Ölümü ilə ölümsüzlüyə qovuşan, qanından, canından keçərək, torpağı Vətən edən oğullardan biri də ordumuzun şəhid giziri Nəcməddin Nadir oğlu Quliyevdir. O, 21 dekabr 1998-ci ildə Cəlilabad rayon Çünzəli kəndində doğulub. Doğma Çünzəli kəndində böyüyüb boya-başa çatan Nəcməddin cəsurluğu, qorxmazlığı, vətənpərvərliyi ilə hər kəs tərəfindən sevilən və seçilən bir gənc olub. Elinə, obasına çox bağlı idi Nəcməddin. Kəndə gələndə sakinlərlə söhbət edər, onların qayğıları ilə maraqlanardı. Ən böyük arzusu da kəndlərinə gələn yolu təmir etmək idi.
O, 2017-ci ilin yanvarından 2018-ci ilin iyul ayınadək Naxçıvan Ümumqoşun Ordusunun Culfada yerləşən bölmələrindən birində həqiqi hərbi xidmət keçir. Nəcməddin döyüş təcrübəsini də 44 günlük Vətən müharibəsində qazanır. 27 sentyabr 2020-ci il tarixi onun da yaddaşında dərin, qanlı izlər salır. Ən yaxın silahdaşları, dostları 44 günlük Vətən müharibəsində - xalqımızın haqq savaşında şəhid olurlar. Nəcməddin bu ağır itkilərdən sarsılsa da, Böyük Qələbəmizlə qürurlanır. O, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edir. Komandirlərinin verdiyi döyüş tapşırıqlarını uğurla yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəcməddin Nadir oğlu Quliyev “Füzulinin azad olunmasına görə” medalına layiq görülür.
2020-ci ilin iyununda Azərbaycan Ordusu sıralarına geri dönən Nəcməddin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş rütbəsində Bakı qarnizonunda yerləşən “N” hərbi hissəsində xidmətə başlayır. 44 günlük Vətən savaşına da buradan yollanır. Xalqımızın Vətən müharibəsində qazandığı Zəfər onu hərbi xidmətə daha da həvəsləndirir.
Nəcməddin müharibədən sonra sənədlərini gizir kursuna təqdim edir və qəbul olunur. Kursu müvəffəqiyyətlə başa vurub xidmət etdiyi “N” hərbi hissəsinin zenit-raket artilleriya batareyasının 1-ci zenit-artilleriya taqımına komandir təyin edilir. Ötən il 19-20 sentyabrda ordumuzun keçirdiyi uğurlu antiterror tədbirləri zamanı gizir Nəcməddin Quliyev komandiri olduğu heyətlə döyüş gedən ərazilərdə bölmələrimizin hava hücumundan müdafiəsini təşkil edənlərin sırasında əzmlə dayanır. O da döyüş yoldaşları ilə birlikdə separatçıların məhv edilməsində hünər göstərərək, komandirlərinin tapşırıqlarını qətiyyətlə yerinə yetirir. Möhkəm iradəsi, qorxmazlığı ilə həmişə seçilən Nəcməddin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksəlir. Sentyabrın 23-də doğulub, boya-başa çatdığı, doğma kəndi Çünzəlidə torpağa tapşırılır. Olümündən sonra şəhidin ən böyük arzusu həyata keçir. Kəndə yeni yol çəkilir...
Ruhu səmamızın keşiyində olan Nəcməddin Vətəni Azərbaycana, doğma yurduna, ata-anasına qeyrətli, əsl oğul oldu. Vətən torpaqlarının azadlığı uğrunda canından keçərək, düşmənin son tör-töküntülərinin də məhv edilməsində igidlik, fədakarlıq nümunələri göstərdi. Adını şanlı döyüş tariximizə qürurla yazdı.
Şəhid gizirin atası Nadir Quliyevin dediklərindən: “Onun şəxsi keyfiyyətləri yüksək idi. Ataya, anaya, böyüklərə hörmət şəxsi keyfiyyətlərində cəmlənmişdi. Dostluğa olduqca sədaqətli idi. Döyüşçü yoldaşlarına əsl silahdaş olub. Son damla qanınadək döyüşüb. Hərb sənətinə böyük marağı var idi. Seçdiyi ixtisas üzrə artıq peşəkalaşmışdı. Həmişə təlimlərdə olurdu. Deyirdi ki, təlimlər döyüş hazırlığımızın artırılmasında böyük rol oynayır. Mən Nəcməddinlə qürur duyuram. O təkcə biz valideynlərinə deyil, yaşadığı kəndə, elinə, obasına başucalığı gətirdi, şan-şöhrət qazandırdı. Bir ata kimi fəxr edirəm ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması zamanı şəhid gizir Nəcməddin Nadir oğlu Quliyev də canından keçib, tarixi torpaqlarımızdan düşməni qovub. Bu gün Nəcməddini təkcə Cəlilabad camaatı deyil, bütün Azərbaycan xalqı tanıyır, onunla qürur duyur”.
Anası Gülzar Quliyeva dedi ki, Nəcməddinin orta məktəb illərindən hərbi formaya marağı olub. “Deyirdi ki, hərbçi olacaq. Vətənimizin keşiyində dayanacaq. Torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayarsa, o da iştirak edəcək. Deyir, niyyətin hara, mənzilin də ora. Nəcməddin çətin və şərəfli bir yol seçdi. Onu bu yoldan heç kim döndərə bilmədi. O, Vətən torpaqlarının azadlığı uğrunda yalnız “İrəli” dedi. Övladımın döyüşlərdə göstədiyi qəhrəmanlıqlardan fəxrlə danışıram. Şəhid Nəcməddinin anası adını qürurla daşıyıram. Allah bütün şəhid analarına səbr versin.”
Deyir, igid ölər, adı qalar. Nəcməddinin ruhu Vətən göylərində, adı qəlbimizdədir. Onun əziz xatirəsi daima yad olunacaq, göstərdiyi qəhrəmanlıqlar dastanlara dönüb, ellərdə dolaşacaq.
Lalə HÜSEYNOVA