Qasımov Orxan: “İmkan olanda şəhidlərimizi, yaralılarımızı səngərlərdən çıxarırdıq”
2020-ci ildə baş verən və 44 gün çəkən Vətən müharibəsində Azərbaycanın QƏLƏBƏ qazanmasında Ali Baş Komandan İlham Əliyev və xalq arasında olan birlik və qətiyyət əvəzsiz rol oynadı.
Müharibədə iştirak edən vətənpərvər və igid oğullarımız ön cəbhədə düşmənə sarsıdıcı zərbələr endirir, cəbhəyə getməyənlər isə səngərdə olan əsgərlərimiz üçün bacardıqları qədər yardımlarını əsirgəmir, daim dayaq olurdular. Azərbaycan xalqı bu yardımlar nədən ibarət olduğunu bilir. Ümumiyyətlə, müharibənin qazanılmasında hakimiyyət-xalq birliyi dəmir yumruq kimi möhkəm olmalıdır. İstənilən boşluq acı məğlubiyyətlə nəticələnə bilər. Bu birliyin və Vətənə olan sevginin sayəsində heç kim müharibədən yayınmaq haqqında fikirləşmirdi. Çünki torpaqlarımız düşmənin əlində idi. Ancaq həqiqi sahiblərin canı və qanı bahasına torpaqlarımız azad nəfəs ala bilərdi. Yekunda da belə oldu. Vətən müharibəsində iştirak edənlərdən biri də Qasımov Orxan Mehman oğludur.
Orxan 1995-ci ildə Goranboy şəhərində anadan olub. Ancaq orta təhsilini Gəncə şəhərində alıb - 7 nömrəli tam orta məktəbdə. Məktəbi bitirdikdən sonra 2013-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşüb. Hərbi sirlərə Bakının Qaraheybet qəsəbəsində yiyələnib. 2015-ci aprel ayında isə xidmətini başa vuraraq Gəncə şəhərinə qayıdıb.
2020-ci ilin sentyabr ayının 28-də Azərbaycanda Vətən müharibəsi başlayanda ölkədə qismən səfərbərlik elan olundu. Lakin Orxan bildirib ki, ən birinci çağırışçılar onlar olub: “Sentyabrın 21-də məni hərbi komissarlığa çağırdılar. Mən də komissarlığa getdim. Biz ilkin olaraq bir həftə Gəncədə yerləşən hərbi hissədə qaldıq. Sonra sentyabrın 28-də müharibə başlayanda bizi Gəncədən Tərtərə apardılar”.
Onun müharibəyə getməyini ailəsi bilib və bunu çox yaxşı qarşılayıblar: “Mənim müharibədə iştirak etmək istəyimlə bağlı fikrimlə razı idilər. Çünki düşməni torpaqlarımızdan qovub çıxarmağın yolu yalnız bu idi. Mən də bu şərəfli işdə iştirak etmək istəyirdim. Elə həmin gün axşam evdə Tərtərdə olduğumu bildilər”.
Orxan deyib ki, axşam onlarla gedən uşaqlar postlara bölünüb. Ancaq o digər əsgərlərlə birlikdə getdikləri hərbi hissədə ehtiyatda qalıb. Artıq müharibə başlamışdı və hər gün qızğın döyüşlər gedirdi. İrəlidə vuruşan əsgərlərə əlavə qüvvə lazım olanda isə hərbi hissədə ehtiyatda qalanları aparırdılar.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Tərtər rayonu ərazisində şəhid olduğu postla bağlı bir hadisə danışıb. Deyib ki, postu ələ keçirmək üçün onlardan əvvəl edilən cəhdlər baş tutmurdu. Ancaq yekunda TOS-1 ağır odsaçan sistemi ilə vurulan zərbələrdən sonra ermənilərin tutduğu mövqe dağıdılıb və nəhayət ki, postu ələ keçirmək mümkün olub: “Mübariz İbrahimov şəhid olan posta birinci biz girdik. Bu posta şəhid olduğu üçün onun şərəfinə Mübariz İbrahimovun adı verildi”.
Lakin ermənilər postun itirilməsi ilə barışa bilmirdilər. Bir neçə dəfə postu geri qaytarmaq üçün cəhdlər edirdilər. Əsgərlərimiz isə ermənilərin hücumunun qarşısını almaq üçün aktiv müdafiə xətti yaratmışdılar. Düşmən artilleriyadan və texnikalardan atəşə tuturdu. Hər dəfə itki verməklərinə baxmayaraq posta geri qaytarmaq fikirlərindən imtina etmək istəmirdilər. Sonda isə Azərbaycan əsgəri postu saxlamağı bacardı. Çünki düşmənin gücü aldıqları ağır zərbələrdən sonra tükənmişdi.
44 günlük müharibə dövründə ermənilər şəxsi heyət və hərbi texnika baxımından xeyli əziyyət çəkirdilər. Çünki onların yerini doldurmaq üçün insan və texnikaları çatışmırdı. Dəfələrlə ermənilərin müharibə zamanı fərarilik etdikləri haqqında məlumatlar oxuyurduq. Belə olan halda isə düşmən bizə müqavimət göstərməkdə çətinlik çəkirdi. Bunun da nəticəsində əsgərlərimiz işğalçı erməni ordusuna sarsıdıcı zərbələr endirməkdə davam edirdi. Yekunda da müharibə Azərbaycanın böyük zəfərilə yekunlaşdı.
Orxan bildirib ki, onların əsas vəzifələri postlara çıxmaq olub. Torpaqlar azad olunandan sonra postlarda düşmənin hücumlarının qarşısını alırdılar. Ehtiyac olanda da əlavə qüvvələr gəlirdi: “Tez-tez atışmalar olurdu. Çünki düşmən azad etdiyimiz yerləri yenidən ələ keçirmək üçün hücumlar edirdi. Hər dəfə irəlilədikcə bir postdan digərinə keçirdik. İmkan olanda şəhidlərimizi, yaralılarımızı səngərlərdən çıxarırdıq”.
Azərbaycan ordusu Suqovuşanı azad etmək üçün ətraf ərazilərdə və postlarda yerləşmişdi. Suqovuşan bütünlüklə azad edildikdən sonra Orxan da digər əsgərlərlə birlikdə irəli gedib. Düşmənin caynağından qurtarılan növbəti əraziləri mühafizə etmək üçün. Onlara Füzulinin azad olunmuş kəndini qorumaq tapşırığı verilmişdi. Eyni zamanda onlara təlim də keçirdilər. Təlimdən sonra isə getdikləri növbəti yer Xocavənd olub. Burada da bir müddət postlarda qalıblar. Sonra isə Cəbrayıla, ardınca isə Qubadlıya yollanıblar. Cəsur Azərbaycan əsgəri düşməni torpaqlarımızdan qovduqca onların arxasınca gedib postlarda mövqe tuturdular.
Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin təslim olması, Azərbaycanın isə zəfəri ilə yekunlaşdı. Orxan isə bir müddət də hərbidə qaldı. Yalnız 2021-ci il yanvarın 3-də Qubadlıdan təxris olunaraq sağ-salamat evinə qayıdıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bəxtiyar CƏFƏRLİ