlı 91 şikayət daxil olub. Bununla yanaşı, idarə 19 halda pozuntuların “təsdiqlənmədiyini” bildirir. 56 halda yoxlamalar davam edir. Bütün Qazaxıstanda təhlükəsizlik qüvvələrinin səlahiyyət həddini aşması və məhbuslara işgəncə verməsi faktı ilə bağlı artıq 16 cinayət işi başlanıb. Ümumilikdə yanvar hadisələri ilə bağlı respublika üzrə 819 cinayət işi başlanıb.