Advertisment

İdmançı və Vətən müharibəsi iştirakçısı Pərvin: D-30 topları bizim ordunun snayper tüfəngi kimi dəqiq idi

“Müharibədə çətinliklər yaşasaq da özümüzü döyüşə verdiyimiz üçün bunu hiss etmirdik”

 

2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələri Azərbaycan Dövlət Sərhəd xidmətinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca döyüşlərə başladı. Ermənilər mövqelərimizi artilleriya qurğularından istifadə etməklə atəşə tutdular. Döyüşlər bir neçə gün davam etdi. Hər iki tərəfdən itkilər oldu. Tovuz hadisələri zamanı vətəndaşlarımız orduya könüllü yazılmaq üçün hərbi komissarlıqlara getdilər.

Herbiand.az onlardan biri olan Vətən müharibəsi iştirakçısı, bizim qəhrəmanımız Yusubov Pərvin Ələddin oğlu ilə söhbət edib.

Pərvin 21 aprel 1988-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhər 3 nömrəli orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra 2006-cı il iyul ayında hərbi xidmətə yollanıb. Hərbi xidmətini Füzuli rayonunda ön cəbhədə keçirib - kəşfiyyatçı bölüyündə kəşfiyyatçı və sürücü kimi. 2008-ci il yanvar ayında ordudan təxris olunub. 2010-2014-cü illərdə Gəncə şəhər humanitar kollecinin bədən tərbiyəsi və idman fakültəsində təhsil alıb.

İdmançı Pərvin

Vətən müharibəsi iştirakçısı olan Pərvin taekvondo və kikboksinq idman növləri ilə məşğul olub. Taekvondo üzrə 1-ci və 2-ci dan beynəlxalq dərəcəli qara kəmər sahibidir. Kişilər arasında Azərbaycan çempionatının bürünc mükafatçısı, milli komandanın 2011-ci ildən həqiqi üzvüdür. Taekvondo federasiyasının rəsmi məşqçisidir. Dəfələrlə Gəncə şəhər çempionu olub. 2012-ci ildən taekvondo üzrə məşqçi işləyir. Bundan başqa uşaq yaşlarında kikboksinqlə də məşğul olub. Kikboksinq üzrə Azərbaycan kubokunun sahibi, yeniyetmələr arasında Azərbaycan çempionatının gümüş mükafatçısıdır. Heydər Əliyev adına keçirilən universal döyüş üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.

Erməni təxribatına biganə qala bilmədi

2020-ci il sentyabr ayının 27-də səhər tezdən Ermənistan Azərbaycana qarşı təxribat törədərək sərhəd məntəqələrimizə atəş açmağa başladı. Nəticədə həlak olanlarımız oldu. Bu artıq erməni silahlılarının növbəti təxribat idi. Ona görə Azərbaycan ordusu düşmənə bu dəfə layiqli cavab vermək üçün əks-hücum əməliyyatlarına başladı. Artıq müharibənin ilk günlərindən vətəndaşlarımız hərbi komissarlıqlara gedərək könüllü surətdə Vətənlərini qorumaq istədiklərini bildirirdilər. Pərvin Tovuz döyüşlərində olduğu kimi bu dəfə də müharibədə könüllü iştirak etmək üçün hərbi komissarlığa getdi. Lakin yaşına görə aparmırdılar. Bir neçə dəfə ərizə yazdıqdan sonra istədiyi arzusuna çatır: “Vətəni qorumaq hər birimizin borcudur. Həm də bir idmançı kimi Vətən uğrunda gedən döyüşlərdən kənarda qalmaq insani baxımdan bizə yaraşmaz”.

Birinci Qarabağ müharibəsi iştirakçısı olan kəşfiyyatçı ATA

Pərvinin atası birinci Qarabağ müharibəsi iştirakçısı olub. Ali təhsili olduğu üçün müharibəyə leytenant rütbəsi ilə gedib və baş leytenant kimi qayıdıb. Kəşfiyyat bölük komandiri olub. Müharibənin ilk illərindən sonuna qədər döyüşlərdə iştirak edib, bir neçə dəfə yaralanıb. Müharibə veteranı və 3-cü qrup əlil olub.

Pərvin deyib ki, müharibəyə getməkdə atasının böyük rolu olub. Atasının döyüşlər haqqında danışıqlarından, kəşfiyyatçıların söylədiklərindan müharibəni daim içində yaşayıb: “Genetik olaraq döyüşmək qanımızda var idi. Bu, atadan övlada keçən bir şeydi. Həm də özümü Vətənə sübut etmək istəyirdim ki, biz bu ölkədə yaşayırıq. Kəşfiyyatçı kimi atamın yoluyla getmək istəyirdim, amma müharibədə əsasən D-30 toplarında topçu kimi iştirak etmişəm. Bu toplar bizim ordunun snayper tüfəngi kimi dəqiq idi”.

Anasına müharibəyə getdiyini demir

Pərvin müharibəyə gedəndə atası artıq 2015-ci ildə vəfat etmişdi, anası isə xəstə idi. Buna görə də anasına cəbhəyə getdiyini deyə bilməzdi. Çünki, bu xəbər anasına çox pis təsir edə bilərdi. Ona görə də Pərvin anasına Bakıya təlim-məşq toplanışına getdiyini deyir. Yalnız qələbə günü anası onun döyüşlərdə iştirak etdiyini bilib. Bu müddət ərzində anası ilə döyüş bölgəsindən telefonla danışanda müharibədə olduğunu bildirməyib. Çünki dövlət sirri baxımından bunu edə bilməzdi: “Döyüşdə olmağımı evdə bildirmədim. Yalnız deyirdim ki, məşqdəyəm, məndən narahat olma müharibədə deyiləm”.

Nəhayət arzusuna çatır və...

O, arzusuna çatdıqdan sonra oktyabr ayının 15-də Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəyə yola düşüb. Orada qısa müddət təlim keçiblər. Pərvini D-30 toplarının kəşfiyyat manqasında kəşfiyyatçı və baş sürücü təyin ediblər. Onun işi bütün texnikaların və top olan avtomobil karvanlarını cəbhə mövqeyinə çatdırmaq və divizion komandirinin şəxsi sürücüsü kimi ön cəbhədən koordinatları götürmək idi. İdmançı olduğu üçün divizionda baş çavuş olub. Riyaziyyat fənnini yaxşı bildiyi üçün atəş açmaq və koordinat qurmaqda tuşlayıcılara kömək edib.

  

İlk olaraq Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Füzulidən sonra Xocavənd və Cəbrayıl rayonları uğrunda döyüşlər olub. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi strateji əhəmiyyətli yer olduğu üçün bu istiqamətdə düşmənə zərbələr endiriblər: “Divizionumuz erməni bunkerini dağıtdı. Onların karvanı, şəxsi heyəti, artilleriyası darmadağın edildi”.

Fəxri divizion

Pərvin deyib ki, müharibədə divizionları fəxri divizion adlanırdı. Çünki, verilən hər bir koordinatı dəqiqliklə vururdular. Demək olar ki, heç bir mərmi hədəfdən yayınmırdı. Gün ərzində 100-dən çox mərmi atırdılar. Döyüş tapşırığından asılı olaraq isə say dəyişirdi. Atışlar həddindən artıq çox olduğu üçün bəzən mərmi çatışmazlığı olurdu. Çünki mövqe dəyişiləndə və irəli gedəndə arxadan gələn hərbi sursat maşınını döyüş meydanına salmaq təhlükəli idi. Düşmən uzun illər öz müdafiəsini qurmuşdu: “Xocavənd rayonu və Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə düşmənə xeyli zərbələr vurduq. Ən uzun döyüşümüz Füzuli rayonunda oldu. Onların müdafiə səddini orda qırdıq. Düşmənə ardıcıl zərbələr vuraraq göz açmağa imkan vermirdik. Qələbə qazandıqca döyüş ruhumuz yüksək olurdu”.

  

Qəhrəmanların heykəlləri

O söyləyib ki, komandirlərinin seçdiyi mövqe uğurlu olduğundan düşmənin atdığı top mərmiləri bir çox hallarda aralı düşürdü. Pərvin döyüşlər zamanı bir çox ərazilərdə olub. Füzuli rayonunun Govşatlı kəndi azad olunandan sonra bir çoxlarının bilmədiyi 2-ci dünya müharibəsinə aid bərbad vəziyyətdə olan qəhrəmanların heykəlləri tapılıb. O, fəxrlə bildirib ki, özlərini Vətən müharibəsi yolunda təsdiqləməklə çox şeyə nail olublar. Komandirlərin əmrlərindən kənara çıxmayıblar. Soyuq hava şəraitində düşmənlə vuruşublar.

Minalanmış ərazi və iki qazi

Müharibə zamanı Pərvinin olduğu divizionun tutduğu mövqe minalanmış ərazidə yerləşib. Buna görə də komandanlığın əmrinə tabe olaraq göstərilən yerdən kənara çıxmırdılar. Kəşfiyyatçı olduqlarından minalanmış sahələrin necə tapmaq lazım olduğunu təlimlərdə başa salmışdılar. Minalanmış sahə aşkar etdikdə divizion içərisində ətrafına daş düzüblər ki, hamı oranın minalanmış sahə olduğunu bilsin: “Ordumuzun uğuru da bunda idi. Vahid ordu kimi yaşa, gücə, biliyə baxmayaraq verilən tapşırıqları artıqlaması ilə yerinə yetirirdik. 6-7 nəfərlik kəşfiyyat manqası gecələr şəxsi heyətin təhlükəsizliyinə nəzarət edirdik. Buna görə də biz döyüşlərdə az itki verirdik”.

Ancaq Pərvin təəssüflə qeyd edib ki, divizionun bir hissəsi olan D-44 toplarında minaya düşənlər oldu. Baxmayaraq ki, o yolları müharibə vaxtı dəfələrlə gediblər. Müharibə qurtarandan sonra gündəlik istifadə edilən yolda iki nəfər minaya düşüb və qazi olub.

Gecə karvanı

Müharibə dövründə maşın karvanı əsasən gecələr irəliləyirdi. Çünki gündüzlər düşmən görən kimi vururdu. O, deyib ki, gecə çıxdıqları yolları həmişə baş sürücü kimi birinci getdiyi üçün çox yaxşı tanıyırdı. Gecələr maşınların işıqlarını yandırmırdılar. Amma bir dəfə Horadizdən Cəbrayıl istiqamətinə gedən yolda düşmən onların karvanını top atəşinə tutmuşdu. Lakin hava qaranlıq olduğu üçün şansları gətirib: “Maşınları bir-birinə çox yaxın sürürdük. Ara məsafəsi çox olsaydı arxadakı və ya öndəki maşın vurula bilərdi. Bunu da əvvəlcədən planlaşdırırdıq”.

   

Azan səsi

Döyüşlər zamanı möcüzəvi hadisələr də yaşayıblar. Maraqlı bir hadisə də danışıb. Deyib ki, Füzuli və Cəbrayıl rayonları ilə sərhəddə İranda yaşayan İran azərbaycanlıları sərhədə yaxın olan məscidlərdə tez-tez uzun azan verirdilər. Möcüzə bunda idi ki, azan verilən zaman hava dumanlı olurdu. Azan bitdikdən sonra isə dumanlı hava çəkilirdi. Yuxarı komandanlıq da mövqe tutmaqlarını azanın vaxtına uyğun olaraq hesablayırdı. Azan bitənə qədər mövqelər tutulurdu. Əgər düşmən əsgərlərimizin yerini aşkar edirdisə yer dəyişdirilirdi. Azanın səsi əsgərlərimizə mənəvi cəhətdən çox kömək edirdi, döyüş ruhları qalxırdı.

Dəqiq vurulan koordinatlar

Onun bildirdiyinə görə, düşmənlə yaxın məsafədən döyüşləri olmayıb. Tuşlayıcılar səfərbərlikdən gəlmələrinə baxmayaraq, peşəkar hərbçi olmasalar da hədəfi çox dəqiq tuşlayırdılar: “Bəlkə də bu, əsgərlik dövründə keçirilən təlimlərə ciddi yanaşmaqlarından irəli gəlirdi. Verilən hər bir mövqeyi, koordinatı dəqiq vururduq. Bəzən gecələr vurduğumuz mərmi düşmənə birbaşa dəyməsə də bombanın qəlpələri onlara zərər vururdu”.

Zabitlərin verdiyi düzgün planlar

Döyüşlərdə Azərbaycanın hansı rayonundan olmağından asılı olmayaraq hamı bir ana və atanın övladı kimi bir-birilərinə dəstək olub. Kəşfiyyatçı olduqları üçün axşamlar çox hərəkət edirdilər: “Müharibədə çətinliklər yaşasaq da özümüzü döyüşə verdiyimiz üçün bunu hiss etmirdik. Bu müharibədə tam şəkildə qeyrətimiz, vətənpərvərliyimiz üzə çıxmışdı. Müharibədə əsas zabitin verdiyi düzgün koordinatlar və əmrlərdir. Onlar bizi düzgün planlarla təmin edirdilər”.

Ordudan cəsur əsgər kimi qayıdır

Pərvin 26 dekabr 2020-ci ildə ordudan təxris olunub. Müharibəyə gedəndə subay idi. Qayıtdıqdan sonra isə əsgər yoldaşının qohumu ilə evlənib. 2021-ci il aprel ayından Azərbaycan Respublikası “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin üzvüdür.

Medallar və fərmanlar

Müharibədə iştirak etdiyinə görə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi sərəncamla “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Eyni zamanda hərbi hissələrdən döyüşlərə görə fəxri fərmanlar da alıb.

Bəxtiyar CƏFƏRLİ