Advertisment

“BİR ÇƏTİR ALTINDA – MƏN”  tamaşasının böyük uğuru

(Teatral yazılar silsisləsindən maraqlı bir tamaşa haqqında fikirlərim)

2024- cü ilin  28 oktyabr -3 noyabr tarixləri arasında  Qazaxıstanın paytaxtı Astana şəhərində 3-cü Beynəlxalq Teatr Festivalı keçirilib. Əsasən Orta Asiya respublikalarının iştirak etdiyi bu festivala Azərbaycan da qatılıb  və Respublikamızı bu mötəbər sənət tədbirində  87 yaşlı  Qazax Dövlət Dram Teatrı təmsil etmişdir. Onu da vurğulamaq istəyirəm ki, Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev və baş rejissoru, Əməkdar artist Musa Eyyubov hər ikisi yüksək təşkilatçı insanlardır. Və hər ikisi rejissor olduqlarına görə az bir vaxtda bu teatrı Respublikanın ən aparıcı teatrlarından biri ediblər. Bax, bu gün teatrlara belə savadlı, bacarıqlı, əsl teatr bilicisi olan insanları rəhbər təyin etmək lazımdır ki, həmin mütəxəssislər teatrı dünya səviyyəsinə çıxara  bilsinlər.  Bu teatrın Qazaxıstandakı çıxışı bunu bir  daha təsdiq etdi. Onların oynadığı Roza  Mukanovanın “Bir çətir altında-mən” tamaşası bütün tamaşalardan həm rejissor yozumuna və həm də aktyor oyununa görə seçilib və maraqla qarşılanıb.

Festival əslində Qazaxıstanın ən görkəmli ədiblərindən biri, dramaturq, musiqişünas, Qazaxıstanın  Əməkdar  incəsənət xadimi Roza Mukanovanın  60 illik yubileyinə həsr olunmuşdu.

Təntənəli şəkildə keçən festival iştirakçılarının əksəriyyətinin sərgiləmuş olduqları tamaşaların bir çoxu da məhz Roza Mukanovanın dramaturgiyasına  müraciətlə əlaqədar və bağlı idi.

Ölkəmizi təmsil edən Qazax Dövlət Dram Teatrı da həmin müəllifin "Bir çətir altında - mən" əsərinə müraciət etmiş və eyni adlı pyes əsasında hazırlanmış maraqlı bir tamaşaya imza atmışlar.

Respublikanın Əməkdar  artisti, Prezident Mükafatçısı  teatrın baş rejissoru və bu tamaşanın  quruluşçu rejissor Musa Eyyubovun  quruluş verdiyi bu pyesin tamaşası festivalın son günü 3 noyabr tarixində nümayiş etdirilmişdir.

Respublikanın Əməkdar  artisti Xəzər Gəncəli, aktyorlardan Allahverdi Musayev, Yusif Qoca, Minayə İbrahimova, Zəmanə Dərviş, Aytac  Cəfərova, Xaqan Qurbanov və Ceyhun Vəlizadənin rol aldığı bu tamaşa  qazaxıstanlı  teatrsevərlər tərəfindən çox  maraqla qarşılanıb.

Tamaşa janr etibarı ilə absurd bir tragikomediyadır və rejissor Musa Eyyubov da müəllifin təklif etdiyi janra sadiq qalaraq hadisələri abstrakt bir məkandan başlayıb xarakterləri bir-birindən asılı olan kast  zümrəsinə ayırmış, əsas problemi özundən yuxarıda qərar tutan vəzifəli şəxslə, özundən aşağı mövqedə olan görəvliyə qarşı ikili-ziddiyyətli münasibətlər kontekstində ön plana çıxarmağa çalışmışdır.

Cəmiyyətin təməl strukturlarından biri olan mədəniyyət sferasına  “sızaraq rişə salmış”  bu ünsürlər mənəvi-əxlaqi dəyərlər müstəvisində cılız görünməklə yanaşı bu sahədə baş girləyən, karyerist, düzənbaz, ona- buna quyruq bulayan, bir pillə yüksəlmək üçün həmkarlarına quyu qazan, istedadlı kadrlara göz verib-işıq verməyən antipodlardır. Bu mövzu da günümüzlə çox yaxşı  səslənir…

Müəllifin ideyasına sadiq qalan rejissor, aktyorların ifa tərzinə verdiyi yozumla  istedadsız  “mədəniyyət xadimlərinin”  baş alıb getdiyi və meydan suladığı bir mühitdə istedadlı insanların mənəvi əzablarını, maddi sıxıntılarını, bir parça çörək qazanmaq naminə, vətəni tərk edib, elindən-obasından didərgin duşüb, öz maddi və mənəvi rahatlığını əcnəbi məmləkətlərdə aramaq istəklərini nəzərə çarpdırır və  bu qlobal problemin çözüm yollarını aramağa çalışır.

Pyesin çox maraqlı və mənalı bir adı var: "Bir çətir altında - mən!”.. Çətir sözünün məcazi bir mənası var. Bütün xalqlar, millətlər ancaq birlik sayəsində var olur. Çətir həm də dövlətin rəmzi hesab olunur. Təməl nə qədər möhkəm olarsa, çətir bir o qədər də davamlı və dözümlü olar.

Tamaşanın birinci hissəsində insanların bir-birinə münasibətlərinin şahidi oluruq. Kim ki, yüksək vəzifədədir, özündən aşağı olanı alçaldır, təhqir edir. Vəzifə onlar uçün hər şeydir. Baxmayaraq ki, onlar heç o pilləyə layiq deyillər. Vəzifəyə keçən məmur elə bilir ki,  hər şeyə qadirdir və hər şeyi çox gözəl bilir. Bununla belə daha yüksək ranqa, rütbəyə, vəzifəyə  çatmaq üçün özundən yüksəkdə olanları ləkələməkdən, şər atmaqdan,  quyu qazmaqdan belə çəkinmirlər. Lakin…

Bu dəyişiklik tamaşanın ikinci hissəsində çox maraqlı bir hadisə və maraqlı bir personajla həll olunmuşdur. Güclü bir zəlzələ hər şeyi həll edir. İnsanlar heç olmasa axırıncı dəqiqələrdə dua edib paklasmağa, səhvlərini etiraf etməyə çalışırlar. Zaman Xaricində Olan  Adam obrazının meydana cıxması hadisələri daha mənalı və baxımlı edir. İnsanlar başa düşür ki, nə qədər birlikdə olsalar, bir o qədər də guclü olarlar. Birlikdə özlərini daha yaxşı qoruya bilirlər.

Ona görə də bir dam altında, bir çətir altında olmalıdırlar. Xalq nə qədər bir olsa, Dövlət o qədər də güclü və qüdrətli olar! Və nəhayət, nə qədər ki, insanlar bir- birinin ayağının altını qazıyırlar, dostluqdan, birlikdən, əmin-amanlıqdan söhbət gedə bilməz!..

Müəllif,  bu situasiyadan çıxış yolu tapmaq üçün təbii fəlakət olan zəlzələni simvolik olaraq səhnəyə gətirir və bu zəlzələ nəticəsində iştirakçıların-insanların Allahın bizə bəxş etdiyi qısa bir ömürdə bir-birinə pislik etmənin heç bir şeyə yaramadığının  həqiqətini dərk etməsini, barışığa, birliyə gəlmənin önəmli olduğunu vurğulayaraq: “ Ey insanlar, bizlərə verilən bu qısa bir omürdə bir araya gəlməmiz və insan kimi yasamamız üçün mütləq zəlzələnin olmasımı lazımdır?”- deyə bəşəriyyətə səslənərək üsyan edir!

Amma bu zəlzələ  labüddür, qaçınılmazdır!.. Globolizasiyanın baş alıb getdiyi bir zamanda insanların təmizlənməsi, katarsis keçirməsi, saflaşması  və  bir çətir altında bir araya gəlməsi üçün zaman-zaman təfəkkür və düşüncədə, ətraf mühiti dərk etmədə, dünyagörüşünün formalaşmasında belə  ZƏLZƏLƏYƏ  ehtiyac vardır!

Metafizik dəyərlərin ön plana çıxarıldığı bu tamaşa  Qazaxıstan tamaşaçıları tərəfindən hərarətli alqışlarla qarşılandı. Festival  ərzində 12 tamaşanın  oynandıgı ən yaxşı kişi rolu üçün təsis olunmuş mükafat nominasiyasınında  qalibiyyət həmyerlimuz,  Respublikanın  Əməkdar  artisti Xəzər Gəncəliyə nəsib oldu. Yüksək mütəxəissilər olan  Jüri üzvləri  festivalda  onun  ən yaxşı aktyorlardan biri olduğunu yekdilliklə qeyd etdilər. Çox böyük istedada malik  68 yaşlı istedadlı aktyor-rejissor Xəzər Gəncəli,  ona tapşırılan  çətin və mürəkkəb Anti-Şrek rolunun öhdəsindən məharətlə gələ bildi. Tamaşada  müəllif  Roza Mukanova, eləcə də ölkəmizin  Qazaxıstandakı  səfiri  Ağalar  Atamoğlanov da iştirak edirdilər. Bu tamaşa haqqında xoş sözlər dedilər. Beləliklə,  Milli teatrımiz bu tamaşa ilə Beynəlxalq miqyasda daha bir uğura imza atmış oldu.

Və bu tamaşada oynayan bütün iştirakçılar çox peşəkarlıqla öz öbrazlarını yaratdılar. Tamaşanın  səhnə  tərtibatı  istedadlı  rəssam  Aysan  Omarova,  musiqi  tərtibatı Vahid  Bayramova  aiddir.  Pyesi  Azərbaycan  dilinə  çox yüksək səviyyədə və maraqlı ədəbi dildə  Əməkdar artist, çoxlu maraqlı yazıların müəllifi  Xəzər Gəncəli tərcümə  eləyib.

Mən burada bir vacib və lazımlı məsələni vurğulamaq istəyirəm ki, bölgə teatrlarının daha da peşəkar tamaşalar hazırlamasında həmin bölgələrdə olan İcra Hakimiyyəti başçılarının diqqəti çox  önəmlidir. İlk öncə onu deyim ki, hansı rayonda və şəhərdə peşəkar teatr  varsa, bu,  həmin yer üçün böyük xoşbəxtlikdir. Həmin rəhbərlər də teatrlara lazım olan şərait yaratsalar, onların tamaşalarının yaxşı təşkil olunmasına köməklik etsələr, aldığı cüzi əmək haqqı ilə kirayədə yaşayan rejissorlara, aktyorlara, aktrisalara lazım olan şərait yaratsalar, onların kirayə pulunun ödənilməsinə köməklik etsələr, onlara  ev  almaqda köməklik etsələr, onda ali məktəbi bitirən rejissorlar, aktyorlar, aktrisalar Bakıda qalıb, hansısa teatrlarda kütləvi səhnələrdə oynamaqdansa, həmin bölgə teatrlarına gedib işləyərlər. Yaxşı rollar oynayıb, bir aktyor kimi püxtələşərlər. Axı Sovetləin vaxtında- Ağdam, Mingəçevir, Sumqayıt, Lənkəran, Şəki teatrları məhz həmin bölgələrdə işləyən yüksək təşkilatçı, teatra  böyük maraqları olan rəhbərlərin sayəsində yarandı və belə yüksək səviyyədə inkişaf etdi.  Elə həmin dövrdə ulu öndər Heydər Əliyev teatr və kino ilə bağlı bu gözəl kəlamı dedi: “ Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino ilə tərbiyələnib,  teatrın və kinonun təsiri altında formalaşıb, inkişaf  edib. Böyük, ulu mədəniyyətə  qovuşubdur”.                                                                                    

Bu müqəddəs işi müstəqillik dövrümüzdə də davam etdirmək lazımdır. Axı atalarımızın belə bir maraqlı deyimi var: “ Keçmişini  bəyənməyən və onun yaxşı cəhətlərini, ənənələrini qoruyub saxlamayan xalq, heç vaxt gələcəyini qura bilməz. Qursa da çox bəsit formada qurar. Çünki kökü olmayan  gələcək, yaşamaz”.

Ağalar İDRİSOĞLU, 
yazıçı-rejissor, Əməkdar incəsənət xadimi