Advertisment

Əcnəbi diplomatlar Horadiz-Ağbənd avtomobil yolunda görülən işlərlə tanış olub

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometrdir. Hazırda 113,5-ci kilometrdə işlər aparılır.

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov diplomatik korpusu məlumatlandırarkən deyib.

O bildirib ki, yol birinci texniki dərəcəyə uyğun şəkildə inşa olunur: “Hərəkət hissəsinin eni 14–21 metr arasında dəyişir. Layihənin 78,5 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır, qalan 45 kilometrlik hissə isə 4 hərəkət zolağı ilə inşa edilib. Layihə çərçivəsində hərəkət istiqamətləri üzrə ümumilikdə 6 kilometr uzunluğunda 3 tunel tikilib. Tunellərin ümumi uzunluğu 12 kilometr təşkil edir və burada artıq son tamamlama işləri görülür. Tunellər gediş-gəliş üçün tam hazır vəziyyətdədir”.

İlham Süleymanov qeyd edib ki, layihənin 2026-cı ilin ilk yarısında tam yekunlaşdırılması planlaşdırılır: “Layihə boyu 24 körpü, 8 yol qovşağı və ümumi uzunluğu 1980 metr olan 44 ədəd altkeçid inşa olunub. Hazırda layihənin son 10 kilometrlik hissəsində qazma-dolma işləri yekunlaşmaq üzrədir. Layihənin gələn ilin ilk yarısında bizim tərəfimizdən tam şəkildə başa çatdırılması planlaşdırılır”.

İdarə rəisi avtomobil yolunun dəmir yolu xətti ilə paralel şəkildə olacağını da diqqətə çatdırıb.