Bəzi hisslərin, xatirələrin sözlərlə ifadəsi olmur...titrəyən səs, qürurla baxan gözlər, məğrur təbəssüm bütün hisslərin güzgüsünə, sözlərin səsinə çevrilir...
Sevgilərin ən alisi, ən ucası hətta ən müqəddəsidir vətən sevgisi. Məhz o sevgidə ana laylası ilə vətən səsi müqəddəsləşir. O sevgidə insan duyur fəda etməyi, yarım qalmağı, canından keçməyi... Və hər insan bu sevgini bütün qəlbi, ruhu, varlığı ilə hiss edə bilmir.
Vətən yaralı olanda onu sevmək, qorumaq, hətta bütövlüyü üçün mübarizə aparmaq böyük fədakarlıq istəyir. Xoş gündə hər kəs hər kəsi sevə, yanında dayana bilər, bəs çətin günlər? Bəs keçilməli olan çətin yollar, dözülməli olan ağrılar, sağalmalı olan yaralarda necə? Məhz bu məqamda böyük qürurla, fəxarətlə dağ vüqarlı oğullardan bəhs etməliyik. Onlar, o qəhrəmanlar 30 il bütün gücü ilə savaşdı, ağrılara, acılara tab gətirdi və bizə bütöv, azad, suverən vətənimizi qaytardı. Həm də bütün sevdiklərini intizarda saxlayaraq...
Qürurla dinlədiyim “Zəfər ”ordenli qəhrəman da bax o igidlərdən biridir. Özü haqqında danışanda ilk sözü “mən əslən Qubadlıdanam, azad Qubadlıdan” deyən qəhrəman ömrünün 30 ilini azadlığı üçün mübarizə apardığı vətənə fəda edib. Qarabağ, Qubadlı döyüşləri, işğala məruz qalan el, yurd sanki onun bütün üz cizgilərində duyulur. Xatirələrdən bəhs edəndə səsinin, simasının titrəməsi isə həmin illərin ağrısını, acısını söyləyir. Amma vətən oğlu dik dayanmağı ilə bu günki qüdrətli vətəni də bizə xatırladır.
Dadaşov Haqverdi Xudaverdi oğlu 8 yanvar 1975-ci ildə Qubadlı şəhərində anadan olub. İlk təhsilini kənd məktəbində aldıqdan sonra, Azərbaycan İnşaat Mühəndislər İnstitutunun hazırlıq şöbəsinə daxil olub. 1993-cü ilin aprel ayında vətən oğlu təhsilini yarım qoyur və könüllü olaraq hərbi xidmətə gedir. Qarabağın çətin günündə irəli addımlayan igid, təhsilini də sevdalısı olduğu vətəninə qurban verir.
1993-1994-cü illdərdə Haqverdi Dadaşov Ağdam döyüşlərində iştirak edir. O, qeyd edir ki, həmin müharibə zamanı heyətdə bir qanun var idi: Bütün zabitlərin, əsgərlərin üzərində bir ədəd mərmi olurdu. Əsir düşməmək üçün o mərmini özümüzə saxlıyırdıq. Həmin illərdə maddi -texniki bazanın, vahid, nizamlı ordunun olmaması təəssüflər olsun ki Qarabağımızın işğalına gətirib çıxarır.
Vətənin işğal altında olduğunu görən cəsur döyüşçü isə yolunu hərb sahəsindən salır. Qubadlıya yenidən qayıdacağıq, bu dəfə qalib kimi deyərək 1999-cu ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbində təhsil almağa başlayır.
Xidməti müddətində müxtəlif məxfi tapşırıqları uğurla icra edən vətən oğlu 2003-cü ildə “Hərbi xidmətlərə görə”, 2015-ci ildə “İgidliyə görə”, 2018 ci ildə isə “Vətən uğrunda” medalları ilə təltif edilir.
Haqverdi Dadaşov ilk böyük qələbəni isə Naxçıvan Əlahiddə Ümumqoşun orduda xidməti zamanı yaşayır. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun birləşmələri Şərur rayonunun Günnüt kəndini, habelə Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərini düşməndən azad edir. Məhz bu tapşırığı icra edən cəsur döyüşçülərdən biri də Haqverdi Dadaşov olur. O söyləyir ki, “Günnüt əməliyyatı Aprel döyüşlərindən sonra düşmənə ikinci ağır zərbəni vurdu. Bu əməliyyat o qədər səssiz və peşəkarlıqla aparıldı ki, ermənilər bir neçə gün ərazilərin azad edildiyini belə anlamadı. Daha sonra düşmən müxtəlif tipli silahlardan atəşlər açdı, cəhdlər etdi, lakin nəticə dəyişmədi. Biz o əməliyyata gedəndə bir söz deyirdik- mövzu vətəndirsə, insanın həyatı ikinci dərəcəlidir. Vaxt ölüm vaxtıdırsa, ölməliyik, təki Vətən azad edilsin”.
Həmin tarixdə düşmən bu zəfərin gələcəkdə hansı nəticələri gətirəcəyini bəlkə də tam anlamırdı. Amma Azərbaycan Ordusu bilirdi ki, azad edilən Günnüt Qarabağa yol açacaq. Məhz bu hakim yüksəkliklər növbəti zəfərlərə stimul olacaq.
Cənab polkovnik hissə-hissə ordunun uğurlarından bəhs etdikcə bir məqam diqqətimi çəkir. Onun səs tonu hər cümləsində daha da məğrurlaşır, üzündə böyük xoşbəxtlik duyulur. Xüsusən də 11 oktyabr 2020-ci il tarixindən danışanda sanki üzü aydınlanır, lap elə aydınlıq günlər yaşayan Qarabağımız kimi...
27 sentyabr 2020-ci il... Əminliklə qeyd edirik ki, bu gün Azərbaycan tarixinin ən şanlı, unudulmaz və xüsusi ehtiramla xatırlanan günüdür. Səhər saatlarında başlanan müharibə minlərlə oğulun arzusunu həyata keçirdi. Mütəmadi olaraq təlim və kurslarda iştirak edən ordumuz daha öz yurduna, elinə, evinə addımlayırdı. Əks hücum əməliyyatı başladıqdan az sonra Azərbaycan xalqı qələbə xəbərini eşitdi. Və o an bütün xalq olaraq anladıq ki, şanlı bayrağımızın Qarabağ səmasında bərq vurma zamanı çatıb.
Erməni ordusunun 30 ilə hazırlayıb, keçilməz dediyi Ohanyan səddi müharibənin ilk günü darmadağın edildi. Qorxusuz ordumuz canları bahasına səddi yardı. Həmin vaxt erməni ordusu belə vahimələndi, qaçınılmaz sonluqla sanki ilk o an qarşılaşdılar. Bunun ardınca kəndlərin, şəhərlərin, Murov kimi çətin yüksəkliyin azad edilməsi böyük zəfərin çox yaxında olacağından soraq verirdi. Addım-addım azad edilən hər yerdə bayrağımız dalğalanır, Azərbaycan Ordusu qüdrətini bütün dünyaya sübut edirdi.
11 oktyabr tarixində isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı heyəti Qarağaba yola düşdü. Haqverdi Dadaşov Qarabağa gedən ilk heyətdə yer alır. O qeyd edir ki: “Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Xüsusi Təyinatlı Qüvvələrin əməliyyat tabeliyinə verildi. Heyətimiz döyüşün əfsanələrindən olan Hikmət Mirzəyevə təqdim edildi. Döyüş müddətində Naxçıvan Xüsusi Təyinatlılari iki hissəyə bölündu və həmin vaxtda 1 əsas 2 taktiki komanda məntəqəsi halında irəlilədik. Bir qrupumuz Edilli, Axullu, Ağbulaq, xüsusən də Hadrut isqitamətində arama-taramada iştirak etdi. Digər qrupumuz isə Məngənatan yüksəkliyinin, Tuğ yolunun və Füzuli şəhərinin azad edilməsi üçün döyüşlərə qatıldı. Füzuli şəhəri azad edildikdən sonra xüsusi təyinatlılar yenidən tərtibləndi və növbəti tapşırığın icrasına başlanıldı”
17 oktyabr 2020-ci ildə Füzuli şəhəri azad edildi, Azərbaycan xalqı Füzulidən eşidilən məruzəni böyük sevinclə dinlədi. Füzulinin ardınca müxtəlif istiqamətlərdən zəfər sədası gəldi. Artıq hər kəs Azərbaycan Ordusunun Şuşadan gələcək səsini gözləyirdi.
Ömrünü, həyatını vətənə bağlayan zabit üçün azad edilən vətəni görmək, birbaşa döyüşlərdə iştirak etmək sonsuz qürurdur. Hələ də bu zəfər sənin yurdunu yenidən sənə qaytarırsa...
25 oktyabr tarixində Qubadlının azad olunması xəbərini alan Haqverdi Dadaşovun da sevinci hədsiz-hüdudsuz olur. Vətən oğlu söyləyir ki: “O hissləri izah etmək, anlatmaq mümkünsüzdür. Mən Qubadlıdan ayrılanda evimiz, xatirələrimiz hamısı yarım qaldı. Hətta Vətən müharibəsi başlayana kimi qəlbimdə Qubadlının yarasını daşıdım. Mən ordunun gücünü, qüdrətini ən yaxşı şəkildə bilən biriyəm. Gün gələndə vətənə qayıdacağımıza da əmin idim, amma vətən həsrəti elə ağırdır ki, onu danışmaq olmur. Qubadlının azadlığını eşidəndə, orda bayrağımızı görəndə bütün silah yoldaşlarımla bir daha qürur duydum. Mən indi azad Qubadlıdanam. 1993-cü ildə məğlub əsgər kimi ayrıldığım Qubadlıya, bu gün qalib ordunun qalib zabiti kimi qayıdıram”.
Qazanılan zəfər, azad edilən ərazilərimiz və bu uğurda əbədilik qazanan şəhidlər... Biz bu zəfəri, ilk növbədə, həyatını, arzularını, gələcəyini, vətənə qurban verən oğullara borcluyuq. Onlar yalnız döyüşçü deyildi, onlar həm də bir körpənin atası, bir xanımın yol yoldası, bir ananın oğlu, bir döyüşçünün silah yoldaşı idi... Müharibədə iştirak edənlərdən ən çox eşitdiyim söz ”Bizim orda qardaşlarımız şəhid oldu, silah yoldaşı doğma qardaşdan yaxın olur” ifadəsidir. Elə Haqverdi Dadaşovun da bu müharibədə qardaşı, dostu şəhidlik zirvəsinə ucalır. Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin şəhidlik xəbəri Haqverdi Dadaşovu dərindən sarsitsa da, onun missiyasını daha da artırır. O daha tək Qarabağın qisası üçün yox, həm də silah yoldaşının qisası üçün irəli addımlamalı, Anar Əliyevin ruhu şad olsun deyə müharibəyə davam etməliydi. Həm də Anar Əliyevin şəhid olduğu yüksəklik Şuşanın da açarı sayılırdı. Anar Əliyevin başladığı tapşırıq uğurla icra edilməliydi. Bu müqəddəs amalı isə şəhidin döyüş yoldaşları yerinə yetirəcəkdi!
4 noyabr 2020- ci il... İllərdir ordu ilə, cəsur döyüşçülər ilə bağlı material hazırlayan biri olaraq deyə bilərəm ki, tariximizin iki günü mənə görə tam ayrıdır. 26 fevral 1992-ci il və 4 noyabr 2020-ci il.. Bəli təqvimin bu iki günü xalqımızın qəlbində daim yaşayacaq. Mən deyərdim ki, Xocalı soyqırımının qisası alındığı gün də elə 4 noyabr tarixidir. Məhz o gün Azərbaycan Ordusu Şuşaya ilk addım atdı. Məhz o gün azan səsi Şuşanın dumanlı dağlarında səda verdi. Boynu bükük xarıbülbül məhz o gün yenidən can tapdı...
“Biz Şuşa əməliyyatına başlayanda hava çox dumanlı idi. Həmin vaxtda heç bir hava hücumundan istifadə etmək olmazdı. Yalnız və yalnız yaxın məsafədə döyüş aparmaq mümkün idi. Xüsusi təyinatlılar Şuşa ərazisində ən yaxşı şəkildə maskalandı. Bizim şüarımız var: görünmədən getmək, ölmədən geri dönmək. Biz məhz o şüarda deyildiyi kimi Şuşa əməliyyatını həyata keçirdik” - söyləyir vətən oğlu. Və yüz illərə yazılacaq Şuşa əməliyyatının bir neçə məqamını bizimlə paylaşır:
“Şuşa əməliyyatında düşmən bizim qarşımızda hazırlıqsız idi. Çünki hardan və nə vaxt hücum edəcəyimizi təxmin edə bilmirdi. Yalnız Azıx yaşayış məntəqəsində onlar anladı ki, biz Şuşaya doğru addımlayırıq. Həmin ərazidə mühim bir yüksəklik də vardı. O yüksəklik vasitəsi ilə düşmən həm Daşaltı yaşayış məntəqəsinə nəzarət edirdi, həm də bizə gələn təminat yollarını müşahidə edirdi. Həmin yüksəklik ən qısa vaxtda azad edildi. Və bundan sonra 4 noyabrda Laçın -Şusa yolu, 5 noyabrda isə Xankəndi-Şuşa yolu kəsildi. Verilən tapşırığa əsasən, əsas qüvvə Laçın -Şuşa istiqamətindən irəlilədi. Həmin ərazidə döyüş gedən zaman xüsusi təyinatlılar digər planı həya keçirdi”.
Müsahibənin bu qismində danışığını bir an saxlayır Haqverdi Dadaşov. Bütün üzünə yayılan bir təbəssümlə gülümsəyir. Təxmin edirəm ki, qəlbimizi riqqətə gətirəcək bir məqamı bölüşəcək:
“Xankəndi tərəfindən bizim digər bölmələr sızaraq Şuşa əməliyyatını həyata keçirdi. Onlar Şuşa həbsxanasına kimi gəlib çıxdılar. Amma düşmən hələ də bunu bilmirdi. Bilirsiniz bu nə deməkdir? Biz illərlə təlim keçdik, məxfiliklə bütün tapşırıqları icra etdik. Düşmən xüsusi təyinatlıların kölgəsindən belə daim çəkinib, qorxub. Amma xüsusi təyinatlının mümkünsüz sayılan yerdən gələ biləcəyini düşünməyib, bəlkə də düşünməkdən qorxub. Şuşa əməliyyatında isə Azərbaycan Ordusu mümkünsüzü mümkün etdi”.
Bilirdik ki, Şuşa Qarabağın açarıdır, bilirdik ki, Şuşa azad ediləndən sonra düşmənin son zərrə qalan gücü də bitəcək. Bildiyimiz kimi də oldu. Mübariz qəhrəmanlar sayəsində Şuşamız, Qarabağımız azad edildi.
Cənab polkovniklə olan söhbətimiz yekunlaşır, mənimsə diqqətimi yenidən “Zəfər” ordeni çəkir. Müsahibənin başlığında görəsən bu orden, medallar üçün nələri fəda ediblər deyə düşünürdüm. İndi isə qarşımda dayanan dağ vüqarlı qəhrəmana baxıb öz-özümə deyirəm: Onların bizə yaşatdığı qüruru, fəxarəti görəsən nə iləsə ölçmək mümkündür?
Məsumə ŞİRƏLİYEVA
Naxçıvan televiziyasının əməkdaşı