Elmir: “Ordumuzun qələbələri haqqında xəbərlər bizi daha da ruhlandırırdı”
2020-ci il sentyabrın 27-də 2-ci Qarabağ müharibəsi başlayanda onun hərbi xidmətdən təxris olunmağına 90 gün qalmışdı. 19 yaşı olmasına baxmayaraq Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda şücaətlik göstərib.
Herbiand.az Vətən müharibəsi iştirakçılarını oxucularla tanış etməkdə davam edir. Növbəti həmsöhbətimiz Sadıqov Elmir Vidadi oğludur. O, 2001-ci il may ayının 6-da Samux rayonunda anadan olub. Orta məktəbi rayonun Alabaşlı qəsəbəsində oxuyub. 2015-ci ildə Gəncə Dövlət Regional Kollecinə daxil olub, 2019-cu ildə kolleci bitirib.
2019-cu il iyul ayının 4-də hərbi xidmətə yollanıb. Əsgərlik xidmətini Ağcabədidə keçirib. 2 ildən sonra 2021-ci il iyulun 1-də ordudan təxris olunub.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı gözlənilmədən hücuma keçdi. Artilleriya qurğularından və digər silahlardan istifadə edərək sərhəddə yerləşən ordumuzun mövqelərini və kəndlərimizi atəşə tutdu. Artıq müharibə başlamışdı. Elmir də əsgər yoldaşları ilə birlikdə düşmənə qarşı vuruşmaq üçün böyük həvəslə döyüşlərə qatıldı. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yusifcanlı, Mərzili və digər kəndlərin alınmasında qəhrəmanlıq göstərib.
Hamı kimi onun ailəsi də övladının müharibədə iştirak etməsini Vətənə borcunu qaytarmaq üçün müqəddəs bir vəzifə bilib.
Döyüşlər haqqında danışdıqlarını onun özündən eşidək:
“Döyüşlər başlayan günlər hələ də yadımdan çıxmır. Müharibə zamanı dağlardan keçib durbinlə baxdığımız və xarabalığa çevrilmiş evlərin yanına gedəcəyimi təsəvvür edə bilmirdim. Mən ordumuzun zəfər qazanmasında, ölkəmizin şərəfli tarix yazmasında az da olsa rolumun olmasına inana bilmirdim. Sentyabrın 27-də döyüşlər mərmilərin atılması ilə başladı. Döyüşlərin başlamasından bir neçə saat sonra bölük komandirimiz zəng vuraraq müharibənin başladığını bildirdi. Hamımıza uğurlar diləyərək “Allah köməyimiz olsun” dedi. Bir anlıq içimdə qəribə bir hiss keçirdim. Çünki artıq müharibə başlamışdı. Hərbi xidmətdən isə 2021-ci ilin yanvar ayında təxris olunmaliydım. Buna baxmayaraq müharibənin başlamasından azacıq da olsa təəssüflənmədim. Çünki torpaqlarımızın azad olunması üçün nəhayət əlimizə yaxşı imkan düşmüşdü. Mən də bu tarixi imkandan yararlanmaq üçün canla-başla döyüşlərə qatıldım. Tarix qanla yazılır və mən də bu torpaq uğrunda canımı verməyə hazır idim. Mənə şəhidlik zirvəsi qismət olmasa da təəssüflər olsun ki, ölüm ətrafımızda olanlardan yan keçmədi. İlk şəhidimiz əsgər yoldaşım Qədirov Elvin oldu. Onun aramızdan getməyi bizə çox pis təsir etmişdi. Bu, müharibənin ilk günləri idi”.
Elmir bildirib ki, müharibə zamanı yaşca böyük olan əsgərlər onlarla danışaraq təsəlli verirdilər. Heç nədən qorxmamağı və düşməni məhv edəcəklərini bildirirdilər. Müharibənin başlamasından bir həftə keçmişdi və şəxsi heyət demək olar istirahət etməyə vaxt ayıra bilmirdi. Çünki fikrimizdə ancaq bir düşüncə olub - düşməni əzib məhv etmək. Artıq ordumuzun qələbələri haqqında xəbərlər gəlirdi. Bu da əsgərlərimizi daha da ruhlandırırdı. Nəhayət günlərin birində Elmir evə zəng etməyə imkan tapıb. Evdəkilər müharibənin başlamasından narahat idilər. Ona görə çox nigaran olmuşdular: “Onlara hər şeyin yaxşı olduğunu dedim. Məndən narahat olmamalarını və hər şeyin yaxşı olacağını deyərək evdəkilərlə sağollaşdım”.
Elmir başlarına gələn bir hadisə danışıb: “Günlərin birində gecə saat 2 ya da 3 olardı. Nədənsə hamımızda qəribə bir narahatçılıq var idi. Sanki indilərdə nəyinsə olacağını hiss edirdik. Hava çox qaranlıq idi. Hətta gecəgörmə cihazı ilə ətrafı müşahidə etmək çox çətin idi. Neytral zonadan səslər eşitdik. Vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmaq üçün səslər gələn tərəfə fişəng atdıq. Ərazi bir neçə saniyə ərzində işıqlandı. Bu zaman düşmənin üstümüzə gəldiyini gördük. Həmin an bütün silahlardan atmağa başladıq. Düşmənin bizim səngərə çatmağına təxminən 30-40 metr qalmışdı. Ermənilər bizi ağır silahlardan, minaatan və qumbara atanlardan vurmağa başladılar. Bir anlıq həyatımın son saniyələrini keçirdiyimi düşündüm. Ancaq özümüzü itirmədik və düşmənə qarşı var gücümüzlə vuruşduq. Ermənilər bunu görüb geri çəkilərək qaçmağa başladılar. Həmin gün itkilərimiz olmasa da düşmən bizi hazırlıqsız yaxaladığı üçün döyüşmək çətin olmuşdu. Buna görə də çox yorulmuşduq”.
Əsgərlərimiz döyüşdən sonar düşmənin növbəti hücumunun ola biləcəyini nəzərə alaraq səhərə kimi yatmayıblar. Səhər şəxsi heyətin demək olar ki hamısı yorğun idi. Lakin yuxusuz qalmağa dəyərdi. Çünki bunun sayəsində gecəni salamat keçiriblər və nəticədə itkilər olmayıb.
Ermənilər elə fikirləşirdilər ki, Azərbaycan ordusu Agdamdan onlara hücum edəcək. Ona görə də onlar bu istiqamətdə möhkəm istehkamlar yaratmışdılar. Elmir vurğulayıb ki, olduqları postların qarşısı ümumiyyətlə, Ağdamın boş qalmış və xarabalığa çevrilmiş əraziləri bütünlüklə minalardan ibarət idi. Ermənilər hətta bir neçə mərtəbəli bunkerlər də yaratmışdılar. Qoşunlarını və hərbi texnikalarının böyük hissəsini Ağdamda cəmləşdirmişdilər ki, bizim hücumlarımızın qarşısını alıb məğlub etsinlər. Amma biz müharibəni tamam başqa istiqamətdə apardıq. Buna görə də ermənilərin əsgərlərimizi məhv etmək üçün hazırladıqları planları baş tutmadı. Yekunda da ordumuz Ağdamı heç bir itki vermədən, döyüşmədən geri qaytardı.
P.S. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni ordusu tərəfindən işğal olunub. Qarabağın mərkəzində yerləşən Ağdamın 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olaraq bayrağımızı ucaldıb.
Ai Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. Sadıqov Elmir də bu medalla təltif olunub. Bundan başqa təxris olunanda 3 təşəkkurnamə ilə evə qayıdıb və ona qiymətli hədiyyə kimi saat da verilib.
Hazırda Samux rayonunun Alabaşlı qəsəbəsində yaşayır.
Bəxtiyar CƏFƏRLİ