Topçu Əli: “Dağların arasıyla gedəndə maşınların işığını söndürürdük ki,
düşmən bizi vurmağa imkan tapmasın”
2020-ci il sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı genişmiqyaslı təxribata başladı. Xaincəsinə edilən hücum nəticəsində hərbi və mülki vətəndaşlarımız şəhid oldular. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin gün televiziyada çıxışında ermənilərin bu hücumu ilə bağlı xalqı məlumatlandırdı. Bildirdi ki, düşmənin bu təxribatı cavabsız qalmayacaq. Ali Baş Komandan ölkədə qismən səfərbərlik elan etdi. Azərbaycan xalqı ermənilərin təxribatlarından, eyni zamanda Dağlıq Qarabağdakı separatçıların Azərbaycanla daim hədə ilə danışmaqlarından təngə gəlmişdilər. Sentyabrın 27-də baş verən hadisə isə düşmənin son damlası oldu. Ona görə də Azərbaycan xalqı düşməni yerində oturtmaq üçün könüllü olaraq hərbi komissarlıqlara getdilər. Haqqında danışacağımız şəxs də bunlardan biridir. O, 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün müharibənin ilk günlərindən hərbi komissarlığa gedib. Amma gəlin əvvəlcə onunla tanış olaq.
İmanov Əli Namaz oğlu 21 fevral 1989-cu ildə Daşkəsən rayonunda anadan olub. Orta təhsilini rayonun Quşcu kəndində alıb. 2007-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. Əsgərlikdə 120 mm minamyot batareyasında tuşlayıcı sonra isə minamyot komandiri olub. Sonra biliyinə görə tağım komandirinin müavini vəzifəsinə təyin olunub. 2008-ci ilin oktyabr ayında əsgərliyini bitirib. Lakin 1 ildən sonra müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) keçmək üçün orduya yazılıb. Burada artilleriyaçı olmaq üçün D-30 və D-44 topları üzrə təhsil alıb. Kursant olduğu vaxtlarda qrup komandiri olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində (keçmiş “Salyanski kazarma”) “Qaraheybət” təlim mərkəzi və Sulutəpədə ixtisası üzrə təlimlər keçib.
Hərbi təhsilini bitirdikdən sonra Daşkəsən rayonunda general-mayor Polad Həşimovun komandir olduğu N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətinə davam edib. Bir il D-44 diviziyonunda top komandiri vəzifəsində qulluq edib. Hərbidə olduğu müddətdə top biliklərini artırmaq üçün verilən asudə vaxtlardan səmərəli istifadə edərək artilleriya üzrə biliklərini daim artırmaqla məşğul olub. Lakin bəzi üzürlü səbəblərə görə ordudan təxris olunub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan ilk günlərdən döyüşlərdə könüllü iştirak etmək üçün müraciət etsə də yalnız oktyabrın 10-nu aparıblar. Hərbi hissədə tağım komandiri və D-30 toplarında top komandiri olub. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.
Əli deyib ki, olduğu hərbi hissədə uşaqları döyüşə aparmaq üçün bölgü edirdilər. Adı siyahı ilə çağırılanların arasında olmayıb. Döyüşə aparmaq üçün birinci qrupa 177 nəfər seçilib. Seçilənlərin arasında 1 nəfət topçu çatışmayıb. O da ixtisas üzrə top komandiri olduğunu söyləyib və bu qrupla getmək üçün xahiş edib: “Mən növbəti qrupla döyüşə getməliydim, amma könüllü olaraq birinci qrupla getmək istədiyimi bildirdim və məni götürdülər. Biz gedəndə bir müddət Füzulidə məskunlaşdıq sonra Xocavənd və Cəbrayılda olduq. Yolları gecələr qalxırdıq, heç vaxt görmədiyim ancaq arzusunda olduğum yollarla gedirdik. Şükür ki, mən o yolları qalxa bildim, gördüm. Bunların hamısını yaşadım”.
Füzuli rayonundan Xocavəndə gedəndə gecə vaxtı yola çıxıblar. Şəxsi heyəti aparan maşın karvanında 12 MAZ, 1 avtobus, bir minik maşını və su maşını olub. Yol ilə getdikləri vaxt ətrafda döyüş gedirdi. Hər tərəfdə ermənilərin meyitləri görünürdü. Bəzi yerlərdə, məsələn dağların arasıyla gedəndə maşınların işığını söndürüb sürətlə gedirdilər ki, düşmən onları vurmağa imkan tapmasın. Belə vəziyyətlər isə əsgərlərimiz üçün çox həyəcanlı anlarla yadda qalırdı.
Yuxarı qalxanda Azərbaycan ordusunun əl işlərinə baxdıqca fəxr edirmişlər: “Məsələn, günlərlə qalmış, çürümüş düşmən meyitlərini görürdük. Cəbhə bölgəsinə yaxınlaşdıqca qədimdən qalan abidələrimiz görünürdü. Cəbrayılda hərbi hissə var idi. Ermənilər onu qəbiristanlığın üstündə tikmişdi. Həmin yerdə qırılmış baş daşlarını tapıb qəbirlərin üstünə qoyurduq. Xocavənd rayonunda erməni qəbiristanlığı var idi. Bizim qəbiristanlığı dağıdıb özləri üçün yenisini salmışdılar. Onların məktəblərindən hərbi hissə kimi istifadə edirdik. Müharibə getdiyi üçün arxadan ərzaq və digər təminatlar tam gələ bilmirdi. Həmişə cəhd edirdim ki, şəxsi heyətimizin ərzaq ehtiyatı olsun”.
Əsgərlərimiz ermənilərin evlərindən özlərinə lazım olan əşyaları gətirib istifadə edirdilər. Bir dəfə Zoğalbulaq kəndində bir erməni evinə giriblər. Silahsız və iki nəfər olublar - divizion komandirinin sürücüsü və Əli. Yetərincə qədər azuqə yığdıqdan sonra çıxmaq istəyən zaman ev atəşə tutulub. Atəşin bir neçə dəqiqə davam etdiyi müddətdə özlərini qorumaq üçün əyilərək gizləniblər. Atəş dayanandan sonra baxanda bir anlıq seviniblər, amma eyni zamanda çox qorxmuşdular. Evi atəşə tutan Azərbaycan ordusunun xüsusi təyinatlıları idi. Onlar evdə kiminsə olub-olmamasını yoxlamaq üçün atəş edirmişlər: “Mən Azərbaycanlı olduğumuzu işarə etdim. Onlar sonra bizi qarşıladılar və olduğumuz əraziyə gətirib təhvil verdilər”.
Əli döyüşdə boş vaxları olanda biliyini artırmaqla məşğul olurdu. D-30 topunu daha da mükəmməl öyrənməyə çalışırdı. Tabeliyində olan şəxsi heyətə fəal olmaları üçün köməklik edib. Əsgərlər də hər işdə ona dəstək olurdular. Döyüş vaxtı 3-cü batareyada D-30 topunu onun kimi mükəmməl bilən olmayıb. Müharibə vaxti cəht edib ki, həmlə taborunda xidmət etsin. Amma ixtisası topçu olduğuna görə aparmayıblar. Ancaq buna baxmayaraq hər dəfə könüllü olaraq həmlə seçirmiş. Piyada qoşunlar ilə maraqlanırdı. Düşmən tərəfdə vəziyyətin necə olması ilə maraqlanırdı.
2020-ci il dekabrın 26-da Cəbrayıl rayonunun Daşkəsən kəndində 5000 nəfərlik heyət əvvəl ermənilərə aid olan hərbi hissədə toplama məntəqəsinə yığışıb. Ordumuz kəndi azad edəndən sonra bu hərbi hissədən bizimkilər istifadə edirdilər. Həmin gün təxris olunaraq evinə qayıdıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, medalları ilə təltif olunub. Bundan başqa təxris olunanda döyüşlərdə fəal iştirak etdiyinə görə fəxri fərmanlar da alıb.
Hazırda Daşkəsən rayonunun Quşçu kəndində yaşayır. Ailəlidir, iki uşağı var. Daşkəsən rayonunda qızıl mədənində işləyir. Eyni zamanda, taksi sürücüsü kimi də fəaliyyət göstərir. Boş vaxtlarını ailəsi ilə birgə keçirməyi çox xoşlayır.
Bəxtiyar CƏFƏRLİ