Advertisment

Erməni casuslarının məhkəməsi başladı

Sabunçu rayon məhkəməsinin inzibati binasında terrorçuluqda ittiham olunan Ermənistan vətəndaşları – İşxan Sarqsyan və Vladimir Rafaelyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

virtualaz.org-un xəbərinə görə, prosesə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, İ.Sarqsyan İrəvanda anadan olub, ali hərbi təhsil alıb, mühəndis-istehkamçı kimi hərbi hissədə çalışıb. V.Rafaelyan da hərbi qulluqçu olduğunu, mühəndis-istehkam üzrə ixtisaslaşmış hərbi hissədə işlədiyini deyib.

Məhkəməyə sədrlik edən hakim təqsirləndirilən şəxslərə hüquq və vəzifələrini izah edib. Təqsirləndirilən şəxslərə dövlət hesabına vəkil təyin edilib.

 

İstintaq materiallarına əsasən, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri İ.Sarqsyan, mühəndis istehkamçı qismində hərbi xidmət keçən V.Rafaelyan 27 may 2021-ci ildə, saat 03 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçiriblər.

Adları çəkilən şəxslər həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıblar, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62 – M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.