Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. Erməni terrorçularının ümumilikdə 91 nəfər, yəni, kənd sakinlərinin hər 10 nəfərindən birini qətlə yetirdiyi Qaradağlı kəndində Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirilən kütləvi qətliamlardan biri baş verib. Qaradağlının soyqrıma məruz qalmasından 33 il ötür.
Xocavəndin Qaradağlı kəndindən azad ola bilən insanlar müxtəlif bölgələrdə məcburi köçkün kimi məskunlaşmağa başladılar. Onların ən çox kompakt yaşadığı ərazi isə Beyləqanın Haramı düzü ərazisidir. Burada məskunlaşan 45 ailədən biri Musatafayevlər ailəsidir. Ailə başçısı Mürvət Mustafayev o vaxt 21 yaşı olduğunu deyir. Qardaşı və 4 əmioğlusunun şəhid olduğunu bildirən Mürvət o günləri kədər və qəzəblə xatırlayır:
“Mənim 21 yaşım var idi. Hərbi xidməti təzə bitirib gəlmişdim. Özüm də polis işçisi olmuşam, polis qardaşım şəhid olub, 4 əmioğlum şəhid olub. Kənd sakinləri qeyri-bərabər döyüşdə günortaya qədər müqavimət göstərə bildilər. Nəhayət, ermənilər bizim camaata kolxoz idarə heyətinin inzibati binasına yığılaraq burdan salamat çıxacaqlarına vəd verdilər. Lakin ora yığılan kimi sakinləri Kamaz markalı maşınlara mindirərərək Xankəndiyə apardılar. Kənddən 2 km aralandıqdan sonra Bəylik bağı adlanan ərazidə maşınları saxladılar. Ermənilər dedilər ki, vaxtı ilə sizin öldürdüyünüz döyüşçülərin qisasını almaq üçün 10 nəfər düşsün, onları güllələyəcəyik.”
Şahidlərin bildirdiyinə görə, erməni cəlladları həmin vaxt 35-dən çox kənd sakinini güllələyiblər. Onlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar.
2023-cü ildə keçirilən antirerror əməliyyatından sonra Xocavənd, o cümlədən Bəylik bağı istiqaməti Azərbaycanın tam nəzarətinə keçdi. Ötən il ərazidə aparılan axtarışlarla 7 nəfərin şəxsiyyəti dəqiqləşdirildi və nəşləri yenidən öz kəndlərində - Qaradağlıda dəfn edildi. Onlardan biri də Mürvətin qardaşı - polis əməkdaşı Qərib Mustafayev idi. Mürvət Mustafayevin oğlu Cavidan şəhid əmisi və qazi atasının yolunu davam etdirib və 44 günlük Vətən müharibəsində Şuşaya qədər zəfər yolu keçib. Mustafayevlər ailəsinin indi ən böyük arzusu tezliklə öz yurdlarına qayıtmaqdır.
Xocavəndin Qaradağlı kəndində erməni daşnaklarının həyata keçirdikləri soyqrımı zamanı 118 nəfər soydaşımız əsir götürülüb, onların 50 nəfəri böyük çətinliklərlə azad edilib.
Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5-i qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Qaradağlı soyqrımında Novruz Kazımovun 2 qardaşı şəhid olub.
“Atam girov düşdmüşdü. 45 sutkadan sonra almışdıq. Atamın dediklərinə görə, orada eləsi oldu ki, başını kəsib diri-diri yandırıblar. Əsirlikdə olanlara dəhşətli işgəncələr veriblər”.
Qaradağlı kəndi işğal olunanda Aslan Quliyevin 9 yaşı olsa da, hadisələr onun yaddaşında silinməz izlər buraxıb.
“Faciədən bir müddət əvvəl məcburən kənd ağsaqqallarının məsləhəti ilə uşaq və qadınlar kəndi tərk etdilər. Və o zaman mən də kəndi tərk edənlər arasında idim. Amma o vaxta qədər çox faciələrin şahidi oldum. Fermada 6 nəfərin yandırılması, avtobusda 8 nəfərin güllələnməsi. Bunlar mənim uşaqlıq hafizəmdə dərin izlər buraxıb. Son döyüş 1992-ci ilin fevral ayının 17-də baş verdi. Ondan iki gün öncə 15-i və 16-sı tarixlərdə ermənilər hücum etsələr də, müqavimətlə rastlaşmışdılar”.
Havadarlarından və Qaradağlı faicəsindən sonra etdikləri vəhşiliklərdən güc alan erməni terrorçuları 10 gün keçmədən Xocalı soyqrımını törədirlər.
Biz heç vaxt Qaradağlı və Xocalı soyqrımlarını unutmayacağıq!
Şöhrət EYVAZOV