Advertisment

Aprel döyüşləri - Böyük qələbəmizə aparan yolun başlanğıcı

Aprelin 1-i Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümü oldu.
Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 9 il ötür.
Tarixi qələbəmizə qısa ekskurs edən Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun (ARBƏDF) prezidenti, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Sərraf Orucov Aprel döyüşlərinin Qarabağda Böyük Qələbəmizə aparan şanlı zəfər yolunun başlanğıcı olduğunu deyir. O, qeyd edib ki, 2016-cı il aprelin 1-dən 4-nə qədər, Ermənistan silahlı qüvvələri sərhədyanı kəndlərimizi, qoşunların təmas xəttindəki yaşayış məntəqələrimizi atəşə tutub. Azərbaycan Ordusunun cəsur və qəhrəman oğulları düşmənin hücumunun qarşısını alıb, əks hücuma keçərək işğalçı ordunu geri oturtmaqla bərabər, xeyli ərazilərimizi işğaldan azad edib. Bunlar Tərtər rayonunun Selsulan, Qazaxlı kəndləri, Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə strateji yüksəkliyi və Cocuq Mərcanlı kəndidir:

“2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlarının qarşısı qətiyyətlə alındı, Lələtəpə, Bayraqtəpə kimi olduqca əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, 2 min hektarlarla ərazi düşməndən təmizlənərək işğaldan azad edildi. 320 erməni silahlısı məhv edildi. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi.
Qəhrəmanlarımız və həmin həlledici günlərdə ayağa qalxaraq Ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu da məhz Aprel döyüşlərinin qəhrəmanları darmadağın etdilər. Bu gün yalnız şəhid ailələri deyil, bütün xalqımız Aprel və Vətən müharibəsinin şəhidləri ilə qürur duyur. Bu gün hər birimizin qəlbi yüksək iftixar hissi ilə doludur. Bu il şanlı Aprel döyüşlərindən 9 il ötür. O döyüşlərdə Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha sübut etdi”.

Sərraf Orucov ermənilərin Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin qorxmazlığından, şücaətindən qorxuya düşdüklərini deyir. Ermənistan və onlara havadarlıq edən bədnam dövlətlərin 2016-cı ilin aprelində və 2020-ci il 44 günlük Vətən müharibəsində aldığı bu kəsərli zərbəni heç vaxt unutmayacaqlarına əminliyini bildirir:

“Aprel döyüşləri Azərbaycanımızın bugünkü Zəfərinin ilk qaranquşları oldu.
Məhz aprel döyüşlərində Azərbaycan əsgəri sübut etdi ki, nəyin bahasına olursa olsun işğal altında olan torpaqlarımızı yadelli düşmənlərdən azad edəcək.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və şəhidlərimizin qəhrəmanlığı, qanları bahasına işğal olunmuş torpaqlarımız erməni işğalçılarından azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Vətən Müharibəsində Ermənistan ordusunun çox sayda döyüş texnikaları ilk günlərdə Xocəvənd, Füzuli, Hadrut, Ağdam, Zəngilan, Cəbrayıl və Qubadlı ərazilərinə gətirilərək qənimət kimi ələ keçirildi. Əsas döyüş texnikaları, sursatları və əsgəri qüvvələri məhv edildi.  

Aprel və 44 günlük Vətən müharibəsinin döyüşləri bir daha əminliklə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir və Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç bir zaman imkan verməyəcəkdir”.
Sərraf Orucov  deyir ki, həmin günlər xalq ordusuna inanır, ona güvənir, ordu da xalqa arxalanırdı. Əldə olunan möhtəşəm qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi “qalib” rəyin puç olduğunu da təsdiqlədi. İgid oğullarımız qanı, canı bahasına, bütün varlığı ilə doğma Vətənə olan tükənməz sevgisini ortaya qoyaraq sarsılmaz döyüş ruhunu həm düşmənlərimizə, həm də onların havadarlarına nümayiş etdirdi:

“Xalqımız 30 il ərzində bu qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Uzun illər boyu davam edən danışıqlardan heç bir nəticə alınmayacağını görən xalqımız ərazi bütövlüyünü, tarixi ədaləti döyüş meydanında vətənpərvər oğulların sayəsində təmin etdi. Bununla da dünyaya nələrə qadir olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun qalibiyyət və şərəf tarixi kimi öz yerini aldı. Qazanılan şanlı qələbə ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub. Prezident İlham Əliyev ordu quruculuğuna müstəsna diqqət göstərib. Ölkəmizdə dövlət başçısının rəhbərliyilə güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatı yüksək səviyyəyə çatdırılaraq sonda müsbət bəhrəsini verib”.

ARBƏDF-nun prezidentinin sözlərinə görə, bundan sonra şəhidlərimizin qanları bahasına əldə etdiyimiz Azərbaycan dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq Azərbaycan Ordusu ilə yanaşı, milli mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının müqəddəs vəzifə borcudur:

“Buna görə də ARBƏDF-nun üzvləri yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları istiqamətində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətənin müdafiəsinə hazıram!” devizi altında gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılmış tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm verilməsində yaxından iştirak edir.
Məqsədimiz yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltməkdir. Belə görüşlərdə Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin əhəmiyyəti barədə də söz açmağı özümüzə mənəvi borc bilirik.
Bu gün biz Aprel döyüşlərini Qarabağda böyük qələbəmizə aparan şanlı və müqəddəs yolun başlanğıcı hesab edirik.
Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nöqteyi- nəzərdən, həm də bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolun yolçularıdırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunub və olunacaqlar. Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var, şəhidlərimiz də qəlblərimizdə yaşayır və yaşayacaqlar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir. Onların xatirəsi hər zaman bizim üçün əzizdir. Onlar heç bir zaman unudulmaz”.

Mikayıl HƏSƏNLİ